PDF Oxu

Siyasət

  • 26

ORDUNUN GÜCÜ, XALQIN İNAMI

ORDUNUN GÜCÜ, XALQIN İNAMI

İlham Əliyev: "Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır"

Hər bir müstəqil dövlət mövcudluğunu, təhlükəsizliyini məhz Silahlı Qüvvələr vasitəsilə təmin edir. Bu gün müasir və güclü orduya sahib olan Azərbaycanda ordu quruculuğu 1993-cü ildən - Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilməyə başladı. Yalnız bundan sonra Azərbaycanda hərbi sahədə yeni mərhələ başlandı. Hələ sovet dövründə Azərbaycanda hərb sahəsinin inkişaf etdirilməsinə böyük əhəmiyyət verən Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra da bu məsələdə prinsipial mövqe nümayiş etdirdi. Hərbi təhsil sahəsində islahatların aparılması, bu sahədə beynəlxalq əlaqələrin qurulması və gücləndirilməsi sözügedən sahədəki yeniliklərin əsas tərkib hissəsi idi. Bundan başqa uzaqgörən siyasətçi Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda savadlı zabit kadr potensialı yetişib. Təcrübələri ilə Silahlı Qüvvələrin idarə edilməsinə, inkişafına öz töhfələrini verən bu hərbçilər Azərbaycan Ordusunun əsas hissəsini təşkil edir.

Regionun ən güclü silahlı qüvvələri

Ordu quruculuğu siyasəti bu gün Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında ordu quruculuğunun, xüsusilə vacib olduğunu bildirir: "Ordu quruculuğu bizim üçün daim prioritetdir və Xəzər sahilində ən böyük hərbi obyektlərdən biri bu il Azərbaycanda istifadəyə verilmiş və hərbi-dəniz qüvvələri bazası yaradılmışdır. Bütün digər lazımi tədbirlər görülür, hərbi şəhərciklər, bazalar tikilir, təmir olunur, əsgərlər və zabitlər üçün gözəl şərait yaradılır. Təbii ki, silah-sursat, maddi-texniki təminat daim diqqət mərkəzindədir. Ən müasir silah, texnika alınır və bu gün Azərbaycan Ordusu, dediyim kimi, dünya miqyasında güclü ordular sırasındadır".

Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində heç bir irəliləyişin olmadığını və işğalçı ölkənin böhran içində yaşadığını, Azərbaycanın gücləndiyini bildirib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində heç bir irəliləyiş yoxdur. Ermənistan, sadəcə olaraq danışıqlar prosesini boykot edir və çalışır ki, bu məsələni maksimum dərəcədə uzatsın. Ancaq məsələ uzandıqca, Ermənistan daha da çox tənəzzülə uğrayır".

Ölkə Prezidenti İlham Əliyev, həmçinin düşmənin ordumuzun güclənməsindən qorxuya düşdüyünü də bildirib: "Hazırda güclənən Azərbaycan Ordusu Ermənistan üçün böyük təhlükə mənbəyidir. Onu özləri də etiraf edirlər. Özləri də öz məğlubiyyətlərini etiraf edirlər. Çünki onların yüksək vəzifəli rəsmi şəxsləri dəfələrlə bəyan etmişlər ki, Ermənistan təhlükəsizliyini özü təmin edə bilmir. O ölkə ki, öz təhlükəsizliyini təmin edə bilmir, o ölkə müstəqil ölkə sayıla bilməz. Bu etiraf, əslində məğlubiyyətin etirafıdır. Bu etiraf acizliyin etirafıdır. Onlar bizim qarşımızda duruş gətirə bilmir, özləri bunu etiraf edir. Bu gün güclənən Azərbaycan Ordusu məsələnin həlli üçün ən birinci amildir. Hətta atəşkəs rejimi şəraitində bizim güclənən ordumuz erməniləri təşvişə salır".

Ölkə Prezidenti çıxışlarında bildirir ki, ədalətsizlik və ikili yanaşmanın mövcud olduğu, beynəlxalq hüququn pozulduğunu nəzərə alan Azərbaycan qərar və qətnamələri kağız üzərində qalan beynəlxalq təşkilatlara deyil, yalnız öz gücünə arxalanır: "Çünki işğalçı dövlətə heç bir təzyiq göstərməyən, işğala məruz qalan ölkəyə isə heç bir dəstək göstərilmədiyindən Azərbaycan dövləti real vəziyyəti düzgün təhlil edərək, yalnız iqtisadi və hərbi gücünə, xalqın iradəsi və istedadına arxalanır".

Beləliklə, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bundan sonra da ölkənin hərbi-sənaye potensialının güclənməsinə, ordunun qüdrətinin artmasına daha böyük dəstək veriləcək və daha böyük vəsait ayrılacaq: "Bizim iqtisadi gücümüz hərbi gücə çevrilibdir. Biz bundan sonra da öz hərbi imkanlarımızı artıracağıq, bundan sonra da danışıqlar masasında prinsipial mövqeyimizi gücləndirəcəyik. Bizim prinsipial mövqeyimizin əsas mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir, Azərbaycan Ordusudur, Azərbaycan əsgəridir. Mən əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər