PDF Oxu

Siyasət

  • 15

Azərbaycan müdafiə sənayesi inkişaf edir

Azərbaycan müdafiə sənayesi inkişaf edir

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə müdafiə sənayesinin yaradılmasında və inkişafında xidmətləri olan bir qrup şəxs fəxri adlara layiq görülüb

Bu gün Azərbaycanın dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında avanqard yerlərdən birini tutmasının əsasında müasir dövrün tələblərinə müvafiq olaraq uğurla reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında mühüm əhəmiyyət kəsb edən Azərbaycan dövlətinin hərbi-sənaye kompleksinin təməlinin qoyulması və inkişafı da Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovet dövründə Dahi Şəxsiyyət Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci Katibi vəzifəsində çalışdığı illərdə, ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi, hərbi-sənaye sahəsində də mühüm işlər görülmüşdür.

Müstəqilliyinin ilk illərində bütövlükdə tənəzzülə uğramış Azərbaycan Respublikasının iqtisadiyyatı, o cümlədən müdafiə sənayesi 1993-cü ildən sonra dirçəlməyə başladı. Belə ki, Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı vəziyyəti kökündən dəyişərək respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi.

Vətənin müdafiəsini təmin edən ordumuzun hərbi-texniki bazasının gücləndirilməsi məqsədilə 2003-cü ildə "Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Proqramı" təsdiq edildi. Bu Proqramda ölkəmizin hərb sahəsinin kənardan asılılığının azaldılması və ordumuzun yerli məhsullarla təminatı nəzərdə tutulurdu.

MİLLİ HƏRBİ-SƏNAYE KOMPLEKSİNDƏ BURAXILAN DÖYÜŞ TEXNİKASI XARİCİ BAZARLARA YOL TAPIB

Son illərdə hərtərəfli inkişafa nail olan ölkəmizdə digər sahələrlə yanaşı, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə davam etdirilən müdafiə sənayesi uğurla inkişaf edir. Azərbaycan Prezidentinin məlum Sərəncamı ilə 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyi ilk gündən etibarən qarşısına qoyulan əsas məqsədlərə çatmaq üçün mühüm işlər görüb. Nazirliyin tikinti və yenidənqurma işləri aparılan birlik və müəssisələrində 45 yeni istehsal sahəsi yaradılıb. Artıq tabeli müəssisələrdə istehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 900-ü örtüb. Bu gün ölkəmiz aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə bir çox xarici dövlətlərin müəssisələri ilə əməkdaşlıq edir. Ölkəmiz üçün qürurverici haldır ki, milli hərbi-sənaye kompleksində buraxılan müxtəlif növ döyüş texnikası qısa müddətdə xarici bazarlara yol tapıb. Son illərdə ölkəmizin hərbi-sənaye kompleksinə daxil olan müəssisələrdə buraxılan müxtəlif növ döyüş texnikası beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilir ki, bu da respublikamızda hazırlanan hərbi təyinatlı məhsulların geniş rəqabət imkanlarına malik olmasının təsdiqidir. Azərbaycan ilk dəfə beynəlxalq sərgilərdə 27 adda məhsulla təmsil olunmuşdu. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən "İDEX-2015" beynəlxalq müdafiə sərgisində isə respublikamız 180-dək müxtəlif növ döyüş texnikası ilə çıxış edib. Burada nümayiş etdirilən məmulatlardan "Yırtıcı", "Yalquzaq", "İstiqlal", "Mübariz" snayper tüfəngləri, "Şimşək-10" hücum pulemyotu, NATO standartlarına uyğun 5,56x45 çaplı avtomat silah, digər döyüş sursatları sərgidə təmsil olunan və qonaq qismində qatılan ölkələrin nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanıb. Bütün bunlar Azərbaycanın müdafiə sənayesinin bütün dünyada artan nüfuzunun, ölkəmizin hərbi potensialının daha bir təsdiqinə çevrildi. Prezident İlham Əliyev öz çıxışlarında daxildə istehsal olunan hərbi məhsulların keyfiyyətini yüksək qiymətləndirib: "Patronlar, silahlar, mərmilər, tapançalar, avtomatlar, pulemyotlar, minaatanlar, snayper tüfəngləri, zirehli texnika, pilotsuz təyyarələr - bütün bunlar Azərbaycanda istehsal olunur. Azərbaycanda istehsal olunan hərbi texnika yüksək səviyyədədir. Beynəlxalq sərgilərdə nümayiş etdirilən Azərbaycan hərbi texnikası dünya miqyasında da böyük qiymətə malikdir".

Silahlı Qüvvələrimizin təchizatında rolunu və əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirən Prezident İlham Əliyevin Sərəncamı ilə 17 dekabr MSN işçilərinin peşə bayramı qeyd olunur. Ötən gün isə müdafiə sənayesinin yaradılmasında və inkişafında xidmətləri olan bir qrup şəxsə fəxri adlar verilib.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə güclü və qüdrətli bir dövlətə çevrilib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər