"ABŞ Avropadakı müttəfiqləri ilə birgə Rusiyaya qarşı siyasi və iqtisadi kampaniyasını davam etdirəcək"
"Kerrinin Rusiyaya səfəri hər şeydən öncə ondan xəbər verir ki, ABŞ Rusiya ilə münasibətləri birdəfəlik kəsməkdə maraqlı deyil". Bu fikirləriSİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.Onun sözlərinə görə, ABŞ-la Rusiya arasında münasibətlərin ən gərgin vaxtlarında belə tərəflər arasında müəyyən səviyyədə dialoq mövcud olub: "Başqa cür mümkün də deyil. Çünki bu iki ölkə dünyanın nəhəngidirlər və qlobal vəziyyətin onlar arasında müzakirə olunması qaçılmazdır. Son dövrlər isə hesab edirəm ki, ABŞ-la Rusiya arasında müəyyən birbaşa müzakirələrin aparılması üçün ciddi əsaslar vardır. ABŞ-ı hazırda narahat edən bir sıra vacib məsələlər vardır ki, onların Rusiya ilə müzakirəsi vacibdir. Nəzərə almaq lazımdır ki, Kerrinin Rusiyaya səfəri Rusiya-Türkiyə münasibətlərində gərginliyin ciddi şəkildə artdığı bir məqama təsadüf edir. Düşünürəm ki, ABŞ Rusiya-Türkiyə münasibətlərinin korlanmasında maraqlı olsa da, gərginliyin hazırkı səviyyəyə çatmasını istəmir. Çünki, proseslərin idarəolunmaz şəkil alması ehtimalları kifayət qədər ciddi nəzərdən keçirilir. Bu baxımdan, Kerrinin səfərinin prioritetlərindən biri kimi, Rusiya ilə Türkiyə arasındakı gərginliyi yumşaltmağı qeyd etmək olar"."Bundan başqa Rusiyanın Suriyada ciddi fəallaşması da ABŞ-ı narahat edən məqamlardandır. Belə ki, Rusiyanın Suriyada öz mövqelərini möhkəmləndirməsi ABŞ-ın Yaxın Şərq strategiyasının fiaskosu olacaqdır. Rusiya dəfələrlə ABŞ-a terrorizmə qarşı birgə mübarizə aparılması təklifini etsə də, müsbət cavab almamışdır. ABŞ-ın istəyi ondan ibarət olmuşdur ki, Rusiya ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya qoşulsun. Təbii ki, bu da Rusiyanın sərbəst hərbi fəaliyyətini məhdudlaşdırardı. Bu səbəbdən Rusiya ABŞ-ın rəhbərliyi altında terrorizmə qarşı mübarizə koalisiyayasında qoşulmaqda maraqlı deyildir. Ola bilsin ki, tərəflər bu məsələdə müəyyən ortaq məxrəcə gəlməyə də cəhd etsinlər. Suriyanın gələcəyi ilə bağlı tərəflər arasında ciddi fikir ayrılıqları mövcuddur. Bu istiqamətdə mövqelərin uzlaşdırılması olduqca problemlidir. Lakin tərəflər müzakirələri davam etdirirlər. Həmçinin, Kerri Ukrayna ilə bağlı Rusiyanın mövqelərinə müəyyən formada təsir etməyə çalışması ehtimallarını da nəzərdən keçirmək olar. Amma ABŞ-la Rusiya arasında Ukrayna məsələsində hər hansı bir ortaq məxrəcə gəlmə ehtimalları sıfıra bərabərdir. Bütün bunlardan başqa, tərəflər arasında müzakirə obyekti rolunda, xüsusilə ABŞ üçün strateji əhəmiyyət kəsb edən digər məsələlər çıxış edirlər. Onu da qeyd edim ki, Kerrinin səfəri ABŞ-Rusiya münasibətlərindəki buzların əriməsi kimi qiymətləndirilməməlidir".
sia.az