"İqtidar yaxud müxalifətyönümlü olmasından asılı olmayaraq, hər bir jurnalist sərbəst şəkildə öz fikirlərini bildirərək ictimai rəyə təsir göstərə bilər". Bu fikri Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov Avropa İttifaqı və Avropa Şurasının birgə təşkilatçılığı ilə "İfadə azadlığı: Jurnalistlərin təhlükəsizliyi, gender bərabərliyi və Media" mövzusunda keçirilən dəyirmi masada deyib.
V.Səlimov bildirib ki, jurnalistlərin ifadə azadlığının təmin olunması ilə təhlükəsizliyinin qorunması bir-birilə bağlı məsələlərdir. Onun sözlərinə görə, demokratik cəmiyyətə sahib dövlətlərdə, o cümlədən Azərbaycanda bunlar öz həllini tapıb.
"Azərbaycan dövləti söz və mətbuat azadlığının təmin olunması sahəsində ardıcıl siyasət həyata keçirir. Siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının, o cümlədən də jurnalistlərin ifadə azadlığı dövlət tərəfindən təmin olunur. Dövlət orqanları tərəfindən onlara heç bir təzyiq olunmur. Cənab Prezident İlham Əliyev də çıxışlarında qeyd etdiyi kimi "KİV-in təhlükəsizliyinin təmin olunması demokratik cəmiyyətin əsas sütunlarından biridir"- deyə, V.Səlimov qeyd edib.
yap.org.az