"Helsinki Komissiyası ABŞ Konqresi ilə əlaqəsi olan, ancaq Konqresə aid olmayan bir qurumdur". Bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Parlametin bu gün keçirilən plenar iclasında deyib. O, Helsinki Komissiyasının sədri Kristofer Smitin Ermənistanın mövqeyini Konqresdə əks etdirmək, Azərbaycan-Amerika maraqlarına xələl gətirmək üçün reallıqdan kənar sənəd hazırlayaraq Konqresə təqdim etdiyini bildirib: "Bu, ermənipərəst, anti-Azərbaycan qüvvələrin növbəti hiyləgər cəhdidir. ABŞ Konqresinə ildə 4 min bunun kimi sənəd daxil olur. Onların içərisindən ABŞ-ın maraqlarına xidmət edən 120-130 sənəd qəbul edilir. Bu sənədin qəbul olunması ehtimalı sıfırdır".
Komitə sədri qeyd edib ki, Azərbaycanda insan haqları istiqamətində müntəzəm olaraq yüksək səviyyəli işlər aparılır və bu, bütün dünyanın gözü qarşsındadır: "Hər ilin sonunda ənənəvi olaraq əfv fərmanı olur. Erməni diasporası bunların qaşısını almaq üçün təkcə ABŞ-da deyil, başqa ölkələrdə də işlərə başlayıb".Millət vəkili qeyd edib ki, ABŞ Konqresinə təqdim olunmuş sərsəm sənəd Azərbaycana qarşı qərəzli olaraq konteksdən çıxarılmış ermənipərəst qüvvələrin fəaliyyəti ilə bağlıdır: "Onların istəyi odur ki, kəskin, düzgün olmayan reaksiya verək. Oqtay Əsədovun dediyi kimi, ABŞ-ın Azərbaycandakı səfirliyi bununla bağlı açıqlama verməlidir".
yap.org.az