PDF Oxu

Siyasət

  • 33

Milli Məclisdən ABŞ-ın Helsinki Komissiyasına etiraz!

Milli Məclisdən ABŞ-ın Helsinki Komissiyasına etiraz!

Spiker: "ABŞ-ın Azərbaycandakı Səfirliyinə deyin, açıqlama versinlər ki, bu, Amerikanın mövqeyidir, yoxsa ermənilərə işləyən deputatın fikridir"

Milli Məclisin dünən keçirilən iclasında ABŞ-nın Helsinki Komissiyasının Azərbaycanla bağlı hazırladığı qanun layihəsi ilə bağlı müzakirələr aparılıb. Deputat Sahib Alıyev Amerika Konqresində Helsinki Komissiyasının sədri Kristofer Smitin məlum qanun layihəsi haqqında danışaraq bildirib ki, Azərbaycanla Amerika arasında hərtərəfli əməkdaşlıq var və bu əməkdaşlıq, sadəcə iki dövlətin maraqlarına xidmət etmir: "Həm də regionda və region sərhədlərindən kənarda sabitliyin, təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Amerikada bəlli cevrələrin təsiri altında olanlar bu əlaqələrə xələl gətirirlər. Ermənipərəst konqresmenlər təcavüzə məruz qalanları təcavüzdə günahlandırırlar. Amerika müəyyən mənada demokratik dəyərlər daşıyıcısı Azərbaycan xalqının, siyasətçilərinin yaddaşında qalıb və bu addımlar, ilk növbədə Amerikanın maraqlarına yönəlib".

Milli Məclis sədri Oqtay Əsədov isə qeyd edib ki, adi bir təşkilatın verdiyi açıqlama şok kimi qarşılanmamalıdır: "Mənə yarım saat öncə ermənilər ən radikal diaspor rəhbərlərindən Aram Hambaryanın "Twitter" səhifəsində Kristofer Smitlə Amerika Konqresində çəkilən şəkli göstərilib. Şəklin altında qeyd edilir ki, onun işini dəstəkləmək üçün Amerika Konqresində görüşlər keçirir. Çox əfsuslar olsun ki, bir çox jurnalistlərimiz bu hadisəni şok hadisə kimi xarakterizə ediblər. Bunun nəyi şokdur? Bunu bu qədər şişirtmək, insanlar arasında yaymaq səhvdir. 100 faiz əminəm ki, bu layihə Konqresdən keçməyəcək. Bunun indiki vaxta salınması da təsadüfi deyil. Məlumdur ki, hər il bu vaxtlar əfv sərəncamı verilir. 31 dekabr ərəfəsində də əfv olacaq. Bizə təsir etməyə çalışırlar ki, guya, bunların təkidi ilə kimlərsə buraxılsın. Hesab edirəm ki, çox böyük diqqət verməməliyik. ABŞ-ın Azərbaycandakı səfirliyinə deyin, açıqlama versinlər ki, bu, Amerikanın mövqeyidir, yoxsa ermənilərə işləyən deputatın fikridir".

"Kris Smit belə bir qanun layihəsi ilə çıxış etməklə Azərbaycanı təxribata çəkmək istəyir"

Deputat Fəzail Ağamalı bildirib ki, həmin qanun layihəsinin mahiyyətindən belə aydın olur ki, Kris Smit erməni lobbisinin təsiri altında olan konqresmendir: "Belə bir qanun layihəsi Ermənistan haqqında verilməlidir. Çünki Ermənistanda insan haqları mütəmadi pozulur. Ermənistana bu gün rəhbərlik edən kriminal rejim nəinki Azərbaycan vətəndaşlarına qarşı soyqırımı aktının birbaşa iştirakçısı olub, eyni zamanda, öz ölkəsinin vətəndaşlarının da qəniminə çevrilib. Ermənistanda baş verən hadisələrə Smit və onun kimiləri səslərini qaldırmırlar".

Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov isə qeyd edib ki, Azərbaycanda hər ilin sonunda əfv fərmanı verilir: "Kris Smit belə bir qanun layihəsi ilə çıxış etməklə Azərbaycanı təxribata çəkmək istəyir. Ayın 16-da Kristofer Smit çıxışında dedi ki, bu gün Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycana araşdırıcı komissiya göndərmək barədə qərar qəbul edib və biz onunla əlbir işləməliyik. Bu, onu göstərir ki, bu qanun layihəsi də əvvəlcədən planlaşdırılıb. Layihə kontekstdən çıxarılmış Azərbaycana qarşı birgə təxribat əməlidir. Bizə qarşı təpkilər çox olacaq. Bizdən kəskin, düzgün olmayan reaksiyalar verməyimizi istəyirlər. Ancaq onu da bilmək lazımdır ki, bu, bir qrup adamın mövqeyidir".

Eldar İbrahimov: "Kristofer Smit erməni lobbisinin Konqresdə aparıcı adamlarından biridir və digər konqresmenləri də başına yığıb"

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov da mətbuat vasitəsilə ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyətinin sədri, Helsinki Komissiyasının rəhbəri, konqresmen Kristofer Smit tərəfindən təqdim olunan "Azərbaycan Demokratiya Aktı" layihəsi adlı sənədə münasibət bildirib. O, qeyd edib ki, Kristofer Smit Helsinki Komissiyanın sədridir və öz açıqlamalarında Helskini Yekun Aktına istinad etmir. "Helsinki Yekun Aktnda, ilk nöbvədə ölkələrin ərazi bütövlüyündən bəhs olunur. Kristofer Smit ATƏT Parlament Assamleyasında Amerika nümayəndə heyətinin rəhbəridir. Bəs ərazi bütövlüyündən niyə danışmır? Azərbaycan torpaqlarının 20 faizi 25 ilə yaxındır işğal olunub, o torpaqlardan qovulan qaçqın-köçkünlər insan deyil? Onların insan hüquqlarından niyə danışmır? Kristofer Smit Helsinki Komitəsinin sədridir və bunları bilməmiş deyil. Kristofer Smitin ATƏT Parlament Assambleyasının foyelərində ermənilərlə danışıqlarını görüb və onun ermənipərəst olması, belə bir mövqe ortaya qoyması təəccüb doğurmur. O, erməni lobbisininin təsirinə düşüb. Erməni lobbisinin Konqresdə aparıcı adamlarından biridir və digər konqresmenləri də başına yığıb Azərbaycana qarşı hər zaman qərəzli mövqe aparır. Təbii olaraq, hesab edirəm ki, Azərbaycanı Amerikada sevən konqresmenlər də var və onlar Kristofer Smitin qaldırdığı bu məsələyə qarşı öz fikirlərini bildirəcəklər. Ümid edirəm ki, Konqresdə bu məsələyə baxılanda, onun təklifləri keçməyəcək. Onun bu yanaşması yalnız qərəzdən xəbər verir".

"Belə bir vəziyyətin yaranması ABŞ-la Azərbaycan arasındakı münasibətləri gərginləşdirə bilər"

Milli Məclisin deputatı Fuad Muradov da mətbuata açıqlamasında deyib ki, belə bir vəziyyətin yaranması ABŞ-Azərbaycan münasibətlərini gərginləşdirə bilər: "Belə bir vəziyyətin yaranması iki ölkə arasında münasibətləri gərginləşdirə bilər və ümumən münasibətlərə xələl gətirər. İnanmıram ki, ABŞ münasibətlərin bu şəkil almasında maraqlı olsun. Belə bir halın yaranması beynəlxalq müstəvidə Qarabağla bağlı aparılan danışıqları, ümumilikdə isə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi prosesini ləngidə bilər. Azərbaycanın üzləşdiyi təcavüz beynəlxalq miqyas alıb. Bu mənada, düşünürəm ki, belə bir vəziyyət yaranarsa, beynəlxalq müstəvidə məsələnin həlli üçün işə salınan elementlər dona bilər. Bu gün Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. Azərbaycanın ərazi bütövlüyü pozulub. İyirmi faiz torpaqlarımız işğal altındadır. Bu məsələ ilə beynəlxalq müstəvidə ATƏT-in Minsk Qrupu məşğul olur. ABŞ isə ATƏT-in Minsk Qrupunun 3 üzvündən biridir. Ona görə də düşünürəm ki, bu, həm də birmənalı olaraq, ermənipərəst qüvvələrin fəallaşmasına səbəb ola bilər".

Samir

Digər xəbərlər