PDF Oxu

Siyasət

  • 27

Milli Məclisin növbəti plenar iclası keçirildi

Milli Məclisin növbəti plenar iclası keçirildi

İclasın gündəliyində 40 məsələ müzakirəyə təqdim edildi

Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasın gündəliyində 40 məsələ müzakirəyə təqdim edilmişdi.

Gündəlikdən əvvəl cari məsələlərə baxıldı.

ABŞ Helsinki Komissiyasının Konqresə təqdim etdiyi və Azərbaycanın yüksək rütbəli məmurlarına qarşı sanksiyaların tətbiq olunmasını nəzərdə tutan "Azərbaycan Demokratiya aktı" layihəsi əsas müzakirə obyekti oldu.

Oqtay Əsədov: "ABŞ Helsinki Komissiyasının sədri, konqresmen Kris Smitin vaxtı ilə Demokratlar Partiyasının üzvü olmaqla yanaşı, ermənipərəst mövqeyi ilə də seçilib"

Məsələyə münasibət bildirən Milli Məclisin spikeri Oqtay Əsədov ABŞ Helsinki Komissiyasının sədri, konqresmen Kris Smitin vaxtı ilə Demokratlar Partiyasının üzvü olmaqla yanaşı, ermənipərəst mövqeyi ilə də seçildiyini bildirdi: "Əfsuslar olsun ki, onun təqdim etdiyi qanun layihəsini bizim bəzi jurnalistlər şok hadisə kimi qiymətləndirdilər. Burada şok nə var?! O, adi bir deputatdır. Bunu bu qədər şişirtməyə gərək yoxdur. ABŞ Konqresində Azərbaycanın dostları da var. Əminəm ki, o qanun layihəsi qəbul edilməyəcək. Bu məsələnin indiki vaxtda müzakirə edilməsinin yalnız bir açıqlaması var. Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev mütəmadi olaraq, əfv Sərəncamı imzalayır. Bəzi insanların cəzaları azaldılır. Bu yaxınlarda, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində də əfv Sərəncamının imzalanması gözlənilir. Onların məqsədi odur ki, Sərəncam imzalandıqdan sonra desinlər ki, guya biz bu məsələyə təsir edə bildik. Ona görə də bu məsələlərə böyük diqqət göstərməməliyik. Amma biz onların niyyətləri ilə iş görmürük. Təklif edirik ki, məsələ ilə bağlı jurnalistlər Amerika səfirliyinə müraciət etsinlər, qoy açıqlama verilsin ki, görək, bu bəyanat Amerika dövlətinin mövqeyidir, yoxsa hansısa adi bir ermənipərəst deputatın?"

Səməd Seyidov: "Kris Smit hazırladığı anti-Azərbaycan layihəsi vasitəsilə böyük təxribatların yaranması üçün əlindən gələni edir"

Sonra Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov mövzu ilə bağlı daha əhatəli çıxış etdi. Qeyd etdi ki, Helsinki Komissiyası ABŞ Konqresinə aid olmayan, lakin əlaqəsi olan bir qurumdur. Ona görə də Azərbaycanla bağlı belə bir layihənin təqdim olunması Konqresin mövqeyi deyil, bu, erməni lobbisinin təsiri və pulu nəticəsində ortaya qoyulan bir münasibətdir: "Amma bu kimi hallar ABŞ-ın özünə mənfi təsir göstərir. Helsinki Komissiyası ABŞ-ın ATƏT-lə əməkdaşlıq etməsi üçün yaranmış qurumdur. Kris Smit hazırladığı anti-Azərbaycan layihəsi vasitəsilə böyük təxribatların yaranması üçün əlindən gələni edir. Hesab edirəm ki, bu layihə kontekstdən çıxarılmış Azərbaycana qarşı məhz birgə təxribat əməlidir. Bizə qarşı təpkilər çox olacaq. Bizdən kəskin, düzgün olmayan reaksiyalar verməyimizi istəyirlər". S.Seyidov onu vurğuladı ki, Avropa Şurası Parlament Assambleyasının yanvarda keçiriləcək qış sessiyasında Dağlıq Qarabağ və erməni işğalında olan digər ərazilərlə bağlı bir neçə sənəd müzakirə olunacaq. Bütün bunlar Azərbaycan nümayəndə heyətinin gördüyü işlər nəticəsində mümkün olub. Azərbaycan bu gün regionda sülh siyasətini əsas götürən önəmli dövlətlərdən biridir.

Deputatlardan Sahib Alıyev, Fəzail Ağamalı, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc və Elmira Axundova da məsələyə münasibət bildirdilər. Vurğuladılar ki, sözügedən layihə ABŞ-ın mövqeyi ola bilməz. Bu, bir qrup ermənipərəstin ortaya atdığı növbəti araqarışdırma planıdır.

Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanıldı. Əvvəlcə "Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq haqqında birgə Bəyannamənin təsdiq edilməsi" barədə qanunun layihəsi haqqında məlumat verildi.

Milli Məclis bir sıra beynəlxalq sənədləri də təsdiqlədi

Milli Məclisin plenar iclasında Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sənədlər də təsdiq olundu. Bunlar Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq haqqında birgə Bəyannamə, "Azərbaycan Respublikasının hökuməti ilə Vyetnam Sosialist Respublikasının hökuməti arasında hava əlaqəsi haqqında", "Azərbaycan Respublikasının hökuməti ilə Vyetnam Sosialist Respublikasının hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında", "Azərbaycan Respublikasının hökuməti ilə San Marino Respublikasının hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında", "Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında turizm sahəsində əməkdaşlığa dair" sazişlərdir.

Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiq olundu.

Ziyafət Əsgərov: "Məqsəd hərbçilərin dəfn mərasimlərinin təşkili və keçirilməsinin prosedur qaydalarının təkmilləşdirilməsidir"

Milli Məclis sədrinin birinci müavini, Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri Ziyafət Əsgərov isə "Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə məlumat verdi. Bildirdi ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında Prezident İlham Əliyev tərəfindən parlamentə göndərilib: "Məqsəd hərbçilərin dəfn mərasimlərinin təşkili və keçirilməsinin prosedur qaydalarının təkmilləşdirilməsidir. 1994-cü ildə qəbul edilən nizamnamənin 18-ci fəsli yeni redaksiyada verilib. Burada bildirilir ki, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış 20 il və daha çox xidmət etmiş ali və baş zabitlərin, "Şöhrət" ordeni və "Şah İsmayıl" ali hərbi ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmış və qanunlarda nəzərdə tutulmuş digər şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilir. Ehtiramın göstərilməsi zamanı hərbçilərin tabutu Azərbaycanın Dövlət Bayrağı ilə örtüləcək. Dəfn mərasiminə dəvət olunmuş müxtəlif dövlət orqanları və QHT nümayəndələrindən ibarət fəxri qaravul düzülə bilər. Habelə, şəhid adını almış hərbi qulluqçuların xatirəsinə ehtiram əlaməti olaraq hərbi hissələrdə xüsusi guşə yaradılacaq və onlar haqqında məlumat veriləcək".

Bundan başqa, nizamnaməyə dəfn mərasimlərinin təşkili və qaydaları adlı 16 saylı əlavə daxil edilib. Əlavədə vəfat etmiş hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər barədə məlumatlandırma, onların əşyaları, cənazənin dəfn yerinə gətirilməsi, dəfn mərasiminin keçirilməsi və digər məsələlər öz əksini tapdı.

Siyavuş Novruzov: "Hərbi qulluqçuların eyni dəfn qaydası müəyyənləşdirilməlidir"

"Azərbaycanda dünyasını dəyişmiş hərbçilərin ehtiramla dəfn olunması prosesinə ciddi şəkildə əməl olunur. Bu prosesin qanunvericiliklə təsbit olunması hərbçilərimizə bir daha böyük ehtiramın göstərilməsinindən irəli gəlir". Bu sözləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov parlamentin keçirilən plenar iclasında bildirdi. O, vurğuladı ki, rütbəsi və ya xidmət müddətinə görə, hərbçilərin dəfn prosesinin fərqlənməsi düzgün deyil: "Göstərilir ki, əsgərin dəfn prosesində manqa, zabitdə isə tağım olmalıdır. Olmaz ki, onları bir-birindən ayırmayaq və ümumi bir qərar qəbul edək? Bütün hərbçilərin dəfn prosesini eyni hazırlanmış qrup həyata keçirsin. Qanun layihəsində göstərirlir ki, hərbi qulluqçuların xidməti nəzərə alınmalıdır. Xidmətin müxtəlif formaları var. Ola bilər ki, hərbi qulluqçu 5 il ön cəbhədə döyüşsün və sonra yeri dəyişdirilərək arxa cəhədə xidmət edərkən dünyasını dəyişsin. Hesab edirəm fərq qoyulmamalıdır. Elə ola bilər ki, hərbçi qərargahda xidmət etsin. Belə çıxır ki, dünyasını dəyişmiş hərbçilərin bir hissəsini ehtiramla, bir hissəsini isə adi qaydada dəfn etmələyik. Düşünürəm ki, bunların hamısı birləşdirilib, ümumilikdə hərbi qulluqçuların eyni dəfn qaydası müəyyənləşdirilməlidir". Millət vəkili onu da dedi ki, İctimai Birliklər və Dini Qurumlar Komitəsində məzarlıqların idarə olunması ilə bağlı yeni qanun layihəsi hazırlanır: "Yeni qanun layihəsində məzarlıqların idarə olunması, dəfn qaydaları, yerlərin ayrılması və s. müəyyənləşdirilir. Nəzərdə tutmuşuq ki, qaydalar dünyasını dəyişmiş hərbi qulluqçular və Fəxri Xiyabanda dəfn olunmalı insanlara aid edilməsin. Ümumi bir bərarbərlik müəyyənləşdirmişik. Kimliyindən asılı olmayaraq, hər kəs eyni qaydada dəfn olunmalı, məzarların ölçüsü eyni standarta uyğun olmalıdır".

Qanunun müzakirəsində deputatlardan Əli Hüseynli və Aqil Abbas öz fikir və təkliflərini səsləndirdilər. Qeyd olundu ki, sözügedən düzəlişlər hərbi islahatların tərkib hissələrindən biridir və hərbçilərimizə göstəriləcək böyük ehtiramı nümayiş etdirəcək.

Qanun layihəsinə millət vəkilləri səs verərək qəbul edildi.

Sonra Z.Əsgərov qeyd etdi ki, "Dəniz limanları haqqında" qanunun qəbul edilməsi ilə əlaqədar olaraq bir neçə qanuna əlavə və düzəlişlər olunub. Bunlar "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi barədə", " Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə "Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsi"ndə dəyişikliklər edilməsi barədə, "Sərhəd qoşunları haqqında" qanunda dəyişiklik edilməsi barədə, "Notariat haqqında" qanunda dəyişikliklər edilməsi barədə, "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" qanununda dəyişiklik edilməsi barədə, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" qanunda dəyişikliklər edilməsi barədə, "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 337-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunda dəyişikliklər edilməsi barədə və "Təbii inhisarlar haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunun layihələridir.

Bu layihələrin hər biri ayrılıqda səsə qoyularaq qəbul edildi.

Gündəlikdə olan digər məsələlərə - "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" qanunda dəyişiklik edilməsi barədə, "Xidməti və mülki silah haqqında" qanunda dəyişikliklər edilməsi barədə, "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi barədə, "Yerin təki haqqında" qanunda dəyişikliklər edilməsi barədə və "Bələdiyyələrin su təsərrüfatı haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə də redaktə xarakterli düzəlişlər edildi.

Bu layihələr də ayrılıqda səsə qoyularaq təsdiq edildi.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər