"Heç kimdə belə illüziya yaranmamalıdır ki, lazımi vəkillər vasitəsilə işini Avropa instansiyalarına daşımaqla cəzadan yayınmaq mümkün olacaq"
Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdən, xüsusən də Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən etibarən universal dəyərlərə sadiqliyini bəyan etmiş, insan hüquqları, söz və mətbuat azadlıqlarının, gender bərabərliyinin, mədəni sərvətlərin qorunması, yuvenial ədliyyənin tətbiqi və s. sahələrdə mövcud olan beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuş, bəzən bu və ya digər beynəlxalq təşəbbüsün müəllifi kimi çıxış etmişdir. Eyni zamanda, milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması üçün müvafiq Qərb təsisatları ilə əməkdaşlıq edilmiş, bir sıra milli hüquqi aktlar məhz belə əməkdaşlıq və müzakirələrin nəticəsində qəbul edilmişdir.
Bu addımlar ona görə zəruri idi ki, sovet dövründən qalma hüquqi aktlar yeni dövrün reallıqlarına uyğunlaşdırılsın, insan azadlıqlarının təmini istiqamətində lazımı milli qanunvericilik bazası yaradılsın. Lakin beynəlxalq institutlarla, xüsusən Qərb təsisatları ilə, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əməkdaşlıq üçün yeni şərtlər irəli sürmək, bu və ya digər güzəştlərə məcbur etmək, yerli məhkəmə-hüquq sisteminin məhv edilməsi, cəzasızlıq mühitinin formalaşdırlması ilə nəticələnməməlidir. Heç kimdə belə illüziya yaranmamalıdır ki, lazımi vəkillər vasitəsilə işini Avropa instansiyalarına daşımaqla cəzadan yayınmaq mümkün olacaq.
Rusiya qanunvericiliyinə görə, beynəlxalq konvensiyaların şərtləri, qoşulmuş olduqları Qərb təsisatlarının aktları yalnız milli qanunvericiliyə zidd olmadıqda tətbiq edilə bilər. Avropa Məhkəməsinin hökmü də yerli məhkəmələr üzərində üstünlüyə malik deyil. Eyni hal Almaniya və Böyük Britaniya praktikasında da var. Bu ölkələr son illər ərzində Avropa Məhkəməsinin heç bir hökmünü icraata yönlətməmişlər. Nəinki böyük dövlətlər, hətta Ermənistan kimi kiçik ölkə belə Avropa Məhkəməsinin qərarlarını icraata qəbul etmir. Buna nümunə kimi Avropa Məhkəməsinin Böyük Palatasının "Çıraqov və başqaları Ermənistana qarşı" şikayət ərizəsi üzrə çıxardığı qərara münasibəti göstərmək olar. Hüquqşünaslar mövcud durumu milli qanunvericiliyə, yerli məhkəmə- hüquq sisteminə təhdid kimi dəyərləndirirlər. Hesab edilir ki, Azərbaycan da Avropa ölkələri və Rusiya kimi davranaraq öz məhkəmələrinin qəbul etdiyi qərarların tətbiqinə üstünlük verməli, ölkədə Avropa məhkəmələri vasitəsilə hüquqi xaos, cəzasızlıq mühitinin yaradılmasının qarşısı alınmalıdır.
Heç şübhəsiz ki, Azərbaycan beynəlxalq hüquqa, qoşulduğu Qərb təsisatlarının fəaliyyətinə daim hörmətlə yanaşmışdır. Lakin bu, o demək deyil ki, Qərb təsisatları bu amildən istifadə edərək Azərbaycana qarşı ədalətsiz, qeyri-obyektiv mövqe tutsunlar. Sual olunur, Avropa Məhkəməsinin Avropa dövlətlərində baş vermiş hər hansı bir hadisə ilə bağlı qəbul etdiyi qərarlar icra olunubmu? Təbii ki, xeyr! Digər tərəfdən, məişət problemlərini "ümumxalq" problemi kimi qabardıb Avropa Məhkəməsinə müraciət edənlər də başa düşməlidirlər ki, Avropa Məhkəməsinin hökmü yerli məhkəmələr üzərində üstünlüyə malik deyil.
Samir