"Bu bir həqiqətdir ki, Ermənistan forpost dövlətdir və heç vaxt müstəqil siyasəti olmayıb. Serj Sarkisyanın 3 il müddətində assosiativ sazişlə bağlı Avropa İttifaqı ilə danışıqlar aparması, razılaşma əldə etdiyi təqdirdə bir gecədə geri çəkilməsi bunu bir daha sübut edir". Bu fikirləriSİA-ya millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirli Azərbaycan və Ermənistan prezidentlərinin Bern görüşündən sonra Ermənistan prezidentinin Rusiyaya səfərinin pərdəarxası məqamlarını şərh edərkən deyib.Millət vəkili qeyd edib ki, Ermənistanın 2013-cü ilin sentyabr ayının 3-də qərarına əsasən assosiativ sazişdən imtinası Ermənistanın Kremlin diktəsi altında fəaliyyət göstərdiyinin bariz nümunəsi idi: "Ona belə əmr gəlmişdi, o da əmrə tabe oldu. Bunlar bir daha onu göstərir ki, Ermənistan Rusiyadan tamamilə asılı vəziyyətdədir. Sarkisyanın Berndən sonra Rusiyaya səfər etməsi aydın məsələdir ki, danışıqların nəticələri haqqında hesabat xarakterlidir. Ermənistan Rusiya ilə məsləhətləşməlidir axı, bundan sonra hansı addımları atsın. Onun bundan başqa yolu yoxdur. Çünki bütün addımları məhz Rusiya ilə razılaşdırandan sonra atmalı olur. Müstəqil addım atmaq potensialına malik deyil. Hesab edirəm ki, Sarkisyanın Rusiyaya səfəri daha çox ATƏT-in Minsk qrupunun həmsədrləri ilə aparılan danışıqlarla bağlıdır. Təbii ki, digər məsələlər də müzakirə olunacaq".
sia.az