PDF Oxu

Siyasət

  • 14

Əfqanıstan Azərbaycan ilə tərəfdaşlığa böyük önəm verir

Əfqanıstan Azərbaycan ilə tərəfdaşlığa böyük önəm verir

Prezident İlham Əliyev: "Biz beynəlxalq təşkilatlarda çox fəal siyasi dialoq aparırıq"

Dekabrın 22-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Prezident Məhəmməd Əşrəf Qaninin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini qarşıladı. Əfqanıstan İslam Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi. Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Məhəmməd Əşrəf Qaniyə, Əfqanıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Prezidentlər rəsmi foto çəkdirdilər.

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək görüşü olub. Görüşdə ikitərəfli münasibətlərin siyasi sahədə uğurla inkişaf etdiyi bildirildi. İqtisadi əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğu vurğulandı. Əlaqələrimizin möhkəmləndirilməsi baxımından bu səfərin əhəmiyyəti qeyd olundu. Söhbət zamanı ikitərəfli və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə geniş tərkibdə görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək bildirib ki, bizim ölkələrimiz dost ölkələrdir. Bu dostluq tarixə və ölkələrimizin bugünkü birgə maraqlarına əsaslanır:

"Biz beynəlxalq təşkilatlarda çox fəal siyasi dialoq aparırıq, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında sıx əməkdaşlıq edirik. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı dəstəyə görə Sizin ölkənizə çox minnətdarıq. Siz bizi BMT Baş Assambleyasındakı səsvermədə dəstəklədiniz. Siz bizi Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizəd olanda dəstəklədiniz. Biz buna görə çox minnətdarıq. Eyni zamanda, biz də bütün təşəbbüslərdə, bütün beynəlxalq təşkilatlarda Əfqanıstanı dəstəkləyirik. Biz belə mükəmməl siyasi əlaqələrə malik olaraq iqtisadi məsələlərə diqqəti cəmləşdirməliyik. Biz dövriyyəni artırmaq və investisiya layihələri paketi üçün çox yaxşı imkanların mövcud olduğunu müzakirə etdik. Azərbaycanın həm dövlət, həm də özəl şirkətləri Sizin ölkənizə investisiya yatırmağa və əməkdaşlığımızın bu iqtisadi komponentini gücləndirməyə hazırdırlar.

Bu gün biz, həmçinin kommunikasiya ilə bağlı məsələləri, dəmir yolu əlaqələrini müzakirə etdik. Mən Sizə məlumat verdim ki, biz İpək Yolunun çatışmayan hissəsini - Azərbaycan ilə Gürcüstan və Türkiyə arasında dəmir yolu əlaqəsini tamamlayırıq. Ümidvaram ki, biz gələn il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını edəcəyik. Lakin biz artıq Çindən ilk konteyner qatarlarını Azərbaycanda və Azərbaycan ərazisindən keçməsi üçün qəbul etmişik. Biz artıq marşrutu sınaqdan keçiririk. Əlbəttə ki, biz nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsini istəyirik. Həmçinin enerji resursları sahəsində yaxşı imkanlar var. Beləliklə, biz bütün sahələrdə əməkdaşlığımızı genişləndirmək istəyirik. Müzakirə etdiyimiz kimi, Azərbaycan Qətiyyətli Dəstək Missiyasının üzvüdür və biz Sizin ölkənizdə sülh və inkişafa töhfə verməyə çalışırıq. Mən Sizi və hökumətinizi Əfqanıstanın dəyişikliklərlə əlaqədar əldə olunan nailiyyətləri münasibətilə təbrik etmək istəyirəm."

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani çıxış edərək diqqətə çatdırıb ki, Azərbaycanın bütün beynəlxalq təşkilatlarda ölkəsinə verdiyi dəstək təqdirəlayiqdir: "Cənab Prezident, ilk növbədə, icazə verin, Sizi doğum gününüz münasibətilə təbrik edim. İkincisi, Əfqanıstan xalqı və hökuməti adından neft platformasında insanların həlak olması ilə nəticələnən dəhşətli hadisə ilə əlaqədar dərin hüznümü ifadə edirəm. İlk növbədə, icazə verin, Sizin ötən il NATO-nun Qətiyyətli Dəstək Missiyasında iştirakınıza və bu missiyada davamlı iştirakınıza görə dərin minnətdarlığımı bildirim. Sizin Çikaqo konfransında dediyiniz kimi, Azərbaycan bu missiyaya əsaslı töhfə verib. Həmçinin NATO missiyası zamanı Sizin hava limanı və obyektlərinizdən istifadə etməyə şərait yaratmanız mühüm əhəmiyyət kəsb edirdi. Hazırda biz bu üfüqi çox sabit və anti-terror əməkdaşlığına doğru genişləndiririk. Düşünürəm ki, qısamüddətli perspektivdə deyil, orta və uzunmüddətli perspektivdə məqsədlərimizə nail olacağıq. Hesab edirəm ki, Azərbaycanın bütün beynəlxalq təşkilatlarda bizə verdiyi dəstək və şəxsən üzərinizə götürdüyünüz öhdəlik təqdirəlayiqdir. Əlbəttə ki, biz Azərbaycanın ərazi bütövlüyünü tamamilə dəstəkləyirik. Məcburi köçkünlərin taleyi və Azərbaycanın ərazi bütövlüyü, dövlətin qurucusu olan mərhum atanız üçün olduğu kimi, Sizin üçün də hər şeydən önəmlidir. Azərbaycana böyük nümayəndə heyəti ilə gəlişimizin səbəbi ölkənizdəki dəyişikliyi bilavasitə müşahidə etmək istəyimizlə bağlıdır. Biz Sizi təbrik etmək istərdik."

Geniş tərkibdə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin iqtisadi sahədə, o cümlədən nəqliyyat, infrastruktur, investisiya qoyuluşu, kənd təsərrüfatı, energetika, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Məhəmməd Əşrəf Qaninin iştirakı ilə Azərbaycan-Əfqanıstan sənədlərinin imzalanması mərasimi olub. "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Əmək, Sosial İşlər, Şəhid və Əlillər Nazirliyi arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlıq haqqında" Anlaşma Memorandumunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Əfqanıstanın xarici işlər naziri Salahuddin Rabbani imzaladılar. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ilə Əfqanıstanın Milli Radio və Televiziyası arasında əməkdaşlığa dair Saziş"i "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov, Əfqanıstanın Milli Radio və Televiziyası adından Sultan Əhməd Bahin imzaladılar.

Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin şərəfinə rəsmi nahar verilib.

Digər xəbərlər