"Qərəzli layihə Konqresdə əhəmiyyət daşımayan bir sənəd olacaq"
"Müəyyən ölkələrdə, dairələrdə bəzi şəxslər erməni lobbisinin oyuncağına çevrilib. Onlar Azərbaycan haqqında qarayaxma kampaniyları həyata keçirməyə çalışır, uydurma fikirlər irəli sürür və müzakirələr aparırlar". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. Onun sözlərinə görə, erməni diasporunun sifarişi ilə fəaliyyət göstərənlərin məqsədi Azərbaycanın imicini ləkələmək, ölkəmiz haqda yalan məlumatlar yaymaq, əldə olan nailiyyətlərə kölgə salmaqdır. Millət vəkili qeyd edib ki, təcrübə göstərir ki, belə cəhdlər heç bir nəticə vermir: "Onların məkrli fəaliyyətləri ona görə nəticə vermir ki, Azərbaycan sürətlə inkişaf edir, ölkəmizdə tolerantlıq, siyasi stabillik hökm sürür, ölkə başçısı müstəqil siyasət yürüdür. Bütün bunlar digər dövlətlər üçün nümunədir. Azərbaycan bütün dünya ölkələri ilə əməkdaşlıq edir. Dövlətimiz heç vaxt aqressiv şəkildə çıxış etməyib. Ermənistan isə bu yoldan istifadə edir. Bizim məqsədimiz Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini dünyaya çatdırmaq və bu istiqamətdə işlər aparmaqdır. Çalışırıq ki, beynəlxalq hüquq, beynəlxalq qanunlar işləsin və ərazi bütövlüyümüz bərpa olunsun".S. Fətəliyeva bildirib ki, Helsinki Komissiyasının ermənipərəst sədri Kris Smitin Azərbaycanla bağlı Konqresə təqdim etdiyi qərəzli layihəyə əhəmiyyət daşımayan sənəd kimi yanaşılacaq: "Helsinki Komissiyası ABŞ-ın rəsmi mövqeyini ifadə edən bir təşkilat deyil. İkitərəfləri müsasibətlərdə ABŞ-ın rəsmi mövqeyi var. Mövqe ondan ibarətdir ki, Azərbaycan bu gün ABŞ üçün starateji tərəfdaş, müttəfiqdir. ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyan dövlətdir. Erməni lobbisindən qidalanan Kris Smitin hazırladığı qərəzli layihə isə Konqresdə əhəmiyyət daşımayan bir sənəd olacaq və iki ölkə arasındakı münasibətlərə təsir etməyəcək".
sia.az