PDF Oxu

Siyasət

  • 22

GÜCLÜ XALQ, GÜCLÜ DÖVLƏT, GÜCLÜ LİDER VƏHDƏTİ

GÜCLÜ XALQ, GÜCLÜ DÖVLƏT, GÜCLÜ LİDER VƏHDƏTİ

Lider o şəxsiyyətdir ki, ona etimad göstərmiş xalqın maraqlarını bütün imkanları ilə müdafiə edir, reallaşdırır, cəmiyyətin enerjisinin səfərbər edilməsilə insanların taleyində əhəmiyyətli faktora çevrilir. Bu cür liderlərin mövcudluğu isə xalqların perspektivinin qarant altında olmasına və dinamik inkişaf yoluna çıxmasına əsas yaradır. Bu mənada Azərbaycan xalqının da gələcəyi parlaqdır. Çünki artıq 12 ildir ki, Azərbaycan xalqının etimadı əsasında ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla reallaşdırması nəticəsində perspektiv baxımdan əhəmiyyətli nəticələrin əldə olunmasına səbəbkar olub. Bu və bu kimi məsələlərlə bağlı "SƏS"ə fikirlırini bildirən millət vəkilləri vurğulayıblar ki, bu gün Azərbaycan xalqının hər bir nümayəndəsi Prezident İlham Əliyev faktoru ilə qürur və fərəh hissi keçirir.

Millət vəkili Tahir Süleymanov:

- Hər bir xalqın dünyada tanınmasında, uğurlar əldə etməsində və təbii ki, dünyada cərəyan edən qlobal proseslərin öndə gedənlərinə çevrilməsində liderlərin xüsusi əhəmiyyəti mövcuddur. Azərbaycanın inkişaf və tərəqqi, eləcə də xalqın rifahı faktorunda Prezident İlham Əliyev LİDERLİYİ amili mövcuddur. Artıq 12 ildir ki, Azərbaycan xalqının etimadı əsasında ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla reallaşdırması nəticəsində ölkəmizdə perspektiv baxımdan əhəmiyyətli nəticələrin əldə olunmasında öz uğurlu sözünü deyir. Məhz Prezident İlham Əliyevin son illər ərzində həyata keçirdiyi sosial-iqtisadi və siyasi islahatlar nəticəsində müasir Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib, regional gücünü və qlobal əhəmiyyətini kifayət qədər artırmış olub. Azərbaycan xalqı son 22 ildə Ulu Öndər Heydər Əliyevin və Onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində davamlı inkişafın, tərəqqinin şahidinə çevrilib. Bu baxımdan, hazırda müasir beynəlxalq münasibətlər sistemində söz sahibi olan, planetimizin müxtəlif bölgələrində münaqişələrin, siyasi kataklizmlərin, kollapsların müşahidə olunduğu, həmçinin aparıcı ölkələrin iqtisadi və maliyyə böhranından əziyyət çəkdiyi bir dövrdə yüksələn xətlə inkişaf edən müstəqil Azərbaycan Respublikası xalqımızın tarixi nailiyyəti, ən böyük sərvətidir və qürur mənbəyidir!

Şübhəsiz, bütün bu nailiyyətlərin əsasında güclü lider fenomeni dayanır. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində ictimai-siyasi həyatın bütün sahələrində sürətli inkişaf müşahidə olunmuş, Azərbaycanın iqtisadi və hərbi potensialı güclənmiş və əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Beləliklə, bir daha vurğulamaq yerinə düşərdi ki, bugünkü milli inkişafın fundamental əsaslarını Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün qanunauyğunluqlarına müvafiq surətdə qətiyyətlə və böyük uğurla davam etdirilməsi təşkil edir.

YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev:

- Prezidentimiz və partiyamızın Sədri İlham Əliyev Cənablarının apardığı daxili və xarici siyasət doğma Azərbaycanımızı inkişaf etdirir, xoşbəxt gələcəyə aparır, dünyada nüfuzlu və qüdrətli bir dövlət kimi tanıdır. Azərbaycan xalqının bütün uğurları məhz Onun apardığı siyasətlə bağlıdır. Cənab İlham Əliyevin Prezidentliyi dövründə gördüyü işlər əyani şəkildə sübut edir ki, bu gün ölkəmizdə olan bütün istiqamətlərdəki yüksək səviyyəli inkişafımız, Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuz, ölkəmizin tək Avropanın yox, dünyanın enerji təhlikəsizliyi məsələsində tutduğu çox sanballı bir mövqe məhz Onun apardığı uzagörən, müdrik siyasətin bariz nəticəsidir. Möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi və gələcəyə hesablanmış uğurlu xarici siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, beynəlxalq birlikdəki yerini daha da möhkəmləndirmiş, söz sahibinə çevrilmişdir. Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunu bir daha təsdiq edir. Azərbaycanda artıq müxtəlif xarakterli - siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlər keçirilir. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir.

Azərbaycanın bütövlükdə Avratlantik coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq hiss olunur, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında, beynəlxalq təşkilatların hesabatlarında bütün sahələrdə əldə olunan uğurlar təqdir olunur, respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır. Azərbaycanın dünyadakı yüksək siyasi nüfuzunun ən bariz nümunəsi kimi ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini misal göstərmək olar. Azərbaycanın BMT TŞ-nin 10 qeyri-daimi üzvündən biri seçilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin uğurlu məntiqi nəticəsi, ölkəmizin dünyadakı siyasi nüfuzunun göstəricisidir.

Göründüyü kimi, Prezident İlham Əliyev bütün fəaliyyəti bir daha təsdiqləyir ki, Ulu Öndərimizin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin məharətlə davam etdirdiyi müdrik siyasi xəttə alternativ yoxdur. Bu işıqlı yol ölkəmizi daha firavan gələcəyə aparır.

Millət vəkili Nəriman Əliyev:

- Son 12 ildə Azərbaycanda iqtisadiyyat 3 dəfədən çox artıb, işsizlik və yoxsulluq səviyyəsi 5 faizə enib, sosial və iqtisadi infrastruktur yenidən qurulub, əhalinin rifahı əsaslı şəkildə yüksəldilib. Qeyri-neft sektorunda hər il 9-10 faiz artım müşahidə olunur. Son bir neçə ildə ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 50 faizdən çox artıb. Prezident İlham Əliyev aparılan siyasətin həm ictimai, həm də iqtisadi sahədə bir məqsədi - Azərbaycan xalqının maraqlarını təmin etmək, ölkəni gücləndirmək, regionda mövqeləri möhkəmləndirmək məqsədini daşıdığını vurğulamış və bildirmişdir ki, ölkənin gələcək inkişafı üçün neft amilindən asılılığı azaltmaq lazımdır ki, bunun üçün də sahibkarların üzərinə çox iş düşür. Dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birinin, məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsi təsadüfi deyildir. Ötən on ildə 1 milyard manat dəyərində verilən güzəştli kreditlərin iqtisadiyyatın real sektoruna yönəldilməsi və iş yerlərinin açılması, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması məqsədlərinə xidmət etmişdir.

Söz yox ki, Azərbaycanın uğurları bəzi düşmən dairələr tərəfindən qısqanclıqla qarşılanır. Dövlətimizin güclənməsi kimlərisə narahat edir, erməni lobbisini, Azərbaycanı istəməyən bəzi qüvvələri qane etmir. Çünki demokratiya yolu ilə uğurla addımlayan Azərbaycanda seçkilərin nəticələri, seçki prosesinin yüksək səviyyədə keçməsi demokratiyanın təntənəsinin bir daha sübutu olmuşdur. Azərbaycanın qısa müddət ərzində dünya miqyasında mühüm uğurlar əldə etməsi, nüfuzlu söz sahibinə çevrilməsi Prezident İlham Əliyevin yürütdüyü iqtisadi siyasətin düzgünlüyünü, habelə ölkənin və xalqın milli maraqlarına cavab verdiyini bir daha təsdiq edir. Prezident İlham Əliyevin möhkəm iradəsi, siyasi uzaqgörənliyi və çevik taktikası Azərbaycana iqtisadi, hərbi-strateji və sosial sahədə bundan sonra da aparıcı mövqe qazandıracağına xalq əmindir.

Millət vəkili Tahir Rzayev

- Kimsəyə sirr deyil ki, hər bir ölkənin, xalqın beynəlxalq miqyasda tanınmasında, nüfuzunun artmasında, davamlı nailiyyətlər əldə etməsində, həmçinin, qlobal prosesləri öndə gedənlərinə çevrilməsində liderlik amilinin xüsusi yeri və rolu mövcuddur. Çünki lider o şəxsiyyətə deyilməlidir ki, rəhbərlik etdiyi dövlətin, ona etimad göstərmiş xalqın maraqlarını bütün imkanları ilə müdafiə edir, gerçəkləşdirir, cəmiyyətin enerjisinin səfərbər edilməsi ilə vətəndaşların taleyində əhəmiyyətli reallığa çevrilir. Bu cür liderlərin mövcudluğu təbii ki, xalqların perspektivinin qarant altında olmasına və dinamik inkişaf yoluna çıxmasına zəmin yaratmış olur. Və nə xoşdur ki, Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyev dühasının tarixi liderliyini qəbul etməklə, yaşatmaqla bərabər, hazırda Onun layiqli davamçısı Prezident İlham Əliyev Liderliyi yaşayır!

Məhz bu mənada, vurğulamaq yerinə düşərdi ki, Azərbaycan xalqını ağrılı-acılı günlərdən çıxarmış, ölkədə sabitliyin yaranmasında qətiyyətli mövqeyini ortaya qoymuş və bunu əldə etmiş Ulu Öndər Heydər Əliyevin siyasi kursu bu gün Onun ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu kontekstdə qeyd etmək istərdim ki, bəli, Azərbaycan xalqının gələcəyi daha parlaq, daha işıqlıdır! Prezident İlham Əliyev bütün fəaliyyətini Azərbaycan vətəndaşlarının rifahı üçün səfərbər edib. Onun atdığı hər bir addım insanların daha yaxşı yaşamasına hesablanıb. Buna görə də Prezident İlham Əliyevin hər bir addımı insanlarda böyük ümid və gələcəyə nikbin baxış formalaşdırır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər