Səbail rayon icra hakimiyyəti YAR Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə bu mövzuda dəyirmi masa keçirib
Dünən Səbail rayon icra hakimiyətində "Heydər Əliyev - Azərbaycan: dünən, bu gün və sabah" mövzusunda dəyirmi masa keçirilmişdir. RİH-in Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı ilə birgə təşkil olunmuş tədbirdə rayon rəhbərliyi ilə yanaşı, müxtəlif dövlət qurumların nümayəndələri, Milli Məclis üzvləri, elm, təhsil, incəsənət və din xadimləri, ziyalıların, gənclərin, ağsaqqalların, veteranların və ictimaiyyətin, YAP Səbail rayon təşkilatının təmsilçiləri iştirak edib.
Dəyirmi masanın işini açıq elan edən Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, Heydər Əliyev və Azərbaycan sözləri hər bir azərbaycanlı üçün müəyyən mənada eyni məna daşıyan sözlərdir: "Təbiidir ki, bu gün birmənalı şəkildə demək olar ki, Heydər Əliyev olmasaydı, müasir Azərbaycan dövləti də olmazdı. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 30 ilin hər bir ili görülən işlər və əldə olunan nailiyyətlərə görə əhəmiyyətli il olmuşdur. Bəşər tarixində nadir insanlar var ki, onların həyat və fəaliyyəti bütün millətin və xalqın, dövlətin taleyini həll etmiş olsun. Onlardan biri sözsüz ki, Heydər Əliyevdir. Azərbaycan tarixində çox sayda görkəmli dövlət xadimləri və şəxsiyyətlər vardır. Lakin yalnız Heydər Əliyev Azərbaycan xalqının, millətinin lideri kimi tarixə həkk olmuşdur".
Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidmətlərindən danışan E.Əzizov vurğulayıb ki, müstəqil dövlətimizin yaradılması və özünə layiqli siyasi varis olan İlham Əliyevin hazırlanması olmuşdur: "Ulu Öndərin ölməz ideyalarını, Onun siyasi kursunu ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanda misli görünməmiş inkişaf və tərəqqi siyasətini həyata keçirən şəxsiyyət kimi artıq ölkə tarixində "Qurucu İlham" kimi təsdiq olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin böyük məharətlə davam etdirdiyi siyasi xətt hazırki çox mürəkkəb dövrdə yeganə və alternativsiz siyasət olduğu üçün Azərbaycanın gələcək inkişaf və tərəqqisinə təminat verir".
Rayon rəhbəri qeyd edib ki, məhz Prezident İlham Əliyevin yüksək intellekti sayəsində bu gün Azərbaycan sürətlə inkişaf edir və müstəqilliyini qoruyub saxlayıb. Hazırkı mürəkkəb dövrdə Azərbaycan kimi ölkənin müstəqilliyinin qoruyub saxlamağı, onu inkişaf etdirməyi, dünyaya yeni iqtisadi-siyasi siyasət modeli kimi təqdim etməyi, balanslaşdırılmış siyasət yürütməyi yalnız xüsusi istedada olan insanlar edə bilərlər və bu gün Azərbaycanda belə insan, sözsüz ki, Cənab İlham Əliyevdir. Bu kimi xüsusiyyətləri olan insanlar tarixdə dahi dövlət xadimi kimi xarakterizə edilir.
Dəyirmi masada YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıxov, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli, Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Müdafiə Nazirliyi İdarə rəisi müavini, polkovnik Abdulla Qurbani, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Əvəz Bayramov və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı sahələrinə, Onun ölkəmizin müstəqilliyi, iqtisadi tərəqqisi və inkişafı istiqamətində gördüyü işlərə, Heydər Əliyevin əsasını qoyduğu və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən inkişaf etdirilən siyasətin uğurlarına və gələcək perspektivlərinə həsr olunmuş geniş məruzələrlə çıxış ediblər.
Sonda dəyirmi masa iştirakçıları adından yekdilliklə bəyanat qəbul olunub, çıxışların bir daha işlənərək kitab şəklində buraxılması qərara alınıbdır.
RƏFİQƏ HÜSEYNOVA