İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun növbəti iclası keçirilib
Azərbaycan Prezideninin təşəbbüsü əsasında yaradılmış, insan haqları problemlərinin həlli istiqamətində fəaliyyət göstərən, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun növbəti iclası keçirilib.SİA-nın məlumatına görə, Milli Məclisdə keçirilən iclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, dövlət qurumlarının, QHT-lərin nümayəndələri, millət vəkilləri və jurnalistlər iştirak ediblər.Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, İşçi Qrupunun həmsədri Səməd Seyidov xatırladıb ki, sonuncu iclasdan sonra Avropa Şurasının (AŞ) baş katibi Tyorborn Yaqland İşçi Qrupundakı xüsusi nümayəndəsi Aleksandr Qesselin iştirakı məsələsinə yenidən baxaraq onu geri çağırıb: "İşçi Qrupunda AŞ-nın baş katibinin nümayəndəsinin iştirakı bizim üçün əhəmiyyətli olmayıb. İndi Yaqland öz nümayəndəsini Azərbaycana geri göndərmək istəyir. Yaqlandın hərəkətləri qəribə və başadüşülməzdir. Çünki, biz xoş niyyətimizi göstərərək, bütün beynəlxalq təşkilatlarla münasibətlərimizi təşkil edərək, hər kəsə İşçi Qrupunun qapısını açmışıq. Ancaq İşçi Qrupu beynəlxalq təşkilatlar üçün fəaliyyət göstərmir. İşçi Qrupu məhz ona görə yaradılıb ki, biz özümüz Azərbaycanda öz problemlərimizi müzakirə edərək, həll yollarını hökumətə təqdim edək".S. Seyidov beynəlxalq təşkilatlara müraciət edib: "Buradan bütün beynəlxalq təşkilatlara müraciət edərək bildirmək istəyirəm ki, heç kimin təsiri altında fəaliyyət göstərməyən İşçi Qrupu bundan sonra da işini davam etdirəcək. İnsan haqları problemi, qanunun aliliyi, demokratiyanın inkişafı Azərbaycan dövlətinin qruculuğunda ən əsas prioritetlərdəndir. Bu istiqamətdə Azərbaycan cəmiyyəti birləşmək iqtidarındadır. Bu, İşçi Qrupunun fəaliyyətində də özünü çox gözəl göstərir".İşçi Qrupunun həmsədri vurğulayıb ki, insan haqları hər hansı bir məqsəd üçün alətə çevrilə bilməz: "İnsan haqlarından istifadə edərək dövlətlərə təzyiq göstərmək olmaz: Bu, ali dəyərdir. Azərbaycan insan haqları ilə bağlı öz işini görmək iqtidarındadır".Milli Məclisin deputatı, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Azay Quliyev çıxış edərək iclasın çox səmərəli olacağına əminliyini qeyd edib. O bildirib ki, İşçi Qrupu Azərbaycanda daxili dialoqun, ictimai barışın daha da irəli aparılması və güclənməsində xüsusi vasitədir.Millət vəkili vurğulayıb ki, bir çox hallarda daxili mexanizmin daha işlək formada təşkil olunmasına maneçilik törədilir: "Avropa Şurasının baş katibi Tyorborn Yaqlandın İşçi Qrupundakı nümayəndəsini geri çağırması başa düşülən deyil. Dəfələrlə qeyd etmişik ki, bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırıq. Təəssüflər olsun ki, bəzən beynəlxalq təşkilatların buna hazır olmadıqlarına şahid oluruq. İşçi Qrupu öz işini davam etdirməli, bir çoxlu məsələləri bu formatda müzakirə edib, həllinə nail olmalıdır".A Quliyev deyib ki, İşçi Qrupu QHT-lərlə sıx təmasdadır: "QHT-lərin qaldırdığı məsələləri bilirik. Bir çox hallarda fərdi qaydada müzakirələr aparırıq. İnsan haqlarının müdafiəsi və monitorinq qrupu öz işini peşəkar səviyyədə davam etdirir. Əfv komissiyasına dəfələrlə onların müraciətləri daxil olub. İstənilən halda vətəndaş cəmiyyəti ilə daimi dialoqdayıq. Bu dialoq dövlətlə vətəndaş arasında münasibətlərin sağlam olması, əlaqələrin inkişaf etməsi üçün önəmlidir ki, dövlət qurumları vətəndaş cəmiyyətinin fikirlərini nəzərə alsın. Əminəm ki, bugünkü iclas çox faydalı olacaq".
İclas çıxışlarla davam edib.
sia.az