Prezident İlham Əliyevin bu istiqamətdə atdığı önəmli addımlar hər bir sahibkara göstərilən dövlət qayğısının bariz göstəricisidir
XX əsrin doxsanıncı illərinin ortalarından xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin əzmi, qətiyyəti, təcrübəsi və uzaqgörənliyi sayəsində Azərbaycanda baş vermiş tarixi dönüş, əslində həm xilaskarlıq missiyasının böyük iradə ilə həyata keçirilməsi, həm də ölkənin işıqlı gələcəyinin məqsədyönlü şəkildə istiqamətləndirilməsi ilə səciyyələnir. Məhz Ulu Öndər Heydər Əliyevin möhkəm dövlətçilik və davamlı inkişaf formatında apardığı siyasət Azərbaycanı tarixin və zamanın böyük sınaqlarından qalibiyyətlə çıxa bilməsinin əsasını təşkil edir.
Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik illəri Azərbaycanın tənəzzüldən intibaha uğurlu keçidi, müstəqilliyin nəzəriyyədən real müstəviyə transformasiyası, düzgün iqtisadi inkişaf modelinin müəyyənləşməsi və tətbiqi dövrü kimi tariximizin ən şərəfli səhifələrini təşkil edir.
O da sirr deyil ki, Azərbaycanda müasir milli inkişafı bilavasitə 1993-cü ilin ortalarından başlayır. Məhz həmin dövrdə Ümummilli Lider Heydər Əliyev demokratik həyat tərzinin diktə etdiyi gerçəklik kimi bazar iqtisadiyyatı prinsiplərinə sadiq qalaraq Azərbaycanın yeni dövr üçün prioritetlərini müəyyənləşdirmiş və ölkənin iqtisadi siyasətinin təməlini qoymuşdur. Məhz bazar iqtisadiyyatının qurulması, təkmilləşdirilməsi sonradan ölkəmizin inkişaf trayektoriyasının genişləndirilməsinə, bütün sahələrdə ədlə edilən uğur və nailiyyətlərə stimul verdi. Xüsusilə, ölkə iqtisadiyyatının sürətli inkişafında özünəməxsus rolu olan, sahibkarlıq fəaliyyətinin genişlənməsi istiqamətində çox böyük, lazımi addımlar atılmağa başlandı.
Bu mərhələ haqlı olaraq müstəqil Azərbaycan dövlətinin İlham Əliyev dövrü adlandırılır
Hazırda Azərbaycan dövləti ölkəmizin müstəqillik dövrü tarixinin yeni inkişaf mərhələsini yaşayır. Yeni tarixi inkişaf mərhələsi olan 2003-2014-cü illər xalqımızın həyatına güclü dövlət, sürətli inkişaf və müasirləşmə mərhələsi kimi daxil olmuşdur. Bu onillik inkişafın əhatə dairəsinin genişliyinə, çoxcəhətli olmasına, böyük vüsətinə, yüksəliş tempinə, irəliyə doğru sürətli hərəkət ritminə, inteqrasiya proseslərinin tənzimlənməsinə və müasirləşmə, modernləşmə səviyyəsinə görə yeni tarixi epoxaya çevrilmişdir. Bu mərhələ haqlı olaraq müstəqil Azərbaycan dövlətinin İlham Əliyev dövrü adlandırılır.
Prezident İlham Əliyev, sözün həqiqi mənasında, görkəmli dövlət xadimi kimi ölkəyə rəhbərlik etməyin şərəfini də, məsuliyyətini də özünün əməli fəaliyyətində uğurla birləşdirir. O, müstəqil Azərbaycan dövlətini həm mükəmməl şəkildə idarə edir, həm də istənilən mötəbər məqamda böyük ləyaqətlə təmsil etmək vəzifəsini yüksək səviyyədə gerçəkləşdirir. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasında köklü, davamlı dövlətçilik ənənələrinin qorunub saxlanması ilə yanaşı, dövlət strukturu böyük sürətlə inkişaf etdirilərək təkmilləşdirilir və yeniləşdirilir, dövlətin idarə olunmasının ən müasir forma və metodları uğurla tətbiq olunur. Ölkəmizdə demokratik cəmiyyətin inkişaf etdirilib möhkəmləndirilməsinə, bazar münasibətlərinə əsaslanan yeni iqtisadi siyasətin bərqərar olması proseslərinin genişləndirilməsinə ciddi fikir verilir. Beləlkilə, bu gün bu siyasətin ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın yaxın perspektivdə daha layiqli yerlər tutacağından xəbər verir. Ümumiyyətlə Azərbaycanın bazar iqtisadiyyatına keçidlə bağlı tarixi təcrübəsi göstərdi ki, sahibkarlığın, özəl sektorun inkişafına normal şərait yaratmadan iqtisadi yüksəlişi və əhalinin məsğulluğunu təmin etmək, infrastrukturu yeniləşdirmək, sosial məsələlərin həllinə nail olmaq mümkün deyildir.
Azərbaycanda sahibkarlığı inkişaf etdirən amillərdən biri də regionlarda rəqabət qabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən, müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılmasıdır
Dövlət rəhbərinin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf mərhələsinə qədəm qoymuş, sahibkarlığın inkişafına diqqət daha da artırılmışdır. Kiçik və orta sahibkarlığın güzəştli kreditlərlə maliyyələşdirilməsi mexanizmləri daha da təkmilləşdirilmiş, iş adamlarının fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, bu sahədə inkişafa mane olan problemlərin aradan qaldırılması istiqamətində mühüm addımlar atılmışdır. Regionlarda mühüm infrastruktur layihələrinin həyata keçirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, antiinhisar fəaliyyətinin gücləndirilməsi, inflyasiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsi, "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı"nın təsdiqlənməsi, "bir pəncərə" prinsipinin tətbiqi ilə biznes subyektlərinin qeydiyyat və lisenziya sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisad məhkəmələrinin yaradılması və digər tədbirlər bu istiqamətdə atılmış ciddi addımlardır.
Dövlət başçısının ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar da ölkənin davamlı inkişafına yönəlmiş sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlığın inkişafı keçid iqtisadiyyatlı ölkələrin siyasi, sosial-iqtisadi sisteminin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayan sahibkarlığın inkişafı, orta təbəqənin formalaşması, aparılan inkişaf prosesində bir harmoniya yaradır. Azərbaycanda sahibkarlığı inkişaf etdirən amillərdən biri də regionlarda rəqabət qabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən, müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılmasıdır. Regionlarda istehsal olunan bir cox məhsullarımız artıq Avropa və Amerika bazarlarına da ixrac olunur ki, bu da bütövlükdə ixrac payında qeyri-neft məhsullarının payını artırır. İxracyönümlü məhsul istehsal edən müəssisələrə dövlət dəstəyinin genişləndirilməsi və ixrac imkanlarının artırılması istiqamətində işlər davam etdirilir.
Cənab İlham Əliyevin dövlət başçısı səviyyəsində irəli sürdüyü önəmli fikir faktorları hər bir sahibkarın Ona olan inamını, etimadını daha da artırır
Regional inkişaf proqramları ilə yanaşı, "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı", "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında", "Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə" və digər fərman və sərəncamların, qanunların, dövlət proqramlarının icrası sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır. Mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, respublikanın ən müxtəlif bölgələrində modul tipli elektrik stansiyaların qurulmasının, əyalətlərin mavi yanacaqla təchizatının özü də dövlətin özəl sektora dəstəyinin tərkib hissəsidir.
Bu arada Prezident İlham Əliyevin sahibkarlığa dövlət dəstəyi kontekstində irəli sürdüyü mühüm tezisi xatırlamaq yerinə düşərdi. O, özəl şirkətlərə dövlət şirkətləri səviyyəsində qayğı və dəstək göstərməyi tələb edərək vurğulayıb: "Hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara kömək göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onları incitməmələdirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Onlara yalnız kömək göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər".
Söz yox ki, dövlət başçısı səviyyəsində irəli sürülən bu önəmli fikir faktoru hər bir sahibkarın Ona olan inamını, etimadını artırır. Hər bir sahibkar inanır ki, Prezident İlham Əliyevin məqsədyönlü, dövlətimizin sürətli inkişafını gələcəkdə də təmin edəcək uzaqgörən siyasəti, regionların inkişafına, sahibkarlığa göstərdiyi böyük diqqət bundan sonra da öz bəhrəsini verəcəkdir və biz bundan sonra da ölkə iqtisadiyyatının inkişafında yaxından iştirak edəcəyik.
NƏRİMAN ƏLİYEV,
millət vəkili