PDF Oxu

Siyasət

  • 22

ABŞ-a qarşı sanksiya layihəsi qəbul edilərsə...

ABŞ-a qarşı sanksiya layihəsi qəbul edilərsə...

Bu, Amerika ilə yanaşı, erməni lobbisinin təsiri və maddiyyatı altında fəaliyyət göstərən digər Qərb ölkələrinin siyasi dairələrini də düşünməyə vadar edəcək

Bəlli olduğu kimi, bu günlərdə Azərbaycanın ali qanunverici orqanı olan Milli Məclisinə "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsi təqdim olunub. Buna səbəb ölkəmizin müstəqillik əldə etməsinən sonra ABŞ-ı təmsil edən bir sıra siyasi qurumların qərəzli yanaşmalar etmələri, ikili standartlardan çıxış edərək təzyiq və təhdid dili ilə danışmaları olub. Bu arada onu da qeyd edək ki, parlamentə təmsil olunan qanun layihəsinin müəllifi Azərbaycan Respublikası Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayevdir.

Belə bir absurdun yaranmasında təbii ki, ABŞ-da fəaliyyət göstərən güclü erməni lobbisinin də əli var

Özündə Şərq və Qərbin sintezini birləşdirən, siyasi, ictimai, sosial, tolerantlıq və s. mühüm maraqları məhz bu kontekstdə əxz etdirən müstəqil Azərbaycanın həm də bir müsəlman ölkəsi olaraq inkişaf və tərəqqi yolunu tutması, demokratiya və plüralizm, eləcə də müasirlik faktorundan dünya birliyinə çıxması bir sıra Qərb dairələrini, o cümlədən, Azərbaycana qarşı qərəz sərgiləyən ABŞ-ın bəzi qaranlıq siyasi dairələrini ciddi şəkildə narahat edir. Xalqımız uzun illərdir ki, bunun şahididir. Xüsusilə, Azərbaycan xalqı ikili standartları Qarabağ məsələsində kifayət qədər görüb, təəssüf ki, hazırda da görməkdə davam edir və yalnız Qarabağ problemi deyil, o cümlədən, demokratiya və insan haqlarının qorunması məsələsində də dövlətimiz daim qərəzlə, ikili baxışla üz-üzə qalmaqdadır. Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti nəticəsində hüquqları pozulan 1 milyondan artıq vətəndaşımızın tələbləri, müharibə zamanı millətimizə qarşı törədilən erməni vəhşilikləri faktları təəssüf ki, hələ də ABŞ siyasi dairələrinin ön planında deyil, arxa planında qalmaqda davam edir.

Lakin bunun əvəzinə, həmin dairələr müxtəlif cinayətlər törədən, dövlətçilik əleyhinə gizli, yaxud aşkar aksiyalar keçirən, dövlətimizin maraqlarını satan cinayətkarların həbs edilmələrini, qanun qarşısına çıxarılmalarını "insan hüquqlarının pozulması" kimi qiymətləndirir, üstəlik, təcavüzə uğrayan ölkə olmasına rəğmən, ona qarşı sanksiyalar tədbiq etməyi planlaşdırır. Belə bir absurdun yaranmasında təbii ki, ABŞ-da fəaliyyət göstərən güclü erməni lobbisinin də əli var. Çünki erməni lobbisi ABŞ-ın müxtəlif rəsmi, yaxud da qeyri-rəsmi siyasi dairələri, qeyri-hökumət təşkilatları ilə sıx təmaslar qurur, əldə olan maddi vəsaitlərlə onları satın alır, istədiyi məsələsini diktə edir və etdirir. Təkcə "907-ci düzəliş"i xatırlasaq, nəyin-necə olduğunu anlayarıq. Belə olan təqdirdə, ABŞ-ın dövlət səviyyəsində Azərbaycana qarşı hər hansı bir snaksiya qəbul etməsi barədə fikirlərlə çıxış etməsi çox böyük təəssüf doğurur.

Milli Məclis cavab addımı atmaqda qərarlı olduğunu sərgiləyib

Bu arada onu da bildirmək yerinə düşərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt bu kimi siyasi oyunbazlıqlara biganə qalmayıb və lazım olduqda öz kəskin fikirlərini, haqlı iradlarını dövlət səviyyəsində qaldıraraq, reallığın nədən ibarət olduğunu bəyan edib. Bu baxımdan, ABŞ-ın Helsinki Komissiyasının Azərbaycana qarşı sanksiya tətbiq etmək istəyi ilə Konqresə layihə təqdim etməsinə sanksiya cavab olaraq, Azərbaycanın ali qanunverici orqanı olan Milli Məclis cavab addımı atmaqda qərarlı olduğunu sərgiləyib. Sözügedən layihədə bildirilir ki, müstəqillik illərində Azərbaycan bir sıra ölkələrin, xüsusən də ABŞ-ın müxtəlif qurumlarının ayrı-ayrı vaxtlarda nümayiş etdirdiyi ikili standartlarla üz-üzə qalıb: "Bu qurumlar müstəqil siyasət yürüdən digər dövlətlər kimi, Azərbaycanı da öz təsiri altında saxlamağa, müxtəlif üsullarla onun daxili və xarici siyasətinə müdaxilə etməyə cəhd göstərir. Belə üsullardan biri də insan hüquqları və demokratiya kimi məsələlərdə qərəzli və birtərəfli mövqe tutaraq, ölkəni daim təzyiq altında saxlamaqdır".

ABŞ nələri itirəcək?

Bu zaman sual yaranır: Azərbaycan ABŞ-a sanksiyalar tədbiq edərsə, qarşı tərəf nələri itirəcək? İlk növbədə deyək ki, Azərbaycan sülhün və demokratiyanın bərqərar olması üçün daim təşəbbüskar rolunda çıxış edib. Ölkəmizin sülhməramlıları Əfqanıstanda, İraqda və s. ölkələrdə sülhün qorunması üçün öndə gedən ölkələr sırasında birincilik təşkil edib. Bu baxımdan, Azərbaycanın Beynəlxalq Təhlükəsizliyə Yardım Proqramı (İSAF) çərçivəsində Əfqanıstandakı əməliyyatlarda iştirakının dayandırılması, ABŞ-ın hərbi və digər təyinatlı yüklərinin Azərbaycan üzərindən daşınması və bu məqsədlə yerli infrastrukturdan istifadə edilməsi qadağan olunması, ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması ilə bağlı müvafiq prosedurlara başlanılması layihədə əksini tapıb.

Daha bir məqam isə dünyaya "demokratiya dərsi" keçmək istəyən ABŞ-ın özündə insan haqlarının, o cümlədən, uşaq hüquqlarının pozulması faktlarıdır. Digər tərəfdən, ABŞ insan haqlarının müdafiəsi ilə bağlı təşkil edilən müqavilələrə imza atmır. Sənəddə bildirilir ki, mütəmadi olaraq dünyada insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatlar hazırlayan ABŞ-ın özü hər vəchlə insan hüquqları ilə bağlı əsas beynəlxalq müqavilələrə qoşulmaqdan yayınır: "ABŞ indiyə qədər BMT-nin insan haqlarına dair 14 əsas sənədindən yalnız 4-nü ratifikasiya edib. ABŞ hazırda "Uşaq hüquqlarına dair" Konvensiyaya qoşulmayan iki dövlətdən (ABŞ və Somali) biridir".

Azərbaycana qarşı iftira və qarayaxma kampaniyası aparan KİV rəhbərləri, QHT təmsilçiləri və ekspertlərə viza verilməsindən imtina olunması tövsiyə edilib

O da sirr deyil ki, ABŞ-da qeyd edilənlərlə yanaşı ksenofobiya, islamofobiya halları artmaqda davam edir. O cümlədən, polisin irqçilik faktorları fonunda törətdikləri qətl hadisələrinə aşkar şəkildə göz yumulur. Məhz layihədə də qeyd olunur ki, son illər ABŞ-da irqi və dini zəmində ayrı-seçkilik, ksenofobiya və islamafobiya təzahürləri xeyli güclənib, cəmiyyət üzərində total nəzarət sistemi bərqərar olub, şəxsi həyata müdaxilə, ifadə və mətbuat azadlığının məhdudlaşdırılması halları artıb: "Leqal korrupsiya və lobbiçilik ABŞ siyasi sisteminin əsas atributlarından birinə çevrilib. ABŞ daxilində cərəyan edən neqativ proseslər, habelə dünya hegemonluğu iddiası Azərbaycanı bu ölkə ilə əməkdaşlığa və illər ərzində formalaşmış ikitərəfli münasibətlərə yenidən baxmağa sövq edir".

Sənəddə ABŞ-dakı irqi və dini ayrı-seçkilik, cəmiyyət üzərində total nəzarət sisteminin qurulması, söz və mətbuat azadlığının məhdudlaşdırılması, korrupsiya, seçki saxtakarlığı, beynəlxalq hüququn norma və prinsiplərinin pozulması ilə bağlı müddəalar əksini tapıb.

O cümlədən, layihədə Xarici İşlər Nazirliyinə ABŞ hökumətində təmsil olunan şəxslər və onların ailə üzvlərinə, Konqresdə Azərbaycanın diskreditasiyası istiqamətində ardıcıl iş aparan konqresmenlər, senatorlar və onların ailə üzvlərinə, erməni diaspor təşkilatları və lobbi qrupları ilə əməkdaşlıq edən vəzifəli şəxslər, siyasətçilərə, həmçinin Azərbaycana qarşı iftira və qarayaxma kampaniyası aparan KİV rəhbərləri, QHT təmsilçiləri və ekspertlərə viza verilməsindən imtina olunması tövsiyə edilib.

Beləliklə, artıq Azərbaycan dövləti ABŞ siyasi dairələrinin ölkımizə qarşı istiqamətləndirdiyi qərəz faktoruna qarşı kəskin və lazımlı addımı atmaq üzrədir. Çox yəqin ki, bu qərarın verilməsi ABŞ-la yanaşı, erməni lobbisinin təsiri və maddiyyatı altında fəaliyyət göstərən digər Qərb ölkələrinin siyasi dairələrini də bir az düşünməyə, nə qədər yanlış yolda olduqlarını dərk etmələrinə vadar edəcək.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər