Dünən Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Yeni hədəflər naminə" adlı konfrans keçirilib. Konfransda dövlət və hökümət nümayəndələri, millət vəkilləri, Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatının sədrləri, elm adamları, ziyalılar və KİV rəhbərləri iştirak ediblər.
Giriş sözü ilə çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov 2015-ci ildə Azərbaycanda əzəmətli nailiyyətlər əldə olunduğunu, bu ilin mühüm hadisələrindən birinin də ölkəmizdə keçirilən parlament seçkiləri olduğunu diqqətə çatdırıb: "YAP hər zaman olduğu kimi, bu seçkilərdə də inamlı qələbə qazanıb. YAP-ın qələbəsi bir daha onu göstərdi ki, xalq Prezident İlham Əliyevə sonsuz məhəbbət bəsləyir və Onun siyasətinin dəstəkçisidir".
Baş nazirin müavini 2015-ci ilin ən vacib hadisələrindən biri də ilk Avropa Oyunlarının Bakıda keçirilməsi olduğunu qeyd edərək, yarışın Azərbaycanın dünyada tanıdılması, ölkəmizin nüfuzunun artırılmasında mühüm rol oynadığını bildirib.
YAP İcra katibi qeyd edib ki, Azərbaycan artıq yeni bir ölkə, müasir bir cəmiyyət kimi formalaşıb: "2016-cı ildə də ölkəmiz öz inkişafını davam etdirəcək. Qarşıda Azərbaycanın inkişafının yeni modelinin formalaşdırılması kimi mühüm bir tapşırıq dayanır. Azərbaycan iqtisadiyyatının yeni və sürətli inkişaf modelinə keçidi günümüzün zərurətinə və sosial sifarişinə çevrilib. Ölkə Prezidenti İlham Əliyev bununla bağlı hədəfləri müəyyənləşdirib. Bu hədəflərdən biri də Azərbaycanda insanların rifahının yaxşılaşdırılması, sosial problemlərin həllidir. İnanırıq ki, həmin vəzifələr möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında layiqincə yerinə yetiriləcək. Azərbaycan özünün inkişaf modelində korrektələr etməklə yeni mərhələyə qədəm qoyacaq. 2016-cı ildə daha əzəmətli uğurların, qələbələrin şahidi olacağıq".
YAP Sədrinin müavini Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Konfransda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini Akif Əlizadə qeyd edib ki, istər dünyada, istərsə də regionda gedən ictmai-siyasi proseslər Azərbaycanda sabitliyə təsir edə bilməyib. Bunun təməlində möhkəm əsaslara malik siyasi sabitlik dayanır: "Prezident İlham Əliyev dünyada intellekti ilə fərqlənən liderlərdən biridir. Son 12 ildə Azərbaycan inkişaf edərək regionun lider ölkəsinə çevrilib. Müasir dünyada elmin sürətlə inkişaf etdiyi bir zamanda respublikamızda elmi potensialın inkişafı mühüm prioritetlərdəndir. Buna misal olaraq elmin inkişafı ilə bağlı qəbul edilən Elmin İnkişafı Strategiyasını göstərmək olar. Alimlər qarşısında həyata keçirilməli olan yeni mühüm vəzifələr də müəyyənləşib. Belə ki, Azərbaycanda mövcud təbii şərait nəzərə almaqla, kənd təsərrüfatının inkişafı, kimya sənayesinin inkişafında elmin yaxından iştirakının təmin edilməsi alimlərin qarşısında mühüm vəzifə kimi dayanır. Elm və istehsalat münasibətlərinin uğurla qurulmasına nail olmalıyıq".
Daha sonra çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov kənd təsərrüfatı sahəsində subsidiyaların verilməsi ilə bağlı şəffaflığı təmin etmək üçün bu vaxta qədər Nazirlər Kabineti tərəfindən 31 qərar qəbul edildiyini, parlamentdə 6 qanunun təsdiqləndiyini, dövlət başçısı tərəfindən 9 Fərman imzalandığını qeyd edib. H.Əsədov bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin respublikanın bütün rayonlardakı inzibati binaları artıq tikilib: "52 rayonda inzibati bina tikilib və gələn ilin ilk rübündə təhvil veriləcək. Elmi tədqiqatların keyfiyyətinin artırılması məqsədi ilə bütün institutlar birləşdirilərək 8 universitet yaradılıb".
Çıxışlardan sonra konfrans bədii hissə ilə davam etdirilib.
İNTİZARƏ MƏMMƏDOVA