"İlk olaraq Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Dövlət başçısına can sağlığı, uzun ömür arzulayıram. Biz mətbuatı digər istiqamətlərdən fərqləndirə bilmərik. Çünki bu gün ölkəmizdə istər siyasi, istərsə də makroiqtisadi baxımından bir stabillik, davamlı inkişaf var". Bunu SİA-ya Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.Onun sözlərinə görə, Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin müdafiəsində dayanan dövlətlərdən biridir: "Bu gün ölkəmiz enerji, nəqliyyat sahəsində, qlobal layihələrdə iştirak edən dövlət, eləcə də çoxsaylı tədbirlərin keçirildiyi bir mərkəzdir. Belə bir məqamda görülən işləri, aparılan islahatları ölkə ictimaiyyətinə çatdırmaqda Azərbaycan mətbuatı mühüm rol oynayır. Bütün bunların müqabilində mətbuat cəmiyyətdə baş verən olayları ölkə ictimaiyyətinə çatdırır. Mətbuata olan münasibət kifayət qədər diqqəti cəlb edir. İndiki şəraitdə ölkə mətbuatı dövlət tərəfindən, iqtisadi baxımından təmin olunan mətbuatdır. Bu missiyanı Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) həyata keçirir. Bununla belə, jurnalistlərin sosial problemlərinin həlli baxımından Azərbaycan jurnalistikası təminatlı mətbuata çevrilib. Bu sahədə çalışan jurnalistlər mənzillərlə təmin olunurlar. Bu görünən tərəflərdir.Azərbaycan mətbuatı milli və vətənpərvər mətbuatdır"Ə.Amaşov əlavə edib ki, mətbuat ölkə daxilində tərəflərin fikirlərini obyektiv verir: "Cənab Prezident İlham Əliyev Mətbuat Şurasının İdarə Heyəti ilə görüşündə də bu məsələni xüsusilə vurğuladı. Dövlət başçısı qeyd etdi ki, bəzi məqamlarda xəbərləri daha çox mətbuatdan alır. Deməli, Prezidentin ölkədəki tənqidi mətbuata münasibəti çox müsbətdir. Eyni zamanda ölkə mətbuatı Azərbaycanın ümummilli maraqları ilə yanaşı məsələlərdə, xarici ölkələrdə dövlətimizin imicinin formalaşmasında yekdildir. Hesab edirəm ki, bu məsələlər diqqət mərkəzində olmalıdır. Biz cənab Prezidentlə son görüşdə də mətbuatın bundan sonrakı inkişafını müzakirə etdik. Ölkə başçısı dövlətin mətbuata hər zaman qayğı göstərəcəyini bildirdi. Eləcə də İnternet üzərinə yayılan mətbuata qayğının artırılması haqqında məsələ qaldırıldı. Artıq yazılı, elektron mətbuatla – televiziya, radio ilə yanaşı yeni bir mətbuat sahəsi meydana gəlib. Azərbaycan mətbuatı bundan sonra da məhz o istiqamətdə daha çox inkişaf edəcək. Təbii ki, bu da dövlət tərəfindən birmənalı qaydada dəstəklənəcək".
sia.az