"Bu gün Rusiya regionun ən böyük dövlətidir. Məhz ona görə də biz rəsmi Moskva ilə əməkdaşlıq edirik. Tək siyasi, iqtisadi, mədəni deyil, eyni zamanda hərbi sahədə də əməkdaşlığımız var. Hərbiçilərimiz Rusiya hərbi məktəblərində təhsil alırlar. Dünyanın ən müasir ölkələrində - Türkiyədə, Avropada, Pakistanda, Amerikada və s. hərbiçilərimiz kurslar keçirlər". Bunu SİA-ya Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli deyib.Onun sözlərinə görə, Azərbaycan tərəfi Rusiya ilə Xəzər dənizində birgə təlimlər keçirir: "Heç kimə sirr deyil ki, biz Rusiyadan müasir texnikalar alırıq. Bu əməkdaşlıq mütəmadi olaraq davam edir. Azərbaycanın dövlət müstəqilliyini Rusiya dövləti tanıyır və hərbi əməkdaşlığını da aparır. Biz arzulayırıq ki, Rusiya Qarabağ məsələsində də çox ədalətli mövqe tutsun və Azərbaycanın milli maraqlarına, beynəlxalq hüquqa hörmətlə yanaşsın. Ümumiyyətlə Azərbaycan dövləti balanslı siyasət aparır. Azərbaycan tərəfi nə NATO-ya, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (MTMT) qoşulmayıb, amma onların hər biri ilə əməkdaşlıq edir. Zaman da göstərir ki, ölkəmiz nə qədər uğurlu, praqmatik siyasət həyata keçirir".Qeyd edək ki, Moskva şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşüb. Görüş zamanı regional təhlükəsizliyin aktual məsələləri, həmçinin Rusiya və Azərbaycan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və vəziyyəti barədə fikir mübadiləsi aparılıb.Müdafiə nazirləri hərbi sahədə 2016-cı il üçün əməkdaşlıq planını imzalayıblar.
sia.az