Dənizkənarı Milli Parkdakı Beynəlxalq Muğam Mərkəzində Səbail rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azəbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib. Tədbirdə rayon rəhbərliyi ilə yanaşı, Milli Məclisin deputatları, rayonun idarə, təşkilat, elm və təhsil müəssisələrinin, gənclər və veteranlar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Keçirilən görüşdə bildirilib ki, bu tarix Azərbaycan millətinin ümumdünya birlik günüdür: "Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Beləliklə, 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilir".
Tədbirdə, həmçinin vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev hazırda Ulu Öndərin bu estafetini də uğurla davam etdirir. Hazırda ölkə başçısının gördüyü işlər, həyata keçirilən siyasət Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.
Tədbir Azərbaycanın populyar və tanınmış incəsənət xadimlərinin konsert proqramı ilə davam edib.
Ü.ƏSGƏROV