PDF Oxu

Siyasət

  • 17

Xankəndi şəhərinin işğalından 24 il ötür

Xankəndi şəhərinin işğalından 24 il ötür

Kərkicahan qəsəbəsinin ələ keçirilməsi ilə Xankəndinin işğalı başa çatdırılıb

Bu gün Azərbaycanın Xankəndi şəhəri və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik ola Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalından 24 il ötür. 1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin işğalı başa çatdırılıb. İşğal gününə qədər Xankəndi ərazi vahidliyinin tərkib hissəsi olan Kərkicahanın müdafiəsi kənd sakinlərindən yerli özünümüdafiə dəstələrindən, yeni yaranmış olan polis və Milli Ordunun bir qrup əsgərləri tərəfindən təşkil olunub.

Xankəndi istiqamətindən Kərkicahana doğru hücuma keçən erməni silahlılarının istifadəsində olan hərbi texnika və ağır silahların qarşısında bu cür müdafiə dəstələri son nəticədə geri çəkilməyə məcbur olublar. Özünümüdafiə dəstələrinin bir müddət erməni silahlılarının hücumlarının qarşısını almaları nəticəsində dinc əhali qəsəbədən çıxarılıb.

İşğaldan əvvəl əhali 350 ailə təsərrüfatı nəzdində 1796 nəfər təşkil edib. İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, on dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər məişət-iaşə obyektləri dağıdılıb.

Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər şəhid olub, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Şəhid olanlardan 3 nəfər qadın, 2 nəfər isə azyaşlı uşaq olub.

Qeyd edək ki, ölkəmiz təcavüzkar Ermənistanın işğalçılıq siyasəti nəticəsndə 1 milyondan çox soydaşlarımız öz doğma yurd-yuvalarından qaçqın düşsələr də, Azərbaycan dövləti bu insanları ağrı-acıları ilə tək qoymadı, onları düşdükləri ağır vəziyyətdən qurtarmaq üçün tədbirlər həyata keçirməyə başladı. Bütün qaçqın və məcburi köçkünlərin problemini ölkənin bir nömrəli problemi elan edən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlərə start verildi, çadır şəhərciklərinin ləğvinə başlanıldı, qaçqın və məcburi köçkünlər üçün bütün şəraiti olan yeni qəsəbələr salındı. Həmin tədbirlər də böyük diqqət və qayğı ilə Prezident İlham Əliyev tərəfindən davam etdirildi. 2003-cü ildə Prezident seçkiləri öncəsi "Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq" vədini verən dövlət başçısı bu vədi vaxtından əvvəl, 2007-ci ildə tam başa çatdırdı.

Doğrudur, məcburi köçkünlər dövlət qayğısı ilə əhatə olunublar, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm tədbirlər görülüb. Lakin bu diqqət onları doğma ocağa qayıtmaq arzusunu unutdurmayıb, öz dədə-baba yurdlarına qayıtmaq ümidlərini daha da artırıb. Onlar Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal olunan torpaqlarımızın geri qaytarılacağına inanır və QƏLƏBƏ uğrunda müqəddəs savaşa hər an hazır olduqlarını bildirirlər.

R.HÜSEYNOVA

Digər xəbərlər