SİYASİ RAKURS
Buna səbəb onların Qərb havadarlarının Azərbaycana uduzmasıdır
Ölkə başçısı Cənab İlham Əliyevin imzaladığı növbəti Əfv Sərəncamından sonra 210 ailəyə bayramöncəsi sevinc bəxş olundu. Ümumiyyətlə, ənənə şəklini alan bu kimi humanizm addımları ildə bir neçə dəfə reallaşdırılır və bu, ilk növbədə Azərbaycan dövlətinin insanlıq amilinə verdiyi ən mühüm diqqətidir.
Lakin onu da qeyd etmək yerinə düşərdi ki, dövlət rəhbərliyinin mütəmadi olaraq atdığı humanizm addımları istər ölkəmizə qarşı daim qərəz, ikili standartlar siyasəti yürüdən bir sıra ABŞ və Qərb dairələri, həmçinin onlara nökərçilik edən radikal müxalifət partiyalarının "liderləri" tərəfindən necə deyərlər, "baltalanır".
AXCP, Müsavat kimi partiyaların "liderlərinin" Qərbdəki ağalarına yalmanmaları üçün əllərinə əla fürsət düşüb
Sirr deyil ki, Azərbaycan dövlətinin yürütdüyü müstəqil siyasət həmin dairələri qıcıqlandırır. Çünki onların diktələri, istək və arzuları digər ölkələrdən fərqli olaraq, ölkəmizdə ayaq tutub yeriyə bilmir. Ölkə rəhbərinin qətiyyətli və aşkar ifadələrindən də vurğulanır ki, heç kim bizimlə diktə, əmr dili ilə danışa bilməz. Danışarsa, mütləq öz müvafiq cavabını alacaq!
Beləlkilə, bu günlərdə imzalanmış əfv Sərəncamından sonra AXCP, Müsavat kimi partiyaların "liderlərinin" Qərbdəki ağalarına yalmanmaları üçün əllərinə əla fürsət düşüb. Bu fürsətdən maksimum şəkildə yararlanmağa cəhd edən sözdə fürsətcil müxalifətçilər indi də ABŞ Konqresinin Helsinki Komissiyası tərəfindən Azərbaycan hakimiyyətinə qarşı sanksiyaların qəbulu məsələsində üz-gözlərini cırır, haray-çivən qaldırırlar. Daha dəqiq desək, sanksiyaların qəbul olunması üçün əllərindən gələni əsirgəmirlər. Halbuki Helsinki Komissiyasının Konqresə təqdim etdiyi layihədə siyasi məhbusların azadlığa buraxılması əsas şərt (??!!-R.N.) kimi irəli sürülüb. Maraqlıdır, radikallar nəyə görə Azərbaycan dövləti və xalqı ilə şərt dilində danışan xarici dairələrə bu qədər bel bağlayırlar? Axı görünən amillərdən biri də budur ki, Helsinki Komissiyasının ABŞ Konqresinə təqdim etdiyi qondarma layihənin işlənib-hazırlanması üçün onu maliyyələşdirən dairələrdən biri də məhz erməni lobbisidir! Baxın, yenə də kökü erməni lobbisinə söykənən faktor və Azərbaycan müxalifəti…
210 məhbus dövlətin əfvindən yararlanır, bunlar isə "siyasi məhbus" dərdinə düşüb, azadlığa çıxan insanların yerinə öz çevrələrinin "dərdini" çəkirlər
Ümumiyyətlə, biz burada Azərbaycanın əleyhinə olan istənilən hadisədə erməni lobbisinin canfəşanlığının dəfələrə şahidi olmuşuq və məhz həmin canfəşanlığın tərkib hissəsində Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli, İsa Qəmbər və s. bənzər tipajların icraçı rolunda çıxış etdikləri artistizmləri də çox görmüşük. Təəssüf ki, indi də bu məsələni "siyasi məhbus" ssenarisində görməkdə davam etməkdəyik. 210 məhbus (!!!-R.N.) dövlətin əfvindən yararlanır, bunlar isə "siyasi məhbus" dərdinə düşüb, azadlığa çıxan insanların yerinə öz çevrələrinin "dərdini" çəkirlər. Çünki ortada gəlir mənbəyi var və Əli Kərimli və s. kimilərini reallıqda qətiyyən onların aqibətləri maraqlandırmır. Hətta deyə bilərik ki, bu gün həbsdə qalmaqda davam edən NİDA və s. radikal təşkilat üzvlərinin əksəriyyətinin günahı bilavasitə Əli Kərimlinin boynundadır. Bu gün Əli Kərimli toruna düşmüş və məlum cinayət əməllərinə görə azadlıqdan məhrum olunaraq həbsə qalan hər bir məhbus valideyninin ahı-naləsi də birbaşa Əli Kərimliyə aiddir! Xatırlatmaq yerinə düşərdi ki, Əli Kərimli NİDA-çılar həbs olunduqdan sonra nə onların ailələrinə baş çəkib, nə də onlara hər hansı bir maddi-mənəvi yardımlarda bulunub. Hansı ki, onları öz toruna salaraq çirkin işlərə bulaşdıran, gələcəklərini məhv edən Əli Kərimli bu gün Azərbaycana qarşı sanksiyalar tədbiq etmək istəyən xarici dairələrdən kifayət qədər qrantlar almağa nail olub.
Facebookda klaviaturalara hücum çəkib "ağıllı" statuslar yazan Əli Kərimlinin nəyə görə bu qədər "pəjmürdə" olduğu bəllidir
İndi, bunların yöndəmsiz düşüncələrinə görə, hakimiyyət azad olunan məhbuslar siyahısına həmin adamların adlarını salmamaqla guya anti-demokratik qərar qəbul edib. Bəs onda azadlığa buraxılan 210 nəfər insanın, onların ailələrinin sevinclərini hara yazaq, əcəba?! Niyə Əli Kərimlini və s. radikal müxalifət "liderlərini" bu qədər insanın azadlığa buraxılması sevindirmir? Cavab bəsitdir – ona görə ki, onların azadlığa buraxılmalarından cibinə heç nə gəlmir!
Beləlkilə, hər dəfə belə addımlar atıldığı zaman facebookda klaviaturalara hücum çəkib "ağıllı" statuslar yazan Əli Kərimlinin nəyə görə bu qədər "pəjmürdə" olduğu bəllidir. Çünki o elə sanır ki, Helesinki Komissiyasının ABŞ Konqresinə təqdim etdiyi qondarma sanksiya layihəsi qəbul edilər-edilməz onun kapitalında artım başlayacaq. Ancaq bəri başdan deyək ki, Əli Kərimli ac toyuq yuxusunda darı gördüyü kimi, bunu da öz yuxusunda görəcək.
Rövşən NURƏDDİNOĞLU
P.S. Əslində, sözügedən məsələdən narahat olanlar özlərini çox "cırmasınlar". Qarşıda da bayramlarımız var və Azərbaycan dövləti heç bir xarici müdaxiləyə fikir vermədən, heç bir şərt qəbul etmədən, növbəti Əfv Sərəncamı müqabilində lazım olan məhbusları azadlığa buraxdırıb, onları öz ailələrinə qovuşmalarına səbəb olan addımı atacaq. Ancaq Əli Kərimliyə və onun kimilərinə bu da sərf etmir. Bilirsiniz niyə? Ona görə ki, belə olanda da, onun cibinə maliyyə axını olmayacaq.