Bunu Azərbaycan Prezidentinin yeni Əfv Fərmanı da təsdiqləyir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl ərəfəsində, dekabrın 28-də "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncam imzalayıb. Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxıldığı, məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışlarının nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 198 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, 3 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 9 nəfər isə cərimə cəzasından azad olunub.
Qanunların aliliyinə hörmət, humanizm prinsipinə sədaqət
İlk gündən demokratik, hüquqi dövlət quruculuğu yolunu tutan müstəqil dövlətimiz bu istiqamətdə bütün maneləri dəf edərək, həyata keçirdiyi uğurlu islahatları ilə dünyanın diqqətində dayandı. "Azərbaycan demokratiya yolu ilə gedir və gedəcəkdir. Bu, bizim strateji kursumuzun mahiyyətini təşkil edir və biz heç vaxt bu yoldan dönməyəcəyik" söyləyən Ulu Öndər Heydər Əliyev insan hüquqlarının qorunmasını və müdafiəsini dövlətin siyasətində prioritet məsələ kimi öndə saxladı. O bildirirdi ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. 1995-ci il noyabrın 12-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquqlarının qorunmasına və müdafiəsinə xidmət edir.
"Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq" söyləyən Prezident İlham Əliyev eyni zamanda bu fikri önə çəkir ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz: "İqtisadi cəhətdən güclü ola bilərsən, amma demokratiya yoxdursa, şəffaflıq yoxdursa, insan hüquqları qorunmursa, uğur qazana bilməzsən."
İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyev 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nı təsdiq etdi. Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli "Azərbaycan Respublikasında İnsan Hüquqları Gününün təsis edilməsi haqqında" Sərəncamı bir daha bu sahəyə diqqətin bariz nümunəsidir.
Demokratik prinsipləri bu gününün və gələcəyinin əsası kimi qəbul edən dövlətimizin 2001-ci ilin yanvarında dünyanın nüfuzlu təşkilatlarından olan, əsasən demokratik dəyərlərin inkişafı ilə məşğul olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması və əlaqələrin bu günə qədər yüksələn xətt üzrə inkişafı, eyni zamanda ölkəmizin BMT-nin İnsan Haqları Bürosuna üzv seçilməsi bir daha təsdiqləyir ki, dövlət quruculuğunda nəinki tarixi və milli ənənələrimiz nəzərə alınır, həm də dünya təcrübəsindən istifadə edilir.
Təbii ki, hüquqlarımızla yanaşı, vəzifələrimiz də var. Dövlət başçısı bildirir: "Bu gün Azərbaycanda bütün azadlıqlar mövcuddur. Ancaq eyni zamanda, qanun-qayda da var. Azərbaycanda Konstitusiyada təsbit olunmuş bütün azadlıqlar, hüquqlar qorunur. Eyni zamanda, hər bir vətəndaş da məsuliyyətini hiss etməlidir. Heç kimə imkan verilməyəcək ki, qanunu pozsun. Heç kimə imkan verilməyəcək ki, hansısa müstəsna güzəştlərə malik olsun. Hamı necə, başqası da elə. Biz hüquqi dövlət qururuq. Qanunun aliliyi bizim üçün başlıca şərtdir və heç kimə, heç bir şəxsə, heç bir qüvvəyə imkan verilməyəcək ki, qayda-qanunu pozsun, qeyri-qanuni hərəkətlər etsin." Bu, dövlət-vətəndaş münasibətləridir. Bu gün dünyanın hər yerində bu münasibətlər bir prinsipə əsaslanır- Məsuliyyətli dövlət və məsuilyyətli vətəndaş. Dövlət üzərinə düşən vəzifəni qəbul etdiyi qanunlarla, mühüm əhəmiyyətli dövlət proqramları ilə gerçəkləşdirir. Bu gün Azərbaycanın iqtisadi inkişaf modelinin, demokratiya təcrübəsinin digər ölkələrə nümunə göstərilməsi, sabitlik diyarı kimi tanınması, sözsüz ki, uğurlu və düşünülmüş siyasətin nəticəsidir. Ölkə vətəndaşı isə bu inkişafa dəstək olmalı, ölkə həqiqətlərinin təbliğində üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməli, cəmiyyətin idarə olunmasında mühüm rol oynayan qanunlara hörmətlə yanaşmalı və onlara yüksək səviyyədə riayət etməlidir.
İmzalanan Əvf Fərmanları və Amnistiya Aktları dövlətin insan hüquq və azadlıqlarının qorunmasına xüsusi diqqətin bariz nümunəsidir
1995-ci ildən imzalanan Əvf Fərmanları və Amnistiya Aktları da dövlətin insan hüquq və azadlıqlarının qorunmasına xüsusi diqqət göstərdiyini təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin əlamətdar hadisələr ərəfəsində növbəti Əfv Fərmanını imzalaması da əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan humanizm siyasətinin uğurla davam etdirilməsinin təsdiqidir.
Növbəti Əfv Fərmanı Ulu Öndər Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev bir-birinin ardınca imzaladığı Əfv Sərəncamları ilə humanizm prinsiplərinə sadiqliyini nümaiyş etdirir. Məhz dövlətimizin humanist siyasəti nəticəsində qısa müddət ərzində 60-a yaxın Əfv Fərmanının 5 mindən artıq vətəndaşımızın azadlığa buraxılmasını həm Azərbaycan ictimaiyyəti, həm də beynəlxalq aləmdə çox yüksək dəyərləndirilir. Dövlət başçısı İlham Əliyevin məhbusların cəzasının çəkilməmiş hissəsindən azad edilməsi barədəki Sərəncamı insanların cəmiyyətə inteqrasiya olunmalarına, sivil Azərbaycan dövlətinin layiqli vətəndaşı kimi uca adı daşımalarına bir daha imkan yaradır. Bu kimi sərəncamlar eyni zamanda vətəndaşların qanunlara hörmət etmələrinə müsbət təsir göstərir və Ulu Öndərin insanpərvərlik ənənələrinin ölkəmizdə layiqincə davam etdirildiyini əks etdirir. Dövlətimizin başçısı daima çıxışlarında əfv edilmiş və islah olunaraq, azadlığa çıxan məhkumlara qanun pozuntularından, cinayət törətməkdən yayınmağı, ailələrinə, sağlam həyat tərzinə qayıtmağı, faydalı əməklə məşğul olmağı tövsiyə etmişdir.
Beləliklə, Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamları və Amnistiya Aktları humanizm siyasətinin növbəti təntənəsini təşkil etməkdədir. Bu, öz növbəsində dövlətin öz vətəndaşlarına verdiyi dəyəri əks etdirən bariz nümunə kimi dəyərləndirilməlidir.
RƏFİQƏ KAMALQIZI