Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi oldu. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratdı. Hakimiyyətə gəldiyi zamandan başlayaraq Ümummilli Lider bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı. Zaman keçdikcə diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
Xatırladaq ki, hələ XX əsrin 70-ci illərinin əvvəllərindən başlayan milli dirçəliş, iqtisadiyyat, mədəniyyət, elm, təhsilin inkişafı, mənəvi mühitin sağlamlaşdırılması bütövlükdə milli özünüdərkə təkan verdi. 70-80-ci illərdə Heydər Əliyev böyük qətiyyət, əzm və cəsarətlə xalqın tarixi yaddaşının qorunmasına, mədəniyyətimizin tərəqqisinə, Azərbaycanın bütün dünyada tanınmasına çalışırdı. Həmin dövrün mövcud siyasi reallıqları diaspor problemi ilə milli-ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verməsə də, mədəniyyət, incəsənət və elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının Vətənlə əlaqəsinə xidmət edəcək hər bir imkandan istifadə edilirdi. Xarici ölkələrlə mədəni əlaqələrin güclənməsi, tərcümə işinin vüsətlənməsi, xaricdə yaşayan həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin ("Vətən" cəmiyyəti) yaradılması həmvətənlərimizin birliyinə və Vətənlə əlaqəsinə xidmət edən belə mühüm addımlardan idi. İlk növbədə isə, respublikamızın hərtərəfli inkişafı həmvətənlərimizdə milli qürur hissi oyadaraq onlarda ana yurda maraq və bağlılığı artırırdı.
Ümummilli Lider Azərbaycan xalqının elmi-intellektual potensialının gücləndirilməsi məsələlərinə həmişə böyük diqqətlə yanaşdığından, Onun rəhbərliyi dövründə yüzlərlə həmvətənimiz SSRİ-nin ən nüfuzlu təhsil ocaqlarında təhsil almaq imkanı əldə etdilər. Belə ki, keçmiş SSRİ məkanının 50-dən çox böyük şəhərinin 170-dən artıq ali təhsil ocağında elm, iqtisadiyyat, mədəniyyət, istehsalat və digər sahələrini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən artıq ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc təhsil almış və yüksək ixtisaslara yiyələndi. Əlbəttə, bu kadrların bir çoxu yenidən Azərbaycana qayıdıb, respublikanın ümumi inkişafına töhfələrini verdilər. Lakin onların bir qismi təhsil aldıqları şəhərlərdə məskunlaşdı. Bir sözlə, 70-80-ci illərdə sovet dövlətində gedən inteqrasiya prosesləri, gənclərimizin digər respublikalarda təhsil almaları onların miqrasiyasına təkan verdi. Respublikamızdan kənarda əmək fəaliyyətinə başlayan həmin mütəxəssislər bir tərəfdən həmvətənlərimizin mütəşəkilliyinin güclənməsinə, digər tərəfdən elm və mədəniyyətimizin inkişafına yardım göstərdilər. Dünya azərbaycanlılarında milli şüurun güclənməsində Heydər Əliyevin Moskvada sovet dövlətinin rəhbərlərindən biri kimi fəaliyyətinin də xüsusi rolu oldu. Həmvətənlərimiz Milli Liderimizin dünya miqyaslı siyasi fəaliyyətini milli idrak və xarakterin parlaq təzahürü kimi qəbul edir, xalqımızın özünə inamı, özünüdərki və mütəşəkkilliyi güclənirdi.
Müstəqillik qazanmış dövlətdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Ümummilli Lider Heydər Əliyevin məlum Sərəncamı bu möhtəşəm ideologiyanın gerçəkləşməsinə istiqamətləndi. Dünya azərbaycanlılarının I Qurultayı xaricdəki soydaşlarımızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda böyük addım, gələcəyə istiqamətlənmiş önəmli tədbirlərdən biri kimi milli ideologiyamız olan azərbaycançılıq ideyası ətrafında birlik və həmrəyliyi nümayiş etdirdi. Qurultayda xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü. Ümummilli Lider Heydər Əliyevə məxsus olan bu ideya Azərbaycan diasporunun formalaşdırılması prosesini sürətləndirməyə xidmət edirdi. Bütün dünyada yaşayan azərbaycanlılar, Azərbaycan icmalarının nümayəndələri ilk dəfə olaraq Azərbaycana, onun paytaxtı Bakı şəhərinə toplaşdı. Heydər Əliyev qurultaydakı çıxışında bildirdi ki, uzun illər Sovetlər İttifaqı kimi böyük bir super dövlətin tərkibində ikən xaricdəki soydaşlarımızla, həmvətənlərimizlə əlaqə saxlamaq mümkün olmadığı halda, daim düşünmüşük ki, müxtəlif ölkələrdə azərbaycanlılar necə yaşayırlar, nə edirlər və məhdud imkanlardan istifadə edərək onlarla əlaqələr qurmağa çalışmışıq: "1991-ci ildə Sovetlər İttifaqının dağılması və Sovetlər İttifaqının tərkibində olan 15 müttəfiq respublikanın öz müstəqilliyini əldə etməsi, Azərbaycan xalqının milli azadlıq arzularının yerinə yetirməsi, Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi və 1920-ci ildə itirilmiş müstəqilliyi bərpa etməsi bizə imkan verdi ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrimizi genişləndirək, onlara həmrəyliyimizi bildirək və dünya azərbaycanlılarının daha da həmrəy olması üçün öz xidmətlərimizi göstərək. Biz hələ müstəqilliyimizin ilk aylarında, 1991-ci il dekabr ayının 31-də dünya azərbaycanlılarının həmrəyliyi günü haqqında qərar qəbul etdik. Biz o vaxtdan bu günü böyük bayram kimi qeyd edirik və o vaxtdan da dünyada yaşayan azərbaycanlılarla əlaqələrimiz tədricən inkişaf etməyə başladı. Bunların hamısı Azərbaycanın müstəqilliyinin və Azərbaycan xalqının milli azadlığının nəticəsidir."
Müasir dövrümüzdə dünyanın bir çox ölkələrində - Avropada və Şimali Amerikada artıq böyük Azərbaycan icmaları yaranıb. Son illər bu icmalar daha da möhkəm təşkilatlanır, genişlənir və azərbaycanlıların yaşadıqları ölkələrdə onların birliyini, həmrəyliyini təmin edir. Onların sayı Birləşmiş Ştatlarda 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır.
Bu gün Heydər Əliyevin diaspor quruculuğunda qoyduğu ənənə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğrla davam etdirilir. Müasir həyatımızda Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü diaspor siyasəti uğurla həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin dünya azərbaycanlılarını vahid məqsəd ətrafında birləşdirmək siyasəti bu gün Prezident İlham Əliyevin fəaliyyətində davam etdirilir. Bu isə həmvətənlərimizin təşkilatlanması, onlar arasında ideya-mənəvi birliyin daha da möhkəmləndirilməsi, diaspor quruculuğu işinin müvəffəqiyyətlə həyata keçirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası, soydaşlarımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin artırılması, tarixi Vətənlə əlaqələrinin genişləndirilməsi, habelə diaspor təşkilatları arasında səmimi əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının təbliğat sahəsində fəaliyyətin daha da gücləndirilməsi, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması ilə bağlı faktlar da kifayət qədərdir.
Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir. İndiyədək əldə olunan təcrübə diaspor təşkilatlarımızın daha yetkin və nəzərəçarpacaq fəaliyyət göstərməsinə imkan verir. Diasporumuzun gördüyü işlər yaşadıqları ölkələrin siyasi həyatına təsir edəcək səviyyəyə yüksəlir. Bütün bunlar Heydər Əliyevin azərbaycançılıq ideologiyasının məntiqi nəticəsidir.
Nəzakət ƏLƏDDİNQIZI