Bildiyimiz kimi, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün bu il də baş tutması ehtimalı istisna edilmir. Artıq növbəti görüşün Minskdə keçiriləcəyi barədə də bir sıra fikirlər səsləndirilməkdədir. Politoloq Elşad Mirbəşiroğlu da bizimlə söhbətində bildirdi ki, bu il Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prezidentlərin görüşünün baş tutması ehtimalları böyükdür: "Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə beynəlxalq hüquq normaları çərçivəsində ədalətli tənmizlənməsi istiqamətində bütün mümkün addımları atıb. Amma təəssüflər olsun ki, buna beynəlxalq ictimaiyyətin ikili yanaşması, eyni zamanda, Ermənistanın özünün işğalçılıq siyasətini davam etdirməsi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə ciddi şəkildə mane olur. Geridə qoyduğumuz 2015-ci ildə də məhz işğalçı ölkə olan Ermənistanın destruktiv mövqeyi münaqişənin tənzimlənməsini qeyri-mümkün etdi."
Politoloq, eyni zamanda bildirib ki, bu məsələdə ATƏT-in Minsk Qrupu istənilən nəticəni əldə edə bilmir və ictimaiyyət bu qurumun fəaliyyətinə ciddi yanaşmır: "Xüsusi olaraq qeyd etmək istəyirəm ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin dekorativ fəaliyyətləri Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində hər hansı bir irəliləyişi şərtləndirə bilmədi. Bildiyiniz kimi, prezidentlərin sonuncu görüşü də eyni səbəblər üzündən nəticəsiz qaldı. O ki qaldı yenicə qədəm qoyduğumuz 2016-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı bir irəliləyişin baş verməsi məsələsinə gəlincə isə, ilk öncə biz burada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin sərgiləyəcəyi mövqeyə və işğalçı ölkə olan Ermənistanın davranışlarına bir daha nəzər salmalıyıq."
Elşad Mirbəşiroğlu xatırladıb ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin əsas iş fəaliyyəti məhz Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına çalışmalarıdır: "Amma biz həmsədrlərdən bu münaqişənin həll olunması ilə bağlı hər hansı bir irəliləyiş görmürük. Əgər hər iki tərəfin mövqeyində və davranışlarında hər hansı bir dəyişiklik müşahidə olunmazsa, onda bu ildə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində müsbət dəyişiklikdən danışmaq əsasız olacaqdır. Hətta prezidentlər səviyyəsində görüşlər intensiv xarakter alsa belə, Ermənistan özünü cəzasızlıq şəraitində hiss etdiyi təqdirdə, münaqişənin tənzimlənməsinin əngəllənməsi üçün əlindən gələni edəcəkdir. Bu baxımdan, ümid edək ki, bu ildə hər şeydən öncə beynəlxalq ictimaiyyət münaqişə vəziyyəti ilə bağlı obyektiv mövqe sərgiləyərək işğalçı ölkə olan Ermənistana qarşı cəza tətbiq edəcəkdir. Təbii ki, beynəlxalq ictimaiyyət burada günahkar tərəfin kim olduğunu çox gözəl bilir. Amma bu reallığı dilə gətirib demək istəmir. Bir sözlə, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının əsas yolu işğalçı ölkə olan Ermənistana ciddi təzyiqlərin edilməsidir ki, Ermənistan öz yerini bilsin. Əks halda biz sözügedən problemin sülh yolu ilə tez bir zamanda həll olunacağını gözləməməliyik".
GÜLYANƏ