"Hesab edirəm ki, Avropa ölkələrində, ABŞ-da insan haqları ilə bağlı Azərbaycana yönəlik təhdidlərə qarşı sanksiya tətbiq etmək əsaslı həll vasitəsi deyil". Bunu SİA-ya Azərbaycan Milli Elmlət Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva deyib.Onun sözlərinə görə, Azərbaycanda radikalyönümlü, ictimai asayişi, sabitliyi pozan şəxslər mütləq şəkildə cəzalandırılacaq: "Bu, normal haldır. Çünki bütün dövlətlərdə belədir. Heç kimə sirr deyil ki, Avropada aqressiv mitinq edənlər polis tərəfindən döyülür və həbs edilir. Bunu heç kim siyasi məhbus kimi qiymətləndirmir. Biz Avropa ölkələrində şahidi oluruq ki, etiraz edən insanlara qarşı polis necə vəhşicəsinə hərəkət edir. Bunlar isə bizim ölkəyə yad şeylərdir. Azərbaycan bir çox sahələrdə (tolerantlıqda, multikulturalizmdə, başqa dinlərə, xalqlara münasibətdə və s.) Avropa üçün nümunədir. Onun üçün də mən burada irqi, milli, siyasi ayrı-seçkiliyi görmürəm. Bu gün Azərbaycan Milli Məclisində ayrı-ayrı partiyaların nümayəndələri təmsil olunur. Hətta onlar bəzən kəskin şəkildə öz fikirlərini söyləyirlər və buna da hüquqları var".
sia.az