"Ümumiyyətlə İran-Səudiyyə Ərəbistanı arasında münasibətlər çoxdan gərgindir". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.Onun sözlərinə görə, hər iki dövlət müxtəlif qütblərdə dayanır: "Burada maraqların kəsişməsi, dini mənsəb məsələsi var və s. İki ölkə arasında iqtisadi problemlər və islam dünyasında liderlik məsələsi mövcuddur. Bu cür hallar üstündə iki dövlət arasında xeyli müddətdir ki, qarşıdurma gedir. İndi də onlar hansısa hadisəyə bənd idilər ki, prosesləri daha da gərginləşdirsinlər. Səudiyyə Ərəbistanı tam şəkildə ABŞ-ın nəzarətindədir. Bu dövlət bütün hallarda qərarları Amerikanın razılığı ilə qəbul edir. Hətta son 30-40 il ərzində Səudiyyə Ərəbistanında bu cür xəttə aparılır. Bu ölkə 70-ci illərdə ABŞ-ın təsirindən çıxmağa cəhd etdi və hətta az zaman keçməmişdi ki, orada dövlət çevrilişi oldu. Səudiyyə Ərəbistanı ondan sonra sanki tam şəkildə Amerikanın iradəsini icra etməyə başladı".A.Nağı əlavə edib ki, bu proseslərdə ABŞ-ın da təşəbbüsü qaçılmazdır: "Çünki Amerika iqtisadi maraqlardan çıxış edərək İranla müəyyən yaxınlaşmaya gedir. Həmçinin də İrana hansısa təzyiq vasitəsini əldən vermək istəmirlər. Düşünürəm ki, İrana təzyiq vasitəsi kimi ortaya yeni forma atırlar. Hesab etmirəm ki, bu gərginlik müharibəyə gətirib çıxarsın".Qeyd edək ki, İran-Səudiyyə Ərəbistanı arasında gərginlik din alimi Nimr ən-Nimrin ötən gün Səudiyyə Ərəbistanında edam edilməsindən sonra kəskin hal alıb.
sia.az