Millət vəkili: "Söyün Sadıqov və İlqar Hacıyev kimilərdən Azərbaycan maraqlarına zidd istifadə edilir"
Məlum olduğu kimi, Rusiya özlərini "azərbaycanlı" adlandıran şəxslər Azərbaycan diasporasının adından Dövlət Dumasında müzakirəyə çıxarılmış "erməni soyqırımı"nın inkar edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu dəstəkləyiblər. Bu, həmin şəxslərdir ki, 2013-cü ildə Azərbaycanda ajiotaj yaratmaq üçün antimilli qüvvələrə dəstək nümayiş etdirirdilər. Söyün Sadıqov və İlqar Hacıyev kimilərin Azərbaycan diasporası adından ermənilərə dəstək nümayiş etdirməsi, bir daha sübut edir ki, bu insanalar milli qürur və ləyaqət hissindən tamamilə məhrumdurlar. Əslində, fakt budur ki, bu adamların milliyəti azərbaycanlı olsa da, ancaq Azərbaycan vətəndaşı deyillər, onlar zaman-zaman ölkəmizə qarşı hazırlanan kompromatlarda yer alıblar. Xalqımıza qarşı dəfələrlə soyqırımı siyasəti həyata keçirən ermənilərin özlərinə "soyqırımı qurbanları" kimi dəstək vermək elə əsl ermənipərəstlikdir və adamların azərbaycanlıları adından danışması qətiyyən yolverilməzdir. Vaxtilə "Milli Şura" adı altında fəaliyyət göstərən ekstremistlərə dəstək nümayiş etdirən bu adamların ermənilərə can yandırması heç də təəccüblü deyil. Çünki Söyün Sadıqovun, İlqar Hacıyevin, "milli şura"nın və ermənilərin dövlətimizə, millətimizə olan münasibəti eynidir.
Məsələ ilə bağlı sosial şəbəkələrdəki statusunda millət vəkili Fazil Mustafa bildirib ki, Söyün Sadıqov və İlqar Hacıyev kimilərden Azərbaycan maraqlarına zidd istifadə edilir: "Baxarsınız, bir gün həmin adamlar Narışkinə rus ordusunun Azərbaycana yeridilməsi ilə bağlı da müraciət edəcəklər. Əslində, mən bu məsələyə o qədər də faciəli yanaşmıram. Onsuz da son bir ildə Rusiyada rəsmi səviyyədə alınan axmaq qərarların sayı kifayət qədərdir və bu da olsun onlardan biri. Əsas odur ki, heç olmasa, bu hadisədən nəticə çıxaraq".
Azərbaycan diasporası adından çıxış etməyin Söyün Sadıqova heç də asan başa gəlməyəcəyini deyən politoloq Vüqar Əsgərov "SƏS" qəzetinə açıqlamasında qeyd edib ki, bu addım Azərbaycan-Türkiyə münasibətlərinin korlanmasına yönəlib: "Lakin bu, baş verə bilməz. Çünki "milçək bir şey deyil, amma ürək bulandırır" prinsipi ilə yanaşsaq belə, bu, Türkiyə-Azərbaycan qardaşlığına xələl gətirə bilməz. Lakin bu məsələyə ciddi təpki göstərilməlidir. Hesab edirəm ki, bunu etməliyik. Hazırda böyük oyunlar gedir və bu oyunlardan ermənilər də çox mahir şəkildə istifadə etməyə çalışırlar. Şübhə etmirəm ki, Rusiya tərəfindən bu məsələdə hər hansı bir plan qurulmayıb. Şəksiz, bu, planlı şəkildə qurulmuş bir ssenaridir. Amma Söyün Sadıqovu hamımız tanıyırıq, onun azərbaycanlılar adından danışmağa heç bir haqqı yoxdur. O, bir neçə ilə öncə dövlətimizə qarşı açıq şəkildə əsl düşmənçilik mövqeyində dayanmışdı. Bu gün onun səsi çıxmırsa, bu, o demək deyil ki, Söyün Sadıqov xislətindən əl çəkib. Xeyr! Söyün Sadıqov ona görə var ki, zaman-zaman ölkəmizə qarşı kompromatlarda istifadə olunsun. Açığı, mən ondan hər şey gözləyirəm. Biz vaxtilə maraqlı məlumatlar əldə etmişdik. Bilirik ki, onun işçilərinin əksəriyyəti ermənilərdir, biznesini də ermənilərə həvalə edib. Öz millətimizə qarşı əks münasibətin şahidi oluruq".
Samir