ABŞ Konqresinin Azərbaycanla bağlı qəbul etməyə cəhd etdiyi qondarma layihənin rəsmi Ağ Ev tərəfindən dəstəklənməsi barədə yayılan fikirlər birmənalı deyil. Belə ki, istər xarici mediada, istərsə də yerli politoloqların fikirlərində müxtəlif faktorlara toxunulur ki, burada əsas məqam ABŞ-Azərbaycan münasibətləri prioritetlik təşkil edir. Eyni zamanda, qeyd olunur ki, məhz Helsinki Vətəndaş Assambleyası tərəfindən hazırlanan layihədə yalnız erməni lobbisinin canfəşanlığı rol almayıb. Belə ki, burada ABŞ-ın bəzi siyasi dairələrinin müstəqil Azərbaycanla diktə dilində danışması maraqları da mövcuddur. Lakin bütün bunlara baxmayaraq, layihənin Konqresdəki qəbulu yetərli qədər inandırıcı görünmür. Bu, həmçinin özünü layihənin qəbuluna qarşı açılmış petisiyada da özünü göstərir.
Məsələni şərh etmək üçün Milli Məclisin deputatlarına müraciət etdik. Onların SİA-ya verdikləri açıqlamalar kifayət qədər maraq kəsb etdiyi üçün hörmətli oxucularımızın diqqətinə çatdırırıq.
Millət vəkili Zahid Oruc: "Hər bir məsələ təşəbbüslərdən başlayıb ciddi anti-dövlət aktlarına çevrilir"
-Hazırkı anda məlumatlar onu göstərir ki, Kris Smitin hazırladığı qanun layihəsində Ağ Ev təmsilçilərinin rolu var. Əks halda sadəcə iki konqresmen tərəfindən layihələrin meydana çıxmasını müşahidə etməzdik. Biri məlum sanksiyalar sənədi, digəri isə Maqnitski aktının başqa bir formada təkrarı sayılan sənədin meydana çıxması yalnız parlamentarilərin iradəsinin məhsulu ola bilməz. Əlbəttə ki, biz bu məsələyə qarşı münasibətimizi kifayət qədər soyuqqanlı göstərməliyik. O baxımdan ki, Ağ Evin diplomatları, siyasiləri, keçmiş səfirlər bu işdə böyük bir şəbəkə yaradıblar və həmin qrupun içində ölkəmizin sakinləri də yer alır. Məlum müxalif qrupların ABŞ-da fəaliyyətləri, ABŞ tərəfindən maliyyələşdirilmələri bir daha onu göstərir ki, erməni lobbisi ilə bu müxalif qüvvələr birləşiblər. Bu, çox üzücü hadisədir. Sözügedən sənəd ayrı-ayrı məmurlara, hökümət təmsilçilərinə qarşı sanksiyaların tədbiqinə hesablanan addım deyil, bütünlükdə Azərbaycanın iqtisadi və siyasi nəfəsliyini bağlamaq çağırışları ilə doludur. Enerji resurslarının Azərbaycandan alınmamasından tutmuş iqtisadi embarqolara, diplomatik əlaqələrin dayandırılmasına, iqtisadi izolyasiyaya qədər məsələlərin yer aldığı sənəd birbaşa Azərbaycan xalqının əleyhinədir. Bir çoxları bəzən bu məqamı dəyərləndirə bilmirlər. Bizim mövqeyimizdə sənədin əhəmiyyətsiz olduğu və yaxud da erməni lobbisinin diaspora mərkəzləri ilə harmonik şəkildə ərsəyə gətirildiyi bəyan edilir. Amma unutmamalıyıq ki, Azərbaycan əleyhinə istənilən sənədə biganə yanaşmamalıyıq. Çünki hər bir məsələ qeyd olunan formada təşəbbüslərdən başlayır sonra isə ciddi anti-dövlət aktlarına çevrilir. "907-ci düzəliş" də məhz belə meydana gəlmişdi. Bunlar baş verməsin deyə Azərbaycanın diplomatları, parlamentariləri, diaspor təmsilçilərinin hər biri koordinasiyalı şəkildə bu layihə əleyhinə fəaliyyət göstərməlidirlər. Aktın qəbul edilməməsi üçün və ABŞ-la Azərbaycan münasibətlərinin nəzərtə almaqla, işlərə qarşı iradəmizi sərgiləməliyik. Bu Azərbaycan üçün həm də Qərblə münasibətlərinin testidir.
Millət vəkili Çingiz Qənizadə: "Bu kimi məsələləri Ağ Evlə əlaqələndirmək doğru deyil"
-ABŞ-da konqresmenlər müstəqildirlər, xüsusilə də respublikaçılar demokratik partiyasının nümayəndələri... Onlar bir-birlərini dəstəkləyərək istədikləri qanun layihəsinin keçməsinə nail olurlar. Bu baxımdan hesab edirəm ki, bu kimi məsələləri Ağ Evlə əlaqələndirmək doğru deyil. Sadəcə, bir nüans var ki, sözügedən qanun layihəsinin hazırlanmasında Helsinki Qrupunun nümayəndələrinin rəhbərliyinin iştirakı olub. Orada da ABŞ Dövlət Departamentinin rəsmisi yer alır. Hələ bilmək olmaz ki, bu məsələdə Departament rəsmisinin marağı nə qədərdir. Əgər onun maraqları ilə Kris Smitin marağı üst-üstə düşürsə, o zaman bunu ABŞ dövlətinin marağı kimi dəyərləndirə bilərik. Amma inandırıcı deyil ki, bu layihə ABŞ Konqresindən keçsin. ABŞ-la Azərbaycan tərəfdaşdır və münasibətlər də tərəfdaşlıq istiqamətində davam edir. Hesab edirəm ki, Ağ Ev bu qanun layihəsinin həyata keçməməsi üçün əlindən gələni etməlidir. Siyasətdə bəzi pərdəarxası oyunlar olur ki, bunu da yalnız zaman göstərəcək.
Petisiyanın hazırlanmasına gəlincə, bu onu göstərir ki, Smitin hazırladığı qanun layihəsini dəstəkləyənlərin sayı kifayət qədərdir. Ona görə də müzakirələr aparılıb və petisya istiqamətində işlər getməkdədir. Düşünürəm ki, bu da Azərbaycana olan təzyiqin bir formasıdır və son anda ABŞ hökuməti bu cür xoşagəlməz qanun layihəsinin imtina edəcək. ABŞ Konqresində yüzlərlə belə qanun layihəsi hazırlansa da, zamanla tarixin arxivinə atıldığının şahidi olmuşuq. Lakin iki dəfə dalbadal bu cür qanun layihəsi ilə çıxış etmək onu göstərir ki, erməni lobbisinin və onları dəstəkləyənlərin sayı Konqresdə artıb. Onların apardıqları fəaliyyətin nəticəsidir ki, qanun layihələrinin həyata keçirilməsində israrlıdırlar.
İntizarə Məmmədova