PDF Oxu

Siyasət

  • 20

Barak Obama ABŞ-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu sübuta yetirdi

Barak Obama ABŞ-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu sübuta yetirdi

Prezident İlham Əliyevi IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edən ABŞ prezidenti iki ölkənin münasibətlərinin pozulmasını istəyənlərə ağır zərbə endirdi

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Azərbaycan Preizdenti İlham Əliyevi öz ölkəsinə dəvət edib. Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov bildirib ki, 3 dekabr 2015-də Prezident Barak Obama Prezident İlham Əliyevə məktub göndərib: "Məktubda Prezident Obama Azərbaycan Prezidentini 2016-cı ildə Vaşinqtona IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib. Prezident Obama məktubda qeyd edib ki, Azərbaycan qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirir: "Ümidvaram ki, Azərbaycan nüvə və radioloji töküntülərin qadağası üçün xüsusi səylərini davam etdirəcəkdir".

Barak Obamanın bu dəvəti bir daha ABŞ-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu sübuta yetirdi. Ağ Ev rəhbərinin bu addımı son vaxtlar ABŞ ilə Azərbaycan arasındakı münasibətlərin gərginləşməsini istəyən bəzi qüvvələrin səsini kəsdi. Dövlət başçıları bir daha sübut etdilər ki, ABŞ-Azərbaycan münasibətləri daim sıx, yüksək səviyyədə olub və bu münasibətlər bundan sonra daha da müsbətə doğru inkişaf edəcək. Barak Obama bu münasibətlərə paxıllıq edən qüvvələrə növbəti dəfə rədd cavabını verdi.

Xatırladaq ki, bir müddət öncə erməni və ermənipərəst qüvvələrin dolayısilə sifarişi əsasında Helsinki Komissiyasının sədri, konqresmen Kris Smitin ABŞ Konqresinə anti-Azərbaycan xarakterli "Azərbaycan demokratiya aktı" adlı layihə təqdim etməsi həmin qüvvələr tərəfindən sevinclə qarşılandı və onlar ABŞ-Azərbaycan münasibətlərinin gərginləşəcəyini bəyan etdilər. Həmin qüvvələr Azərbaycanın özünü müxalifət hesab edən bəzi şərhçiləri vasitəsilə hay-küylə ictimaiyyətə təqdim etdilər ki, guya ABŞ Azərbaycana sanksiya təqdim edəcək, Azərbaycanla düşmən mövqedə dayanacaq və sair. Amma hər şey tamamilə başqa cür oldu. Yəni Prezident İlham Əliyevi IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edən ABŞ prezidenti iki ölkənin münasibətlərinin pozulmasını istəyənlərə ağır zərbə endirdi.

Digər tərəfdən Prezident İlham Əliyevin Vaşinqtona IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi ABŞ-ın Qafqazda müstəqil siyasət yürüdən qabaqcıl ölkə kimi Azərbaycana münasibətinin təzahürüdür. Çünki bundan əvvəl Prezident İlham Əliyev Koreya Respublikasının paytaxtı Seul şəhərində və Niderland Krallığının Haaqa şəhərində Nüvə Təhlükəsizliyi Sammitlərində iştirak edib. Bəllidir ki, Nüvə Təhlükəsizliyi Sammiti XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşüdür. Əllidən çox ölkənin dövlət və hökumət başçılarının, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri Sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən, dünyada təhlükəli nüvə materiallarının sayının azaldılması, radioaktiv mənbələrin təhlükəsizliyinin, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və digər məsələlər müzakirə olunur. Məhz bu görüşlərdə Azərbaycanın fəal iştirakı həm ölkəmizin nüfuzunu göstərir, həm də dövlətimizin bu addımı zirvə görüşlərinin mötəbər qonaqları tərəfindən yüksək qiymətləndirirlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyada nüvə təhlükəsizliyinə töhfə verməsi beynəlxalq birik tərəfindən təqdir olunur.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iştirak etdiyi Nüvə Təhlükəsizliyi Sammitlərində çıxışları zamanı əminliklə qeyd edib ki, Azərbaycan qlobal nüvə təhlükəsizliyinə mühüm əhəmiyyət verir və Beynəlxalq Nüvə Terrorçuluğu Aktlarının Aradan Qaldırılması Konvensiyası və Nüvə Materiallarının Fiziki Qorunması kimi mühüm beynəlxalq sazişlərə qoşulub. Azərbaycan nüvə təhlükəsizliyini təmin edən norma və standartların formalaşdırılması işində Beynəlxalq Atom Enerjisi Agentliyinin oynadığı rolu vacib hesab edir: "Ölkəmiz nüvə təhlükəsizliyinin müxtəlif aspektləri ilə bağlı agentliklə uğurlu əməkdaşlıq qurmuşdur. Biz mövcud uğurlu əməkdaşlığı 2008-ci ildə təsis etdiyimiz Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi vasitəsilə daha da genişləndirmək əzmindəyik.

Nüvə silahının yayılma təhlükəsini və coğrafi mövqeyimizi nəzərə alaraq Azərbaycan, ərazisindən nüvə qaçaqmalçılığı üçün tranzit marşrutu kimi istifadə edilməsi hallarının qarşısının alınmasına xüsusi əhəmiyyət verir. Azərbaycan beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək yüksək standartlara əsaslanan möhkəm qanunverici baza vasitəsilə ixraca nəzarət üçün güclü sistem yaratmışdır. Bu sistem nüvə qaçaqmalçılığının qarşısının alınmasında özünü etibarlı mexanizm kimi doğruldur.

Əfsuslar olsun ki, qonşu Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin davamlı işğalı səbəbindən beynəlxalq səviyyədə tanınmış cənub sərhədimizin 130 kilometrinə və Ermənistan ilə olan sərhədimizin böyük hissəsinə heç bir nəzarət mövcud deyildir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində həmin ərazilər artıq 20 ildir ki, Ermənistanın işğalı altındadır. Həmin torpaqlarda Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmışdır. Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının bütün işğalçı qüvvələrin Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnaməsinə məhəl qoymur.

Azərbaycan coğrafi şəraiti və ətraf mühit üçün baş verə biləcək transsərhəd fəsadları nəzərə alaraq, mülki məqsədlər üçün nüvə qurğularının təhlükəsizliyini və etibarlılığını möhkəmləndirmək məqsədilə göstərilən səyləri tam dəstəkləyir. Bu yaxınlarda sunami nəticəsində Fukusima Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzaya çox ciddi şəkildə yanaşılmalıdır.

Azərbaycan Ermənistanın 1976-cı ildə fəaliyyətə başlamış və hazırda köhnəlmiş Metsamor Atom Elektrik Stansiyasından olduqca narahatdır. Metsamor stansiyası bütöv region və yaxınlıqda olan qonşular üçün potensial fəlakət mənbəyidir. O, son illərini yaşayan reaktorun soyudulması üçün zəruri olan su resurslarının çatışmadığı yüksək dərəcəli seysmik zonada yerləşir.

Avropa İttifaqı Şərqi Avropa və keçmiş Sovet İttifaqında tikilmiş 66 sovet reaktoru arasında Metsamor reaktorunu "ən köhnəlmiş və ən etibarsız" hesab etmişdir. Hesabatda Metsamor "bütöv region üçün təhlükə" adlandırılır.

Bununla belə, biz nüvə enerjisi qurğusunu tikməyi arzulayan tərəfə səlahiyyətləri verəcək regional nüvə təhlükəsizliyini və etibarlılığını müəyyənləşdirən rejimlərin tətbiq edilməsini təklif edirik. Bu halda öz qonşularından razılığın alınması, həmin sahələrin etibarlılığı və təhlükəsizliyi barədə məlumatların şəffaf şəkildə mübadiləsi, yoxlamaların qəbulu və risklərə görə kompensasiyanın ödənilməsi kimi prosedurlar nəzərdə tutula bilər".

Bir sözlə, Azərbaycanın Vaşinqtonda sammitə dəvət edilməsi iki ölkə münasibətlərinin inkişafında növbəti mərhələ olacaq və Azərbaycan bu sahədə həyata keçirilən tədbirlərə verdiyi töhfələr öz nəticəsini verəcəkdir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər