PDF Oxu

Siyasət

  • 27

Hikmət Babaoğlu: “Yaxın Şərq Əfqanıstana çevrilənə qədər oyun davam edəcək" ŞƏRH

Hikmət Babaoğlu: “Yaxın Şərq Əfqanıstana çevrilənə qədər oyun davam edəcək" ŞƏRH

"Çox təəssüf ki, bizim də tarixən dini və mədəni baxımdan aid olduğumuz siyasi coğrafiyada hadisələrin inkişafı get-gedə daha da dramatikləşir. Baş verənləri realist mövqedən təhlil etsək görəcəyik ki, yaxın və orta müddətli perspektivdə daha pis ssenariyə hazır olmalıyıq". Bu fikirləri SİA-ya millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu İranla Səudiyyə Ərəbistanı arasında gedən münaqişəni şərh edərkən deyib.Millət vəkili bildirib ki, böyük bir mədəni -siyasi coğrafiyanı müharibə poliqonuna çevirən hadisələr bu regionun təbii hərbi -siyasi münasibətlərinin nəticəsi kimi yox, xaricdə hazırlanıb tədbiq edilən ssenari nəticəsində meydana çıxıb: "Deməli baş verən faciəvi hadisələrin bundan sonrakı inkişaf dinamikası da regional dövlətlərin iradəsindən asılı olmayacaq. Başqa sözlə ssenari müəllifi olan Qərb imperializmi Yaxın Şərqi Əfqanıstana çevirənə qədər regionda oyununu davam etdirəcək. Elə bu məqsədlə də bu tragedik oyuna hər gün yeni aktorlar cəlb edilir. Ən son cəlb edilən iki ölkə isə ənənəvi olaraq Yaxın Şərqdə söz sahibi olan ölkələrdir. Hadisələr bu cür davam edərsə, biz tarixdə görünməmiş müharibə vəhşətləri ilə üz-üzə qalacağıq. Çünki imperializmin son oyunu mənəviyyatsızlıq baxımından hərb tarixində tayı-bərabəri olmayan oyundur. Hesab edirəm ki, Səudiyyə Ərəbistanı da, qonşumuz İran da hər hansı addımı atmazdan əvvəl iki dəfə düşünsünlər. Əks təqdirdə gözlərini açmağa macal tapmamış özlərini amansız müharibənin içərisində görə bilərlər".Bu hadisənin Azərbaycana təsiri olub- olmayacağına isə millət vəkili belə aydınlıq gətirdi. H. Babaoğlu qeyd edib ki, bu hadisə Azərbaycana təsirsiz ötüşə bilməz: "Birincisi biz istəsək də, istəməsək də bu coğrafiya ilə bütövük. İkincisi isə İranda əhalinin böyük bir hissəsi ya bizim soydaşlarımızdır, ya da dindaşlarımızdır. Səudiyyə Ərəbistanı isə dini-mənəvi baxımdan bizim üçün dəyərlidir. Ona görə də Azərbaycan qonşu dövlətlərin daxili işlərinə qarışmadan bu münaqişənin ən qısa müddətdə, soyuqqanlılıqla həll edilməsinin tərafdarıdır".

sia.az

Digər xəbərlər