"Yeni ilin yəni, 2016-cı ilin başlamasından asılı olmayaraq qısa zamanda tədbirlər planını hazırladıq. Biz bu tədbirlər planını Yeni Azərbaycan Partiyasının (YAP) fəal gəncləri ilə birgə ərsəyə gətirdik. Təbii ki, gənclərin də təkliflərini həmin planda əks etdirməyə çalışmışıq. İlbəil artan o kreativ təkliflər tam fərqli bir formatda tədbirlər planında öz əksini tapıb". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr müavini, YAP GB ofisinin rəhbəri Əli Pənahov qurumun 2016-cı ildəki planları haqqında danışarkən deyib.Onun sözlərinə görə, gənclərin çox gözəl, dəyərli, yenilikçi, yaradıcı təklifləri var: "Bildiyiniz kimi qarşıdan Azərbaycanın ağır keçirdiyi günlərin (20 Yanvar hadisəsi, Xocalı faciəsi və s.) tarixləri gəlir. Bununla bağlı YAP GB-nın bir çox tədbirləri nəzərdə tutulub. Əsas məqsədimiz odur ki, bu təbliğat xarakterli tədbirləri xarici vətəndaşların nəzərinə çatdıraq. Azərbaycanın yaşından asılı olmayaraq hər bir vətəndaşı bu tarixlərlə tanışdı və onu əzbər bilirlər. Çalışırıq ki, sosial şəbəkələrdə xarici dillərdə və yaxud email ataklarla tamaşa formasında bu tarixi günləri xarici vətəndaşların diqqətinə çatdıraq. Hətta Azərbaycanda mötəbər günlər də var ki, biz o günlər ərəfəsində tədbirlə keçirmək niyyətindəyik.Sevinirəm ki, bu gün Azərbaycan gəncliyi, eləcə də YAP GB-nin fəalları bir-birindən dəyərli təkliflər irəli sürüblər. Həmin təkliflərin də dəyərləndirilməsi üçün hal-hazırda işlər həyata keçirilir. Düşünürəm ki, bu tədbirlərdən sonra bizim fəallarımız nə qədər çoxdursa, bir o qədər də artacaq. YAP GB özünün həyata keçirdiyi tədbirlərlə 2016-cı ilə də öz damğasını vuracaq".
sia.az