İlham Əliyev: "Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkədir"
Müasir dövrümüzdə iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi və əhalinin sosial həyat səviyyəsinin yüksəldilməsi dövlətimizin qarşısında vacib vəzifə kimi durur. Bu baxımdan, bilavasitə, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə regionların davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı hazırlanan və müvəffəqiyyətlə həyata keçirilən dövlət proqramları olduqca təqdirəlayiqdir. Qeyd etmək yerinə düşər ki, regionların inkişafını özündə ehtiva edən bu proqramların vaxtında və yüksək səviyyədə icra olunması Azərbaycanın ümumi iqtisadi gücünü artırmaqla yanaşı, istehsal müəssisələrinin fəaliyyətinin bərpasına, yeni istehsal müəssisələrinin yaradılmasına, yerli resurslardan istifadənin səmərəsinin artırılmasına, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasına, aqrar sektorda islahatların ikinci mərhələsinin sürətləndirilməsinə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılmasına yol açıb. Bütün bununla yanaşı, dövlətin inkişafı və zənginləşməsi son nəticədə vətəndaşların yaxşı yaşamasına, onların sosial tərəqqisinə səbəb olur.
Son 12 ildə dövlət proqramları çərçivəsində həyata keçirilən irimiqyaslı layihələrə diqqət yetirsək, bir daha şahidi olarıq ki, Azərbaycanda yaradılan yeni sənaye və istehsal müəssisələri, həmçinin iş yerlərinin həcminə görə postsovet dövlətləri ilə müqayisədə respublikamız xeyli irəlidədir. Bütün bölgələrdə yol infrastrukturunun yenidən qurulması başa çatdırılmış, indiyədək rahat yol arzusu həsrətində olan kənd sakinlərinin istəkləri reallaşdırılmış və bu istiqamətdə irimiqyaslı layihələr həyata keçirilmişdir. Dünya standartlarına cavab verən yeni yolların çəkilməsi, müasir yol ötürücülərinin, körpülərin, yeraltı və yerüstü piyada keçidlərinin tikilməsi əhalinin sabaha olan inamını daha da artırıb.
Digər tərəfdən, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına uyğun olaraq, bütün ölkə boyu yaradılan müasir infrastruktur sayəsində son illərdə Azərbaycanın tranzit imkanları əhəmiyyətli dərəcədə artmışdır. Ümumiyyətlə, son 12 ildə Azərbaycanda bütün sahələr üzrə sürətli inkişafın şahidiyik. Bunu ölkəmizə gələn qonaqlar, rəsmi dövlət nümayəndələri də etiraf edirlər. Bir neçə il sonra ölkəmizə yenidən gələn dövlət nümayəndələri Azərbaycandakı inkişafdan, baş verən dəyişikliklərdən heyranlıqla danışırlar. Biz birinci Avropa Oyunları zamanı da bunun şahidi olduq. Bu oyunları izləməyə gəlmiş turistlər arasında elələri var idi ki, onlar "Eurovision-2012"-də də ölkəmizdə olmuşdular. Onlar son üç ildə Bakıda baş verən dəyişikliklərdən, şəhərimizdə aparılan abadlıq və yenidənqurma işlərindən, səliqə-sahmandan, davamlı ictimai-siyasi sabitlikdən məmnunluqla danışırdılar.
Ölkə rəhbərinin 2014-cü il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionların, o cümlədən, qeyri-neft sektorunun inkişafı sahəsində 2004-cü ildən başlanmış tədbirlərin uğurlu davamına təminat yaradır.
"Sənaye ili" çərçivəsində respublikamızda 230-dan çox sənaye müəssisəsi yaradılıb
Qeyri-neft sektorunun inkişafının təmin olunmasında kənd təsərrüfatı və sənaye quruculuğu sahəsində qazanılan yüksək nəticələri xüsusi vurğulamaq gərəkdir. Respublikamızda 2014-cü ilin "Sənaye ili" elan olunması bir sıra müəssisələrin yaradılması, çoxlu sayda yeni iş yerlərinin açılması ilə əlamətdar olub. Təkcə "Sənaye ili" çərçivəsində respublikamızda 230-dan çox sənaye müəssisəsi yaradılıb. Ümumiyyətlə, son 12 ildə dövlətin güzəştli kreditləri sayəsində fəaliyyətə başlayan 500-dən çox yeni müəssisə hesabına respublikamızın sənaye xəritəsi əhəmiyyətli dərəcədə yenilənib.
Ötən il ərzində neftin qiymətinin aşağı səviyyədə olmasına baxmayaraq, iqtisadiyyatda 5,7 faiz artım olmuşdur. Qeyri-neft sektorunun inkişafında isə 9,2 faiz artım olmuşdur. Sənaye istehsalı təxminən 4 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faizdən çox artmışdır. Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin nəticəsidir. Əhalinin pul gəlirlərində də 6,2 faiz artım olmuşdur. Kənd təsərrüfatında 7,3 faiz artımın müşahidə olunması son illər ərzində ən yüksək artım tempindən xəbər verir.
Qeyd etmək lazımdır ki, qeyri-neft sektorunun inkişafı yeni iş yerlərinin açılmasına da müsbət təsir etmişdir. Ümumiyyətlə, son 12 il ərzində 1 milyon 400 min iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimi iş yeridir. Bunun hesabına Azərbaycanda işsizlik keçən ilin yekunlarına görə 5 faiz səviyyəsində olmuşdur. Onu da qeyd edək ki, bütün mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda işsizliklə və yoxsulluqla bağlı mübarizəni çox yüksək qiymətləndirirlər. Xalqımız bunu gündəlik həyatda görür.
Dövlət proqramlarının icrası ölkənin makroiqtisadi göstəricilərinin yaxşılaşmasına səbəb olub
Dövlət proqramlarının icrası ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb olub, bu dövrdə (2004-2014-cü illər ərzində) ümumi daxili məhsul (ÜDM) 3,2 dəfə, adambaşına ÜDM-in həcmi 2,8 dəfə, qeyri-neft sektoru 2,6 dəfə artıb və ölkəmizdə orta illik iqtisadi artım 12,9 faiz təşkil edib. Strateji valyuta ehtiyatları 31 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, idxal 4,1 dəfə, qeyri-neft ixracı 4,7 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri 16 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə, pensiyalar 9,6 dəfə, əhalinin əmanətləri 27 dəfə artıb. Həmçinin, minimum əmək haqqının məbləği ötən 10 ildə 11,7 dəfə artıb, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2013-cü ildə 5,3 faizə düşüb. Hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür. Son 1 ildə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilib və 12500-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb. 78 faizi regionlara yönəldilmiş bu güzəştli kreditlər hesabına 2014-cü ildə 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilib. 2015-ci ildə isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir. Son 1 ildə regionlarda sosial infrastruktur və kommunal xidmət təminatı da əhəmiyyətli dərəcədə yaxşılaşıb. Respublika üzrə 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30 yeni körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Əhalisi 960 min nəfər olan 597 yaşayış məntəqəsini birləşdirən 1300 kilometr uzunluğunda kənd yollarının çəkilməsi və yenidən qurulması işləri aparılıb, regionlarda 155 məktəb, 30 tibb müəssisəsi, 11 gənclər və idman, 43 mədəniyyət və digər sosial obyektlər tikilib və ya əsaslı təmir olunub, məcburi köçkünlər üçün 7 yeni yaşayış kompleksi salınıb, 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb, əlil və şəhid ailələri üçün 5 yaşayış binası tikilib.
Bütün bunlar onu göstərir ki, ölkəmizin iqtisadi inkişafı artıq yeni keyfiyyət mərhələsinə daxil olub. Yeni mərhələnin əsas hədəfi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.
RƏFİQƏ KAMALQIZI