PDF Oxu

Siyasət

  • 12

Qarabağımımız azad olunacaq!

Qarabağımımız azad olunacaq!

İlham Əliyev: "Prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son görüşü də formal xarakter daşıyıb"

Azərbaycanın zorən cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsinə münasibətdə dünyanın mövqeyi ermənilərin xeyrinə olmayan istiqamətdə dəyişir. Xüsusilə, münaqişənin həlli istiqamətindəki yanaşmalar bu problemin Azərbaycanın xeyrinə dəyişəcəyinə köklənir desək, yanılmarıq. Regionda sülhün bərqərar edilməsi, böyük enerji layihələrinin tempinin sürətlə inkişaf etdirilməsi, iqtisadi əməkdaşlıqların daha dinamik hala gətirilməsi ilə bağlı böyük dövlətlərin rəsmilərinin bir-birinin ardınca verdikləri açıqlamalar, bəyanatlar bunu deməyə əsas verir.

Bu günlərdə ölkə Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə dövlət başçısı sözügedən məsələyə toxunaraq bildirib ki, Ermənistan sülh istəmir, status-kvonu mümkün olduğu qədər çox saxlamağa çalışır, işğal olunmuş torpaqlardan çəkilmək niyyətində deyil: "Ermənistan danışıqları, sadəcə, bir proses kimi qəbul edir, vaxt uzatmaqla məşğuldur və danışıqları sonsuz bir proses kimi gələcəkdə də görmək istəyir. Bizim isə mövqeyimiz tam fərqlidir, biz münaqişənin həllini istəyirik. Minsk Qrupunun həmsədrləri də dəfələrlə bildiriblər ki, onlar da münaqişənin həllini istəyirlər. Təbii ki, vasitəçilərin vəzifəsi bundan ibarətdir. Əfsuslar olsun ki, bu istiqamətdə işğalçıya heç bir ciddi təzyiq göstərilmir".

Prezident İlham Əliyev onu da bildirib ki, münaqişənin həllində Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır: "2015-ci ildə Azərbaycan təmas xəttində üstünlüyə yiyələnib, öz iradəsini diqtə edib. Azərbaycan bundan sonra da döyüş potensialını gücləndirəcək".

"Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və işğal olunmuş torpaqların azad edilməsi ilə öz həllini tapa bilər"

Bu gün Azərbaycan çox yüksək dinamika ilə bir-birinin ardınca çox ciddi, böyük layihələrə imza atır. Regionda enerji layihələrində lider rolunu oynayan ölkə artıq enerji təhlükəsizliyinin mərkəzində də əsas fiqurlardan birinə çevrilir. Bu prosesdə belə bir mövqe sözsüz ki, sözügedən layihələrdə marağı olan böyük ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir. Məhz bu vacib səbəblərdəndir ki, Azərbaycan həmin layihələrin mərkəz təmsilçisi olaraq bu məsələlərlə əlaqədar aparılan danışıqlar proseslərində masa arxasında daima öz xüsusi rolunu qoruyub saxlayır. Artıq həm Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb olunan vasitəçi dövlətlərin rəsmiləri, həm də digər böyük dövlətlərin başçıları Qafqazda sülhə nail olunmasında, böyük iqtisadi enerji layihələrinin təhlükəsiz reallaşmasında maraqlarını gizlətmirlər. Deyilənlərin reallaşması üçünsə Dağlıq Qarabağ münaqişəsi tezliklə sülh yolu ilə həll olunmalıdır. Təbii ki, münaqişənin sülh yolu ilə həlli məsələsinin gündəmə gəlməsi Azərbaycanın haqlı, ədalətli mövqeyini qabardır, önə çıxarır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və işğal olunmuş torpaqların azad edilməsi ilə öz həllini tapa bilər. Çünki bu gün Azərbaycan əsgəri işğal altındakı torpaqlardan düşməni çıxarmağa hazırdır. Çünki müasir silah-sursat, maddi-texniki təminata malik Azərbaycan Ordusu bu gün qarşıya qoyulan istənilən döyüş tapşırığını yerinə yetirmək qüdrətindədir. Çünki hər gün inkişaf edən Milli Ordumuz düşməndən hər cəhətdən üstündür. Xalqı aclıq, səfalət içərisində yaşayan, iqtisadiyyatı çökmüş Ermənistan iqtisadi baxımdan güclü Azərbaycanla müqayisədə çox zəifdir.

Bunu artıq Ermənistanda da anlayır, başa düşürlər. Həm də hər kəsin bu məkanda mövcud olduğu yer bəlli. Ermənistan cani-dildən nə qədər çox istəsə də, yerlərin dəyişdirilməsi "sevgisi" reallaşmayacaq...

R.HÜSEYNOVA

Digər xəbərlər