Azərbaycan Prezidentinin Sərəncamı ilə 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi ölkəmizdə multikultural mühitə olan münasibətin daha bir real ifadəsidir
Azərbaycan minilliklər boyu müxtəlif xalqların azad, sərbəst və heç bir maneə ilə rastlaşmadan yaşadığı bir məmləkətdir. Bu, tarixin bütün dönəmlərində və mərhələlərində belə olub. Tarixi ənənəyə söykənən və uzun əsrlər formalaşan tolerantlıq mühüti azsaylı xalqların hüquqlarının qorunmasına və onlara ana dilini, mədəniyyətini, dinini yaşatmaq üçün şərait yaradılıb. Belə ənənənələrə sahib olan ölkəmiz artıq dünyanın nəzərində, gözündə nümunəvi bir dövlətdir. Bu gün dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük və humanitar əməkdaşlıq mərkəzinə çevrilib.
Azərbaycan müstəqillik illərində dövlət dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində çox mühüm və ciddi addımlar atıb. Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olaraq dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Bu gün ölkəmizdə bütün millətlərin və dinlərin nümayəndələri tam qarşılıqlı anlaşma, milli həmrəylik şəraitində yaşamaları üçün bütün şərait yaradılıb. Prezident Cənab İlham Əliyevin III Bakı Beynəlxalq Humanitar Forumunda çıxışında qeyd etdiyi kimi, "Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycan dözümlülük, tolerantlıq məkanı olmuşdur. Bu gün müstəqil Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur".
TOLERANTLIQ VƏ MULTİKULTURALİZM DEMOKRATİYANIN TƏMƏL PRİNSİPLƏRİNDƏNDİR
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyada qeyd olunduğu kimi, milli və ya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər kəs ölkəmizdə eyni hüquqlara malikdir. Bu baxımdan ölkəmizdə heç bir millətin, milli və ya dini azlığın nümayəndəsinə onların dini mənsubiyyətlərinə görə başqalarından üstün olmaq kimi ideyaları aşılamaq yolverilməzdir və bu, qanunda öz əksini tapır. Tolerantlıq və multikulturalizm, eyni zamanda, demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyidir. Vicdan azadlığı, təhsil və elmə əlçatanlığın olması, insanların sosial və iqtisadi rifahının yüksəlməsi, qanunun aliliyi demokratiyanın əsas göstəricilərindəndir. Bir sözlə, sosial bir hadisə olan multikulturalizm və tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə isə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir. Beləliklə, müxtəlif siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan xalqların ədalətə çıxışı məhz ilk növbədə çoxmədəniyyətliliyin təmin edilməsindən asılıdır. Çünki multikulturalizmin olması cəmiyyətdə bərabərliyin, demokratiyanın, tərəqqinin, sosial rifahın, başqa sözlə, ədalətin bərqərarı deməkdir. Multikulturalizmi bir dəyər sisteminə çevirmiş Azərbaycanda çoxmədəniyyətliliyin inkişafı istiqamətində aparılmış məqsədyönlü siyasətin nəticəsində bu gün müxtəlif mədəniyyətlərin təmsilçiləri Azərbaycanın siyasi, iqtisadi və mədəni elitasında təmsil olunur, ölkənin həyatında əsaslı dəyişikliklər və inkişaf prosesində yaxından iştirak edirlər. Bir sözlə, Azərbaycan bu sahədə dünyaya örnək bir dövlət kimi özünü təsdiqləyə bilib. Azərbaycan hazırda burada yaşayan bütün xalqların, bütün səmavi dinlərə tapınanların azad yaşadığı bir dövlətdir. Bütün bunlara rəğmən qürur hissi ilə deyə bilərik ki, bəli, Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib.
AZƏRBAYCANDA MÜXTƏLİF MİLLƏTLƏRİN VƏ DİNLƏRİN NÜMAYƏNDƏLƏRİ ARASINDA TOLERANTLIQ, DOSTLUQ VƏ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ MÖVCUDDUR
Əlbəttə ki, dini tolerantlığın bir həyat tərzinə çevrildiyi Azərbaycan ərazisində üç səmavi dinin (yəhudilik, xristianlıq və islam) və eyni zamanda, müxtəlif inancların qarşılıqlı hörmət şəraitində yaşaması tarixi ənənələrin, müasir zamanda isə müvafiq qanunvericiliyin və məqsədyönlü dövlət siyasətinin göstəricisidir.
Son illərdə ölkəmizdə keçirilən Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Avropa və islam ölkələri mədəniyyət nazirlərinin konfransı və onlarla belə beynəlxalq tədbirlər ölkəmizin qısa müddət ərzində əldə etdiyi yüksək inkişaf səviyyəsini, demək olar ki, bütün dünyaya nümayiş etdirmək baxımından belə böyük əhəmiyyət kəsb edir. Tədbirlərdə bütün sahələrdə inkişaf tendensiyaları, dünyada müasir qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar və s. ətrafında məşhur şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri, elm adamları arasında müzakirələr təşkil olunur.
Bütün bu və ya digər beynəlxalq tədbirlərin təşkili Azərbaycan dövlətinin sülhsevər olduğunu və multikulturalizm siyasətini bir daha dünya ictimaiyyətinə təqdim edir. Azərbaycan Prezident Cənab İlham Əliyevin bildirdiyi kimi, multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, ictimai sifarişdir. Bunun xalqımız üçün normal həyat tərzi olduğunu bildirən Cənab İlham Əliyev çıxışlarında müasir dövrdə dünya ölkələrində xoşagəlməz halların müşahidə olduğu zamanda Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələri arasında tolerantlıq, dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin mövcudluğunu dəfələrlə vurğulayıb.
Əminliklə qeyd edə bilərik ki, tolerantlığın məkanı, multikultural ənənələrə sadiq müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Məhz elə 2016-ci ildə ölkəmizdə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, İslam Həmrəylik Oyunları da bundan qaynaqlanır. Məlumdur ki, 2014-cü il sentyabrın 26-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Azərbaycan Respublikasının paytaxtında keçirilməsi barədə qərar qəbul edilmişdir. Əlbəttə ki, ölkəmizə gələcək forum iştirakçıları bir daha Azərbaycandakı fərqli milli-dini mənsubiyyəti olan icmaların, müxtəlif millətlərin nümayəndələrinin qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə yaşadığının şahidi olacaqlar. Azərbaycan dünya ölkələri arasında mədəni əlaqələrin gücləndirilməsinə ev sahibliyi edərək, bu əlaqələrin inkişafına nə qədər önəm verdiyini bir daha ortaya qoymuş olur. Azərbaycanın dünyaya nümunə olan çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyətinin təsdiqi ölkəmizin mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsinin göstəricisidir.
Ötən gün Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamı ölkəmizdə multikultural mühitə olan münasibətin daha bir real ifadəsidir.
Görülən işlər bir daha təsdiqləyir ki, tarixi İpək Yolunda yerləşən Azərbaycan ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyardır və ölkəmizdə multikulturalizm alternativi olmayan həyat tərzinə çevrilib.
Nəzakət ƏLƏDDİNQIZI