PDF Oxu

Siyasət

  • 12

İctimai Elmlər Bölməsi institutlarının illik hesabatı dinlənilib

İctimai Elmlər Bölməsi institutlarının illik hesabatı dinlənilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində İctimai Elmlər Bölməsi institutlarının 2015-ci ilin yekunlarını əhatə edən hesabat iclası keçirilib. AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq əvvəlcə tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb. Akademik İsa Həbibbəyli yola saldığımız ildə bütövlükdə akademiya həyatında, o cümlədən humanitar və ictimai elmlər sahəsində qazanılan uğurlardan, əldə edilən nailiyyətlərdən danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin akademiyanın 70 illik yubileyi mərasimində iştirakını və ölkənin elmi ictimaiyyəti qarşısında dərin məzmunlu nitqini ilin böyük tarixi əhəmiyyətə malik hadisəsi olduğunu qeyd edən akademik İsa Həbibbəyli növbəti ildə humanitar və ictimai elmlər qarşısında duran mühüm vəzifələrdən bəhs edib. Gündəlikdə duran məsələlər haqqında ətraflı məlumat verən akademik İsa Həbibbəyli iclasın İctimai Elmlər Bölməsinə daxil olan elmi-tədqiqat institutlarının cari ildəki fəaliyyətinin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb. Sonra Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyibli, Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə, İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru Allahyar Muradov, İnsan Hüquqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru Aytən Mustafayeva və Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı təmsil etdikləri elmi-tədqiqat müəssisələrinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətləri haqqında hesabat məruzələri ilə çıxış ediblər.

Qeyd olunub ki, cari ildə bölmə üzrə 33 problem üzrə 117 mövzuda 271 elmi-tədqiqat işi yerinə yetirilib. 2015-ci ildə 1697 kitab və monoqrafiya, 1028 məqalə (onlardan 38-i impakt faktorlu jurnallarda), 160 tezis nəşr olunub. Bölmə əməkdaşlarının çap edilmiş işlərinə 322-yə yaxın istinadlar olub. Bundan əlavə, bölməyə daxil olan institutların əməkdaşları AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun 5-ə yaxın qrantına layiq görülüblər. Hesabat ilində bölmə əməkdaşlarından 4 nəfər elmlər, 36 nəfər isə fəlsəfə doktoru dissertasiyalarını müdafiə edib.

Elmi-tədqiqat müəssisələrinin hesabatları ilə bağlı AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova, akademik Nailə Vəlixanlı və başqaları çıxış ediblər.

Geniş müzakirələrdən sonra bölmə institutlarının hesabatları qəbul olunub.

R.HÜSEYNOVA

Digər xəbərlər