İlham Əliyev: "Süni bahalaşmaya son qoyulmalıdır, təkcə cərimələrlə kifayətlənmək olmaz"
Bu günlərdə Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında xalqın gözlədiyi vacib qərarların anonsu verildi. Dövlət başçısının iclasda səsləndirdiyi tezislər və verdiyi tapşırıqlar dünyada baş verən proseslərə və ölkədə mövcud olan iqtisadi, siyasi və sosial duruma tam adekvatdır.
Dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır
Xüsusilə, son vaxtlar müşahidə olunan qiymət artımına toxunan dövlət başçısı növbəti sərt xəbərdarlığını bildirdi: "İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istəyirlər".
Dövlət başçısı onu da vurğuladı ki, əlbəttə ki, müəyyən dərəcədə biz ərzaq məhsulları ilə bağlı idxaldan asılıyıq: "Hələ ki, bu məhsullar ilə 100 faiz özümüzü təmin edə bilməmişik. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı, ümumiyyətcə mümkün deyil, olmamalıdır. Mənə məlumat da gəlir ki, məzənnə məsələsindən natəmiz insanlar, işbazlar sui istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir".
Qeyd edək ki, dövlət başçısı bütün çıxışlarında dəfələrlə vurğulayır ki, ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir: "Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq".
Dövlət başçısı, əvvəlki müşavirələrdə olduğu kimi, bu dəfə də məmurların ünvanına sərt xəbərdarlıq edərək bildirib ki, bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir, mətbuatda da bu işıqlandırılmalıdır ki, buna son qoyulsun: "Sadəcə olaraq, biz cərimələrlə kifayətlənməməliyik, prokurorluq orqanları çox ciddi məşğul olsun və bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir, mətbuatda da bu işıqlandırılmalıdır ki, buna son qoyulsun".
Ölkə Prezidenti çıxışlarında etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlarını dəfələrlə vurğulayarkən bildirmişlər ki, hər bir kəs öz işində düzgün olmalıdır: "Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycanın inkişafı və ictimai-siyasi vəziyyətin müsbət istiqamətdə inkişafı bütün dünyada gedən böhranlardan asılı olmayaraq, bizim böyük sərvətimizdir. Müstəqil Azərbaycan bu gün nadir inkişaf dövrünü yaşayır. Azərbaycanda sürətli inkişaf prosesi gedir, düşünülmüş siyasət, müstəqil siyasət aparılır. Budur bizim uğurlarımızın təməlində dayanan əsas amillər. İqtisadi, siyasi islahatlar aparılır, bütün azadlıqlar təmin edilir, demokratiyanın inkişafı sürətlə gedir və xalqla iqtidar arasındakı birlik uğurlu inkişafımızın əsas amilidir".
Göründüyü kimi, dövlət başçısı yuxarıda qeyd olunan bütün məsələlərə ictimai nəzarət mexanizmlərinin tam olaraq tətbiqini və mətbuatın bu işlərə yaxından dəstək verməsini xüsusi olaraq qeyd etməklə, bir daha belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, qısa zaman kəsimində bu bəlanın kökü ölkədə tamamilə kəsiləcək.
RƏFİQƏ KAMALQIZI