"Hesab edirəm ki, Ermənistan prezidenti Serj Sarkisyanın ilk dəfə olaraq yenilənmiş "Madrid prinsipləri" əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə razılığını bildirməsi onun iradəsindən asılı olan məsələ deyil". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.Millət vəkilinin sözlərinə görə, əgər S.Sarkisyan belə bir fikir səsləndiribsə deməli onun başının üzərində dayanan, onu idarə edən qüvvələr bu tapşırığı veriblər: "Bu məsələdə Ermənistan əsas tərəf deyil. Əsas tərəf Ermənistanı müdafiə edən, qoruyub saxlayan, onun işğalçılığına haqq qazandıran ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətidir. Onlar razılığa gəlib, fikirlərinin üzərində qəti dursalar burada Ermənistan heç bir şey deyə bilməz. Biz rəsmi Bakı olaraq xeyli müddətdir ki, yenilənmiş "Madri prinsipləri" ilə razılaşmışıq. Ancaq Ermənistan hər dəfə qeyri-konstruktiv mövqe ortaya qoyur. Məhz buna görə də prosesə başlanılmır. Azərbaycan istənilən varianta əl atıb öz torpaqlarını işğaldan azad edəcək. Çox güman ki buna görə o fikir səsləndirilib".
sia.az