"Azərbaycan tərəfi beynəlxalq hüquq prinsiplərindən çıxış edir və BMT-nin qəbul etdiyi qətnamələrə istinadən münaqişənin dinc yolla tənzimlənməsində prinsipiallıq nümayiş etdirir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.Politiloq bildirib ki, Ermənistanın davamlı olaraq qeyri-konstruktivlik nümayiş etdirməsi, eyni zamanda status-kvonun saxlanmasında göstərdiyi canfəşanlıq, ümumilikdə özünü cəzasızlıq şəraitində hiss etməsi münaqişənin həllinə imkan vermir: "Cənab Prezident Nazirlər kabinetinin sonuncu toplantısında bir çox mühüm məsələlərə toxundu. Ölkə başçısı qeyd etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş baş verməyib və prezidentlərin Bern görüşü formal xarakter daşıyıb. Ölkə başçısı Azərbaycanın ATƏT-in Minsk qrupunun qeyri-səmərəli fəaliyyətindən narazı olduğunu açıq şəkildə ifadə etdi. 2015-ci ildə prezidentlər səviyyəsində cəmi bir görüş baş tutdu. Ötən illər bu görüşlər daha intensiv xarakter daşıyırdı. Səbəb isə Azərbaycan Prezidentinin görüş xatirinə görüş keçirmək niyyətində olmamasıdır. Ölkə başçımızın da vurğuladığı kimi Azərbaycanın Ermənistanla görüşlər aparması ona edilən ən böyük güzəştdir. Azərbaycan tərəfi beynəlxalq hüquq normalarına həssaslıqla yanaşaraq münaqişənin həlli istiqamətində bütün imkanlardan faydalanır. Vasitəçilər və işğalçı Ermənistan tərəfi isə bu istiqamətdə deklorativ fəaliyyət göstərməkdə davam edir"."Azərbaycan regionda güc lokomotivinə çevrilməklə münaqişənin təbii tənzimlənməsinə nail olacaq. Hazırda dünyada baş verən iqtisadi-siyasi çətinliklər fonunda Azərbaycan öz stabilliyini saxlamaqla bu yolda uğurlu addımlar atmış oldu. Cənab Prezidentin yürütdüyü uzaqgörən və məqsədyönlü siyasət Azərbaycanın uğurlarının əsasıdır".Türkiyə-Rusiya münasibətlərinin hazırki vəziyyətinə toxunan Elşad Mirbəşiroğlu qeyd edib ki, Azərbaycan həm Türkiyə, həm də Rusiya ilə yaxın tərəfdaş ölkədir: "Nazirlər Kabinetinin sonuncu toplantısında ölkə başçısı Azərbaycanın Türkiyə-Rusiya münasibətlərinin hazırki vəziyyətindən narahat olduğunu və iki ölkə arasındakı gərginliyin aradan qaldırılmasının dövlət maraqlarına cavab verdiyini bildirdi. Türkiyə ilə Rusiya arasındakı gərginlik uzun müddət davam edə bilməz. Bir-birilə ticari-iqtisadi, sosial, siyasi, hərbi sahələrdə bağlı olan bu iki ölkə arasındakı gərginliyin tez zamanda ardan qaldırılması region, həmçinin də Azərbaycan üçün çox əhəmiyyətlidir. Dünyanın güc mərkəzləri regionda vəziyyətin Rusiya və Türkiyənin xeyrinə dəyişməsinin qarşısını almaq üçün münasibətləri süni şəkildə gərginləşdirdi. Bu gərginliyə qədər iki ölkə arasında əlaqələr onların iqtisadi-siyasi maraqlarına cavab verən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdi. Türkiyə tərəfindən verilən bəyənatlar, rusiyalı rəsmilərin mövqelərində yumşalma, Türkiyə baş verən terror aktıyla bağlı Rusiyanın başsağlığı verməsi göstərir ki, gərginliyin aradan qaldırılmasında hər iki tərəf maraqlıdır. Ümid etmək olar ki, Türkiyə-Rusiya münasibətləri əvvəlki səviyyəsinə qayıdacaqdır".
sia.az