PDF Oxu

Siyasət

  • 37

İşbazlar yerindəcə cəzalandırılacaq

İşbazlar yerindəcə cəzalandırılacaq

Prezident İlham Əliyev sərt xəbərdarlıq etdi

Bəlli olduğu kimi, Prezident İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında süni qiymət artımı ilə bağlı kifayət qədər sərt tapşırıqlar verib. Dövlət başçısı vurğulayıb ki, manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istədiklərinə görə, istehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Bu isə, o deməkdir ki, xalqın yaşam normal səviyyəsinə qarşı çıxaraq, yalnız öz gəlirlərini müxtəlif qanunsuz əməlləri ilə reallaşdırmağa cəhd edən insanlar məhz qanun qarşısında cavab verməli olacaqlar.

Qiymətləri 24-25 faizə qaldırması dərhal nəzarətə götürülüb

Artıq bununla bağlı əməli tədbirlər də həyata keçlirilir. Bazar və dükanlarda, marketlərdə vətəndaşların ciblərinə girən, yəni vəziyyətdən sui-istifadə edən işbazlar öz layiqli cəzalarına çatmaqdadırlar. Məsələn, İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, ölkəmizdə süni qiymət artımına qarşı ciddi tədbirlər görülməkdə davam edir. Belə ki, manatın məzənnəsinin dəyişilməsi ilə bağlı marketlərdə, apteklərdə süni qiymət artımı edən işbazlar yerindəcə ifşa olunaraq, cəzalandırılır. Aparılan reydlər zamanı məlum olub ki, bəzi yerlərdə qiymətlər birdən-birə 25-30 faiz qaldırılıb. Dərman preparatlarının satışı ilə məşğul olan şirkətlərin vəziyyətdən sui-istifadə edərək qiymətlərin 24-25 faizə (?!-R.N.) qaldırılması dərhal nəzarətə götürülüb. Qiymətlər əvvəlki səviyyəyə qaytarılıb.

Çörək və un məmulatlarının qiymətlərindəki süni artımla bağlı region və paytaxtda ciddi tədbirlər həyata keçirilir

Nazirlik çörəyin və un məmulatlarının qiymətindəki süni artımın olduğu yerlərdə də cəza tədbirləri görüb. Bununla bağlı həm bölgələrdə, həm də paytaxta ciddi tədbirlər həyata keçirilir. Artıq Dövlət Taxıl Fondunda yaradılmış ehtiyatlar hesabına unun qiymətindəki artımının qarşısı alınıb. Digər market şəbəkələrində də yoxlama aparılır. Nazirlikdən bildirirlər ki, istehlak bazarında süni qiymət artımı və sui-istifadə hallarının qarşısının alınması məqsədilə intensiv nəzarət tədbirləri bundan sonra da davam etdiriləcək.

Bu istiqamətdə fəaliyyət göstərən dövlət qurumları da bəyan edirlər ki, hazırda süni qiymət artıranlara qarşı sərt cəza tədbirləri görülür və bu proses davamlı olacaq. Qeyd olunur ki, ölkə başçısının tapşırıqlarına uyğun olaraq istehlak bazarına nəzarət daha da gücləndirilib. Süni qiymət artımına və manatın kursunun dəyişməsi ilə bağlı yaranmış vəziyyətdən sui-istifadə edənlərə qarşı ciddi tədbirlər görüləcək. Hazırda bazara nəzarət daha da gücləndirilib.

Təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

İqtisadçı-ekspert Oqtay Haqverdiyev mətbuata açıqlamasında açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin tapşırığının nəticəsini yaxın müddətdə görmək olacaq. İqtisadçının sözlərinə görə, bazar iqtisadiyyatı olduğundan qiymətlərin dövlət tərəfindən təzminlənməsi mümkün deyil: "30-a yaxın xidmət sahəsi var ki, orada qiymətləri dövlət tənzimləyir. Məsələn, kommunal xidmət, gediş haqları və s. Sadəcə, gözləmək lazımdır ki, hansı işlər görüləcək".

Bu arada daha bir faktı da nəzərə çatdıraq. Ölkə daxilində istehsal olunan məhsullarda süni qiymətlərin artırılmasında canfəşanlıq göstərən şirkətlər də qanun qarşısında cavab verməli olacaq. Məsələn, "Giləzi - Quşçuluq Şirkəti" MMC, "Hacıqabul Quşçuluq Şirkəti" MMC və "Astel LTD" MMC-nin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yumurtanın pərakəndə satış qiymətinin bahalaşdırılması ilə istehlakçıların mənafeyinə mühüm ziyan vurulması halları müəyyən olunduğundan, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə cinayət işi başlanıb. İqtisadiyyat və Sənaye Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında deyilir ki, hazırda təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Dərman şirkətinin anbarına aparılmış baxış zamanı külli miqdarda gömrük bəyannaməsi olmayan dərmanlar aşkar olunub

Bundan başqa, Bakı şəhərində "Alfa med" Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə meneceri İbadulla Hüseynov tərəfindən "Grateziano" dərman vasitəsinin dəyərindən dəfələrlə artıq qiymətə satması müəyyən edilib.

Cəmiyyətin anbarına aparılmış baxış zamanı külli miqdarda gömrük bəyannaməsi olmayan dərmanlar aşkar olunub.

Eyni zamanda, şirkət tərəfindən 48 adda külli miqdarda müxtəlif dərman və tibbi ləvazimatlar aşkar edilib, həmin dərmanların Tarif Şurası tərəfindən müəyyən olunmuş qiymətlərdən daha artıq qiymətə satılması müəyyən edilib. "Alfa med" MMC-nin ofisinə baxış zamanı bir sıra zəruri sənədlər, dərman nümunələri, həmin dərmanların müvafiq sənədləşmə olmadan satışının həyata keçirilməsi, müxtəlif şəxslər vasitəsi ilə qanunsuz olaraq satılması, şirkətdə qara mühasibatlığın aparılmasına dair mühüm əhəmiyyət kəsb edən kitablar və digər qeydlər aşkar edilərək götürülüb. Toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 308.1 və 200.1-ci maddələri ilə cinayət işi başlanmaqla "Alfa med" MMC-nin təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Əfqan Xudaverdiyev və İ.Hüseynov şübhəli şəxs qismində saxlanılıb.

Hər bir kəs ölkəmizin mənafeyinə zərbə vurmağa çalışan işbazlara qarşı amansız mübarizə aparmalıdır!

Söz yox ki, burada Prezident İlham Əliyevin Nazirlər Kabinetində irəli sürdüyü digər fikirləri də əhəmiyyətlidir. Ölkə başçısı vurğulayıb ki, müəyyənləşdirilmiş dövlət strukturları ilə yanaşı, ictimai nəzarət də gücləndirilməlidir. Xüsusilə, media-mətbuat sahəsində bu faktora diqqət yetirilməlidir. Bütün bunlar isə belə nəticəyə gəlməyə zəmin yaradır ki, məhz ictimai nəzarət amili ətrafında biləşən hər bir kəs ölkəmizin mənafeyinə zərbə vurmağa çalışan işbazlara qarşı amansız mübarizə aparmalıdır!

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər