Fazil Mustafa: "Tək seçəcəyimiz dialoqdur və bütün faydalı görüş, təkliflər ölkə rəhbərliyinə çatdırılmalıdır ki, hərtərəfli müzakirə olunsun"
Siyavuş Novruzov: "Burada qəbahət yoxdur, təkliflər verilə bilər"
Dünya bazarında neftin ucuzlaşması prosesinin ardınca milli valyutamız olan manatın dollara nisbətdə ucuzlaşması prosesi - devalvasiya baş verəndən sonra ölkədə fəaliyyət göstərən bir sıra siyasi təşkilatlar və QHT sektorları dialoq mühitində problemlərin həllinin tapılacağını qeyd edirlər. Xüsusilə, daha öncələr də müşahidə olunmuş iqtidar-müxalifət dialoqları əsas gətirilərək, devalvasiya prosesindən uduzmayaraq çıxmaq üçün həmin istiqamətdə dialoqun aparılması təklifləri səslənməkdədir.
Yeri gəlmişkən, onu da qeyd etmək yerinə düşərdi ki, ölkə Prezidenti Cənab İlham Əliyev Nazirlər Kabinetində keçirdiyi toplantıda da vurğulayıb ki, sözügedən məsələdə ictimai nəzarət gücləndirilməli, ölkədə fəaliyyət göstərən müxtəlif strukturlar neqativ halların aradan qaldırılması üçün birgə tədbirlər həyata keçirməlidirlər.
BQP: "Hər bir siyasi qüvvə öz məsuliyyətini anlayaraq bu müzakirələrə öz töfhəsini verməlidir"
Bu arada Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa bildirib ki, ölkədə 21 dekabr devalvasiyasından sonra yaranmış vəziyyətlə bağlı yaxın günlərdə hakimiyyət rəsmiləri ilə siyasi partiya rəhbərləri arasında mövzu ətrafında dialoq başlamalıdır. Belə ki, onun fikrincə, bu, əvvəllər mövcud olan dialoq formatının yenidən canlandırılması üçün də faydalı olardı. Sitat: "Siyasi partiyaların istisnasız olaraq hamısı bu tədbirə dəvət olunmalıdırlar və hər bir siyasi qüvvə öz məsuliyyətini anlayaraq bu müzakirələrə öz töfhəsini verməlidir".
Əslində, Fazil Mustafanın təklifi də belə deməyə əsas verir ki, ümummilli məsələlərdə müxtəlif siyasi baxışlar prizmasından çıxış edən partiyalar bir araya gələrək, problemlərin aradan qaldırılmasında dəstəkçi rolunu oynamalıdırlar.
"Bir sıra məsuliyyətsiz şəxslər tərəfindən avantürist çağırışların da şahidi oluruq"
Lakin elə müxalifət partiyaları var ki, onlar bütün bunların yerinə yalnız öz çirkin siyasi məqsədlərini güdərək, tamamilə yanlış, əks mövqe tuturlar. BQP başqanı bununla bağlı bildirib ki, son günlər sosial şəbəkələrdə, mediada siyasətçilərin, müstəqil iqtisadçıların, bir sıra bloqqerlərın maraqlı təklifləri ilə yanaşı, bir sıra məsuliyyətsiz şəxslər tərəfindən avantürist çağırışların da şahidi oluruq: "Bütün hallarda Azərbaycandakı vəziyyət ürəkaçan olmasa da, heç bir halda ölkəni qarşıdurma platsdarmına çevirmək olmaz. Tək seçəcəyimiz dialoqdur və bütün faydalı görüş, təkliflər ölkə rəhbərliyinə çatdırılmalıdır ki, hərtərəfli müzakirə olunsun".
Göründüyü kimi, devalvasiya mühitində belə bir dialoqun yaradılması təklifləri artıq start alıb və bunun reallaşdırılması üçün zəminlər də mövcuddur.
YAP: "Bununla bağlı Cənab Prezident göstərişlərini verdi"
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov da Milli Məclisdəki həmkarının fikirlərini dəstəkləyib və bildirib ki, iqtidar-müxalifət dialoqunun təşkil edilməsində heç bir problem yoxdur. YAP rəsmisi neftin qiymətinin düşməsi, manatın məzənnəsinin dəyişməsinə münasibət bildirərək deyib ki, hazırda Azərbaycanda iqtisadi böhran yoxdur: "Azərbaycanda iqtisadiyyatın, qeyri-neft sektorunun inkişafı var. Cənab Prezident bir neçə gün bundan qabaq geniş müşavirə keçirdi, 2015-ci ilin yekunlarına qiymət verdi, Azərbaycanın iqtisadi artımı, qeyri-neft sektorun inkişafı ilə bağlı fikirlərini bildirdi. Həmçinin, beynəlxalq siyasət, neftin qiymətinin geosiyasi amillərlə aşağı salınması və digər məsələlərə qiymət verdi. Eləcə də, 2016-cı illə bağlı tapşırıq və tövsiyələrini verdi. Həm kənd təsərrüfatının, həm sənayenin inkişafı, həm yerli icra hakimiyyətləri tərəfindən emal müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafı, vergi sistemində islahatlarla bağlı da öz fikrini açıqladı. Təbii ki, neftin qiymətinin aşağı düşməsi, valyutanın məzənnəsinin dəyişməsi ilə əlaqədar müəyyən kreditlərin qaytarılması, əmək haqları, pensiyalardır ki, bununla bağlı da Cənab Prezident göstərişlərini verdi. Əmək haqları və pensiyaların artırılmasının, sosial müavinətlərin artırılmaıs ilə bağlı təklif verilməsini də hökumətə tapşırdı".
"Əslində, siyasi partiyaların funksiyası dövlətə alternativ təkliflərin verilməsindən ibarətdir"
Millət vəkilinin sözlərinə görə, kiminsə layihəsi varsa, təbii ki, fikirlərini yazılı şəkildə təqdim edə bilər: "Hər hansı siyasi partiya istənilən sahə üzrə təklif və layihələrini təqdim edə bilər. Əslində, siyasi partiyaların funksiyası dövlətə alternativ təkliflərin verilməsindən ibarətdir. Bu baxımdan burada qəbahət yoxdur, təkliflər verilə bilər".
Siyavuş Novruzovun da dediklərindən qənaətə gəlmək olar ki, daha öncələr də formalaşdırılmış dialoq mühiti hazırkı məqamda da davam etdirilə bilər. Nəticədə, ictimai rəy yaxınlarda növbəti dialoqun baş tutmasının şahidi ola bilərlər. Əlbəttə ki, həmin dialoqda radikal və dağıdıcı müxalifətin iştirakı yenə də böyük sual altında qalmalıdır. Çünki onları ölkənin, xalqın maraqları deyil, tamamilə başqa maraqlar ilgiləndirir.
Rövşən RƏSULOV