"Ümumiyyətlə Azərbaycanın bəzi bölgələrində Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) daha çox bəzi fərdlər var ki, onlar devalvasiya məsələsi ilə bağlı daha çox canfəşanlıq edərək insanları iğtişaşlar törətməyə sövq edirlər". Bunu SİA-ya Azərbaycan Demokratiya və Rifah hərəkatının (ADR) İdarə heyətinin üzvü Səxavət Əlisoy deyib.Onun sözlərinə görə, mitinq keçirməklə və yaxud hər hansı bir aksiya ilə devalvasiyanın qarşısı alınmır: "Devalvasiyanın qarşısı yalnız dəyirmi masalarda, intellektual formada dəyərləndirmə aparmaqla alına bilər. Ümumiyyətlə tarixdə heç bir zaman olmayıb ki, devalvasiyaya görə bir milyonluq mitinq keçirilsin və nəticədə devalvasiya aşağı düşsün. Bu, mümkün deyil. Sadəcə olaraq devalvasiya məsələsi neftlə bağlıdır. Bu, dünyanın hər yerində baş verir. Mən gözləyərdim ki, müxalif partiyalar dəyirmi masa təşkil edib intellektual formada dövlətin, xalqın düşdüyü bu vəziyyətdən necə xilas olmanın yollarına yardımçı olsunlar".
sia.az