PDF Oxu

Siyasət

  • 25

Azərbaycan əqidəsinə və milli dəyərlərinə sadiq dövlətdir

Azərbaycan əqidəsinə və milli dəyərlərinə sadiq dövlətdir

İlham Əliyev: "İslamı dünyaya təhlükə kimi təqdim etmək istəyənlərə imkan verməmək üçün biz daha çox çalışmalıyıq, səylərimizi birləşdirməliyik"

Müasir dünyamızda Azərbaycan dinlərarası, millətlərarası münasibətlərdə dünya üçün örnək, tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan, milli-mənəvi dəyərlərinə sadiq dövlətdir. Ölkədə formalaşan bu və ya digər dəyərlər Azərbaycan cəmiyyətini səciyyələndirən ənənəyə çevrilib. Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu Öndər Heydər Əliyev "Biz heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq"- deyirdi. Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərləri, mədəniyyəti ilə fəxarət hissi keçirən Heydər Əliyev dini abidələrə, mədəniyyət ocaqlarına ehtiyatla yanaşır, böyük həssaslıqla qayğı göstərdi. 1994-cü ildə Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Ulu Öndər Heydər Əliyev islam dininə olan yüksək etiqadı, rəğbətinin təcəssümü kimi Məkkə şəhərini və Kəbəni ziyarət etdi. Bir neçə il sonra 1998-ci ildə isə Həcc ziyarətində oldu. Bu islami dəyərlərə olan münasibət idi.

Heydər Əliyev islam dininin mütərəqqiliyini qeyd edərək, onun insanların mənəvi dünyasının paklanmasında rolunu yüksək qiymətləndirdi:"Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu islam dini özünün mütərəqqi olduğunu və eyni zamanda islam dininə itaət edən adamların hamısına özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatlarında rast gəldiyi çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz peşəsini qoruyub- saxlamağa həmişə yardım etmişdir. Heç şübhə yoxdur ki, islam dini indiyə qədər olan tarixində dünyaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da gücləndirəcək və bütün islam dininə itaət edən adamların hamısını xoşbəxtliyə və səadətə gətirib çıxaracaqdır". Bəli, bu, həqiqətən də belədir.

MƏDƏNİYYƏT ALƏMİNDƏ QƏRB İSLAMA BORCLUDUR

Bütün tarixi çağlarda aparıcılığı özündə saxlamış Avropa ölkələrinin xalqları islam mədəniyyətinə, incəsənətinə hörmətlə yanaşaraq, bu mədəniyyətlə mübadilənin həyata keçirilməsinə maraq göstərmişlər. İslam öz dəyərləri ilə Qərb dünyasını hər zaman üstələyib. Tarixə nəzər salsaq, bunu açıq-aydın görmüş olarıq. İslam dünyasının alimləri bir çox ixtira və kəşfləri avropalılardan yüzlərcə il əvvəl etmişdir. İslam mədəniyyəti "Rəbb" kəlamından qaynaqlanan Quran hikmətinə söykənir. Həmin səbəbdən səməvi kəlamlar xaricində olan hər bir mədəniyyət qeyri-islami, fanidir. Qeyri-islami mədəniyyət ictimai-siyasi həyatda istinad nöqtəsi kimi qüvvə və zoru qəbul edir. Bu fəlsəfə "haqlı qüvvətlidir" yox, demokratiya pərdəsi arxasında "qüvvətli haqlıdır" prinsipini önə çəkir. Bu mədəniyyətin hədəfi mənfəətdir. İslam mədəniyyəti bütün insanları ruh, düşüncə və rahat yaşatmaq deməkdir. İslam mədəniyyəti ictimai həyatda nifrətə səbəb olan mücadilə əvəzinə, ədalətli yarış və qarşılıqlı yardımlaşmanı əsas götürür.

Tarixi mənbələr istinad etməyə əsas verir ki, islam mədəniyyəti Qərb mədəniyyətinin inkişafına təsir edib. Maarif, elm və texnologiyanın meydana çıxmasında və inkişafında islam maarif və mədəniyyəti ən böyük rolu ifa edib. Bildiyimiz kimi, kağız elm və maarifin əsasını təşkil edən, insanların fikir və yaradıcılıqlarını əks etdirmək və çatdırmaq üçün ən əlverişli bir vasitədir. Kitab və məqalə yazmaq, onları xalqa çatdırmaq üçün çox miqdarda və ucuz qiymətdə kağız əldə etmək zəruridir. Bu gün ucuz və asan şəkildə avropalıların əlində olan kağız müsəlmanlar tərəfindən icad olub, sonralar Avropaya aparılıb. İlk kağız istehsal fabriki 794-cü ildə Bağdadda quruldu. Sonra Misirdə və 12-ci əsrdə Əndəlüsdə xədiv kağız fabrikaləri quruldu. Avropanın qərb məntəqəsinə möhtac olduğu kağızı bu fabrikləri təmin edərdi, lakin Şərqi Avropaya kağız Şamdan gələrdi. Kitab çapının və mətbuatın da kökü islamidir. Professor Risler bu barədə belə yazır: "Səlib əhli (xaçpərəstlər) qumaş (parça) üzərinə vurulan taxta qəliblərlə basma çap texnikasını Misirdə müsəlmanlardan öyrəndilər, bu texnika Avropada çap texnikasının əsasını təşkil edib, onun inkişafına səbəb oldu. O zaman basma çap Əndəlüsdə də inkişaf etmişdi. Qortobada Əbdülrəhman Münşi rəsmi sənədləri bizə hələ də məchul qalan vasitələrlə hazırlayırdı.

19-cu əsrdən bəri Qərb alimləri bu tarixi həqiqəti etiraf etmişlər ki, bugünkü sivilizasiya əski yunan və Roma mədəniyyətinə bağlı olmayıb, parlaq islam mədəniyyətindən öz kökünü alıb. Elə tibb elmində də müsəlmanların rolu olub. Professor Risler bu barədə belə yazır: "Müsəlmanlar tibbdə ən yüksək mövqe və məqamı əldə edib, 500 il dünya tibbinin zirvəsində dayandılar. Bu sahədə peyğəmbərə istinad edilən 300 hədis var". Vil Durantın yazdığına görə, ilk islami xəstəxana miladi tarixi ilə 704-cü ildə "Bimaristan" adı ilə Şamda qurulub. Riyaziyyatın da tibb kimi islami kökü vardır. İslam alimlərinin kitabları İspaniyada ərəbcədən latın dilinə tərcümə edilərək əsrlərcə avropalıların dərslik kitabları oldu. Musiqi sənəti də islamın altun dövründə inkişaf etdi və riyaziyyatın bir şöbəsi kimi tədqiq edildi. Vil Durantın yazdığına görə, müsəlmanlar 7-ci əsrdən sonra qaydaya dayanan musiqi əsərləri yazmağa başladılar, səslərin ucalıq və uzunluğunu da sübut etdilər. Belə əsərlər 12-ci əsrin sonuna qədər Avropada tanınmamışdır. Ona görə də Avropa musiqisi 12-ci əsrdən sonra islam musiqisi təsiri altında yaranıb. Bütün sahələrdə islam mədəniyyətinin parlaq nümunələrini görmək mümkündür.

Ədəbiyyat barədə vəziyyət eynidir. İngilis müəllifi Şarl Millerin gəldiyi qənaətə istinadən, "Muhəmmədin (s.səlləm) tarixi" kitabında yazır ki, ədəbiyyat İtaliya və İspaniya yoluyla Avropada yayıldı: "İspaniyada əski romanlar tamamilə islami fikirlərin təsirilə yazılıb. Fransız xalq şeirindəki eşq cazibəsi, düşüncə və duyğunun həmahənglik, adət və ənənələrin əfsanəvi incəliyi və qadınların səciyyəvi xüsusiyyətləri Şərq şeirindəkinin eynidir. Qafiyə də islami şeirlərlə Qərbə gəlib. Şovalye dastanlarında da islam qəhrəmanlarından ilham alınıb". J.Barru 1842-ci ildə çıxan "Müsəlman millətlərin tarixi" adlı kitabında yazır ki, islam mərdlik ruhunu din ilə birləşdirdi, bu mərdlik ruhu bütün müsəlman millətlərin ədəbiyyatında təcəlli etdi, onların vasitəsilə avropalılara aşılandı. Mədəniyyət aləmində Qərb islama borcludur. Məscid ilk islami sənətin nümunəsidir.

İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATI "İSLAM DÜNYASININ BMT - Sİ" KİMİ QƏBUL OLUNUR

Bu gün dünyada islam həmrəyliyinin gücləndirilməsi üçün böyük işlər görülür. Bu gün fəaliyyətdə olan İslam Əməkdaşlıq Təşkilatı islam ölkələri arasında birliyin gücləndirilməsi, çoxşaxəli əlaqələrin inkişafı, bütün islam xalqlarının azadlıq və milli hüquqlarının qorunmasını dəstəkləmək, beynəlxalq təhlükəsizliyin və sülhün qorunması istiqamətində iş aparır. "İslam dünyasının BMT - si" adlandırılan İslam Əməkdaşlıq Təşkilatı dünya miqyasında əsas məqsədi dini, tarixi, siyasi, mənəvi dəyərlərlə bağlı olan müsəlman xalqlarının firavanlığını və inkişafını artırmaq, onların mənafeyi və maraqları naminə islam həmrəyliyinin möhkəmləndirilməsi, islamı dəyərlərin qorunması olan ən nəhəng və hörmətli müsəlman təşkilatıdır. Tarixi keçmişi, dini, mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın bu təşkilata üzv olması ilə beynəlxalq aləmdə respublikamızın qarşısında yeni imkanlar açıldı, Azərbaycan beynəlxalq və regional təşkilatlarda təmsil olunaraq dünya siyasətində mövqeyini möhkəmlətmək üçün daha bir addım atdı. Hazırda Azərbaycan təşkilatın fəal üzvlərindən biri kimi, müsəlman dünyasının üzləşdiyi cari problemlərin həllində aktiv iştirak edir. Təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində qətiyyət və təşəbbüskarlıq göstərir.

Azərbaycan bu gün mədəni, milli dəyərlərimizi təşviq etmək üçün əlindən gələni edir. Belə ki, ölkəmiz islamı sülh, qardaşlıq və tolerantlıq dini kimi təqdim etmək məqsədilə dünyanın bir çox ölkələrində beynəlxalq konfranslar, sərgilər və s. keçirir. "İştirak etdiyimiz bütün beynəlxalq forum və təşkilatlarda müsəlman qardaşlarımızı dəstəkləməkdə davam edəcəyik, öz məqsədlərimizə nail olacağıq, müsəlman aləmində hamımız üçün çox zəruri olan daha güclü tərəfdaşlıq və birlik quracağıq"- deyən Azərbaycan Prezidenti Cənab İlham Əliyev islamın sülh və qardaşlıq dini olduğundan dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzü və gələcəklə bağlı planlarımızı düzgün şəkildə çatdırmaq üçün daha fəal olmağın vacibliyini diqqətə çəkib. İslam Konfransı Təşkilatının 2008-ci ildə Seneqalın Dakar şəhərində keçirilmiş 11-ci zirvə konfransı, həmin il iyunda Uqandanın Kampala şəhərində İƏT xarici işlər nazirlərinin 35-ci konfransı, eləcə də 2009-cu il mayın 23-25-də Suriyanın Dəməşq şəhərində keçirilmiş İƏT xarici işlər nazirlərinin 36-cı konfransı Azərbaycanın maraqlarına tam uyğun olan qətnamələr qəbul etmişdir. Qəbul edilən sənədlərdə üzv dövlətlər bir daha erməni təcavüzünü qətiyyətlə pisləmiş, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd - şərtsiz çıxarılmasını tələb etmişlər.

Azərbaycanla İƏT-in müxtəlif strukturları arasında münasibətlərin inkişaf edib möhkəmləndirilməsində Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Həmin fəaliyyətin nəticəsidir ki, 2006-cı il noyabrın 26-da İSESKO-nun baş direktoru Əbdüləziz Bin Osman əl-Tüveycri sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə görə Mehriban xanım Əliyevaya İSESKO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplomu təqdim etmişdir. Bundan əlavə, İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Bakıda keçirilən beynəlxalq forumda iştirak edən İƏT-in baş katibi Ekmələddin İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın Birinci Xanımını "İƏT-in humanitar məsələlər üzrə xüsusi elçisi" statusuna dair diplomla təltif etmişdir. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın islam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadını olması olduqca əlamətdardır. Onu da qeyd etmək lazımdır ki, Bakının 2009-cu ildə islam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı qərar da, İƏT ilə əməkdaşlığın bəhrəsi və Azərbaycanın Birinci Xanımının yorulmaz fəaliyyətinin nəticəsidir.

DÜNYA ÜÇÜN NÜMUNƏ OLAN İSLAM HƏMRƏYLİYİ

İslam həmrəyliyinin gücləndirilməsi məqsədi ilə Azərbaycan dövləti ardıcıl olaraq siyasət yürüdür. Bildiyimiz kimi, Azərbaycan 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını qəbul edəcək. Cənab İlham Əliyevin sözlərinə görə, bu, islam ölkələrinin birliyinə verilən töhfədir: "Çünki oyunlar təkcə idman yarışı olmayacaq, eyni zamanda, birliyimizin, müsəlman aləmində gənc nəsillərimizin həmrəyliyinin günləri olacaq. Biz qardaşlıq ənənələrimizi bizi əvəzləyəcək gənc nəsillərə ötürməliyik. Nəzərə almaq lazımdır ki, bu gün media, qloballaşma və gündəlik həyatımızın digər elementləri müxtəlif aspektlər baxımından öz rolunu oynayır. Əfsuslar ki, onlar bəzən köklərimizi, ənənələrimizi sual altında qoyaraq, mənfi rol da oynayır. Qloballaşma özlüyündə yaxşı bir prosesdir. Lakin o, bəzən kökləri, ənənələri, dini, bayramları və dəyələri yaddan çıxarmaq mənasını daşıyırsa, onda biz bu cür qloballaşmanı dəstəkləmirik".

Müsəlman aləminin gənc nəsilləri milli-ənənəvi dəyərlərimizə əsaslanaraq, formalaşması əsas məsələlərdən bir olaraq qarşıda durur. Azərbaycan da, öz növbəsində dəyərlərimizi təşviq etmək üçün əlindən gələni edir. Cənab Prezident İlham Əliyevin demişdir: "Biz müsəlman aləminin mədəniyyətini nümayiş etdirmək, islamı sülh, qardaşlıq və tolerantlıq dini kimi təqdim etmək məqsədilə dünyanın müxtəlif yerlərində bir çox konfranslar, sərgilər və digər mədəni tədbirlər təşkil etmişik. İslamı dünyaya təhlükə kimi təqdim etmək istəyənlərə imkan verməmək üçün biz daha çox çalışmalıyıq, səylərimizi birləşdirməliyik. İslam sülh və qardaşlıq dinidir. Biz bunu bilirik. Hər kəs bunu bilməlidir. Dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzü və gələcəklə bağlı planlarımızı düzgün şəkildə çatdırmaq üçün daha fəal olmalıyıq".

Azərbaycan öz əqidəsinə, milli dəyərlərinə sadiq bir dövlətdir. Bu baxımdan da təmsil olunduğu beynəlxalq forum və təşkilatlarda islam dünyasını, müsəlmanları dəstəkləyir, güclü tərəfdaşlıq əlaqələrini genişləndirir. Bəli, Azərbaycan islami dəyərlərə, islam dininə bağlı dövlətdir. Bunun nəticəsidir ki, müasir dövrümüzdə ölkəmizdə islami dəyərlər, multikulturalizm məktəbi, tolerantlıq yeni dövrünü yaşayır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər