Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatında 20 Yanvar faciəsinin ildönümü qeyd olunub. SİA-nın məlumatına görə, tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, 20 Yanvar Cəmiyyətinin Sabunçu rayon şöbəsinin sədri Rövşən Abbasov və gənclər iştirak ediblər.Öncə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarına həsr edilən qısametrajlı filmə baxış keçirilib.Daha sonra YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən bəhs edərək bildirib ki, 20 Yanvar faciəsi xalqımızın milli azadlıq ruhuna qarşı yönəldilmiş təcavüz aktı kimi tarixə düşsə də, həmin gün, eyni zamanda, soydaşlarımızın yaddaşına qəhrəmanlıq səhifəsi kimi əbədi həkk olunub: "Qanlı yanvar gecəsi Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Baş vermiş qanlı olaylardan dərhal sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirmiş, bu qanlı aksiyaya kəskin etirazını bildirib".Ulu öndərin 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət verilməsində əvəzsiz rol oynadığını da diqqətə çatdıran natiq bildirib ki, Ümummilli Liderimiz müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə 20 Yanvar faciəsi şəhidlərinin ailələrini, əlil olmuş vətəndaşlarımızı hər zaman diqqət mərkəzində saxlamışdır: "Hazırda şəhid ailələrinin, eləcə də qanlı yanvar hadisələri zamanı əlil olmuş şəxslərin dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunurlar. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə və sağlamlıqlarını itirmiş şəxslərə verilən təqaüd və müavinətləri daim artırır, onların sosial rifah halını diqqətdə saxlayır".Çıxış edən 20 Yanvar Cəmiyyətinin Sabunçu rayon şöbəsinin sədri Rövşən Abbasov bildirib ki, Azərbaycan xalqı heç zaman bu hərbi cinayəti unutmayacaq, onu törədənləri bağışlamayacaq: "Həmin hadisəni sözlə ifadə etmək olduqca çətindir. Çünki 20 Yanvarda Qarbaçov rejimi heç bir insanlığa sığmayan vəhşiliklər törədib. Neçə neçə oğul qızlarımız indi də həmin faciənin acılarını yaşamaqdadır. Qanlı yanvar gecəsində dinc əhalinin Sovet qoşunları tərəfindən qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqın mübarizə əzmini qıra bilmədi. Ona görə də məhz 20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsi kimi tarixə həkk olundu".Rövşən Abbasov Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsinin həmişə uca tutulacağını və onların heç vaxt yaddaşlardan silinməyəcəyini dilə gətirib.YAP GB-nin sədri Seymur Orucov isə öz çıxışında bu dəhşətli qətliamı törədən keçmiş imperiya rəhbərlərinin məkrli niyyətlərindən danışaraq, hadisələrə ilk dəfə siyasi-hüquqi qiymət verən Ümummilli Liderimiz, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin şəhid ailələrinə və əlillərə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Seymur Orucov bildirib ki, Mixail Qorbaçovun və sovet imperiyasının Bakı qırğınını törətməkdə əsas məqsədi öz mövcudluğunu qoruyub saxlamaq olub: "Lakin sonrakı proseslər onu göstərdi ki, əzmkar Azərbaycan xalqı öz qətiyyətini və iradəsini nümayiş etdirərək azadlığını əldə etdi. Qanlı yanvar gecəsində dinc əhalinin Sovet qoşunları tərəfindən qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqın mübarizə əzmini qıra bilmədi. 20 Yanvar Azərbaycan tarixində yalnız bir hüzn günü deyil, həm də qəhrəmanlıq səlnaməsində iz qoyan tarixi gün kimi qiymətləndirilir. Biz gənclər də vətən uğrunda canını qurban verən oğullar və qızlarımızla fəxr edir, onların əziz xatirəsini daim uca tuturuq. Şəhidlər ölməz, Vətən bölünməz. Bu vətən bizimdir, biz vətənimizi göz bəbəyimiz kimi qorumağa borcluyuq".Sonra YAP Sabunçu rayon təşkilatının fəal gəncləri 20 Yanvar hadisələri barədə fikirlərini səsləndirərək, Azərbaycanın öz müstəqilliyini qoruyub saxlamasının böyük nailiyyət olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, həmin gecə Azərbaycan xalqına qarşı həyata keçirilən qətliamın insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir və bəşər tarixində qara səhifə olaraq həmişə qalacaq.
sia.az