Azərbaycan xalqı anlayır və dərk edir ki, bizim hər birimiz bu məsələdə məhz dövlətimizin yanında olmalı, sabitliyi qorumalıyıq
Milli valyutamız olan manatın dollara nisbətdə ucuzlaşması, yəni dünyanın iqtisadi sferasında devalvasiya mühitinin yaşanması amili söz yox ki, Azərbaycana da təsirsiz ötüşməyib. Lakin bu, heç də o demək deyil ki, cəmiyyət müəyyən daxili və xarici qüvvələrin bu vəziyyətdən sui-istifadə etmələrinə zəmin yaradan hallara yol verməlidir. Belə ki, Azərbaycan iqtidarının uzun illərdir ki, formalaşdırdığı sosial-iqtisadi və siyasi sabitlik faktoru devalvasiyanın ölkəmizə ciddi fəsadlar verməsinin qarşısını ala bilmək gücündədir.
Azərbaycan xalqı anlayır və dərk edir ki, bizim hər birimiz bu məsələdə məhz dövlətimizin yanında olmalı, sabitliyi qorumalıyıq
Bu proses yalnız Azərbaycanı əhatə etmir və post-sovet məkanı da daxil olmaqla bir çox ölkələri əhatə edir. Daha dəqiq desək, bunun köklü səbəbi arxasında dünya bazarında neftin ucuzlaşması faktoru dayanıb ki, bir sıra inkişaf edən ölkələrin iqtisadiyyatı ilk dəfə deyil ki, bu cür hallarla qarşılaşır. Lakin hər bir problemin bir çıxış variantı olduğu kimi, bu məsələdə də münbit çıxış yolları mövcuddur. Məsələn, ölkə Prezidenti Cənab İlham Əliyev Nazirlər Kabinetində keçirdiyi geniş tərkibli müşavirəsində etdiyi çıxışların hər birində çox önəmli tezislər irəli sürdü. İlk növbədə, vəziyyətdən sui-istifadə edən işbazların cəzalandırılması, əhalinin banklara olan borcları ətrafında həmin sektorun aparıcı qurumlarına xüsusi göstərişlər verməsi, nazirliklərə, dövlət komitələrinə verdiyi tövsiyələri, eləcə də Azərbaycanın hətta belə bir şəraitdə inkişaf tempini qoruyub-saxlaması barədəki fikirləri özündə bir çox məqamları ehtiva etməkdədir. Artıq bununla bağlı əməli addımlar atılıb və atılmaqda davam edir. Yəni Azərbaycan xalqı anlayır və dərk edir ki, bizim hər birimiz bu məsələdə məhz dövlətimizin yanında olmalı, sabitliyi qorumalıyıq.
Azərbaycan dövləti bu situasiyanı milli inkişaf hədəflərimizə uyğun şəkildə dəyərləndirir və problemləri aradan qaldırmağa, çətinlikləri dəf etməyə, neqativlikləri isə uğurlara çevirmək üçün öz gücünü, iqtidarını göstərir
Biz, daha bir məqamı unutmalıyıq ki, əslində devalvasiya heç bir halda dəhşətli fəlakət, çıxılmaz böhran deyil, əksinə, yeni fürsətlər yarada bilən situasiyadır. Bu fikirləri belə əsaslandırmaq olar ki, ölkəmizin rəhbərliyi hər zaman insan amilini yürütdüyü siyasətinin tərkibi olaraq götürüb və burada əsas hədəf vətəndaşların sosial-rifah halının yaxşılaşdırılması olub. Prezident İlham Əliyev Cənablarının Liderliyi ilə Azərbaycan dövləti və hökuməti bu situasiyanı milli inkişaf hədəflərimizə uyğun şəkildə dəyərləndirir və problemləri aradan qaldırmağa, çətinlikləri dəf etməyə, neqativlikləri isə nailiyyətə çevirmək üçün öz gücünü, iqtidarını göstərir. Əbəs yerə deyil ki, dövlət başçısı son çıxışlarında islahatlar barədə də önəmli mesajlarını verib.
Devalvasiya kiminsə siyasi manipulyasiya predmeti ola bilməz
Təəssüf ki, müəyyən qruplar aldıqları tapşırıqlar fonunda ölkədə devalvasiyanın yaranmasından siyasi manipulyasiya edərək, istəklərini həyata keçirmək niyyətindədirlər. Amma həmin missionerlər bilməlidirlər ki, Azərbaycan güclü dövlətdir, xalq isə hakimiyyətin yanındadır. Ölkə Prezidentinin yürütdüyü siyasət isə hər bir vətəndaşın rifahına, sosial problemlərinin həllinə yönəlmişdir. Yəni ki, devalvasiya kiminsə manipulyasiya predmeti ola bilməz.
Başqa bir tərəfdən, devalvasiya mühitində qonşu respublikalara da nəzər salsaq, ölkəmizdəki iqtisadi durumun onlardan qat-qat üstün olduğunu görmüş olarıq. Manatın dəyərdən düşməsi heç də daxili iqtisadi amillərlə bağlı deyil. Neftin qiymətinin kəskin şəkildə azalması manatın dollar qarşısındakı dəyərini itirdi. O da nəzərdən qaçmamalıdır ki, dünya bazarında neftin ucuzlaşması təkcə iqtisadi yox, həm də siyasi faktorlarla bağlıdır. Yəni səbəblərdən biri də dünya güclərinin bir-birlərinə qarşı apardıqları yanlış siyasətdir. Bu baxımdan, bəzi insanların problemi hakimiyyətin siyasətində axtarması siyasi bilgisizliyin nəticəsidir.
Dünyada gedən iqtisadi böhran prosesindən Azərbaycan dövləti və xalqı üzüağ və alnıaçıq şəkildə çıxacaq
Kifayət qədər bəllidir ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin devalvasiya mühitindəki əsas məqsədi xalqın bu prosesdən zərər görməməsidir. Ölkə başçımızın qətiyyətli mövqeyi, iradəsi, güclü, mütərəqqi addımları xalqımızın rifah halının daha da yaxşılaşdırılmasında davamlı töhfələrini verəcək. Azərbaycan xalqı da bunu bilir və dərk edir. Ona görə də hər zaman məhz Onun ətrafında sıx birləşir, Onun siyasətini dəstəkləyir və məhz Ona ümid edir.
Nəticə olaraq belə qənaətə gəlmək olar ki, dünyada gedən iqtisadi böhran prosesindən Azərbaycan dövləti və xalqı üzüağ və alnıaçıq şəkildə çıxacaq və kimsənin, xüsusilə mövcud vəziyyətdən sui-istifadə edən siyasətbazların buna şübhəsi olmamalıdır.
"SƏS" qəzetinin Baş redaktoru,
Bəhruz Quliyev