Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirilib. Prezident İlham Əliyev bildirdi ki, 2015-ci ildə dünyada neftin qiymətinin kəskin düşməsi nəticəsində neft ixrac edən ölkələr çətinliklərlə üzləşiblər və bu proses indi də davam edir. Son bir ildə neftin qiymətinin 4 dəfə düşdüyünü, bunun isə gəlirlərin azalmasına təsir etdiyini deyən dövlətimizin başçısı hazırda Azərbaycanın vəziyyətdən çıxmaq üçün addımlar atdığını, digər neft ölkələri ilə müqayisədə ən az itki ilə üzləşdiyimizi diqqətə çatdırdı. Nazirlər Kabinetinin ötən iclasında verilən tapşırıqlar yerinə yetirildiyi təqdirdə Azərbaycanın çətinliklərdən asanlıqla çıxacağını deyən Prezident İlham Əliyev ölkədə islahatların dərinləşməsinin vacibliyini vurğuladı, bununla bağlı səslənən təkliflərin artıq icra olunmağa başladığını dedi. İlk növbədə insanların sosial müdafiəsi ilə bağlı məsələlərin diqqət mərkəzində saxlanılacağını deyən dövlətimizin başçısı son illərdə ölkədə həyata keçirilən işlərin insanların rifah halının daha da yaxşılaşdırılmasına yönəldiyini bildirdi. Bu yaxınlarda pensiya və müavinətlərin 10 faiz qaldırılmasının bu istiqamətdə atılan önəmli addım olduğunu dedi.
Prezident İlham Əliyev çıxışında süni bahalaşmaya da münasibət bildirdi, bu problemə qarşı ciddi mübarizə aparılmasının əhəmiyyətini vurğuladı. İşbazların qiymətləri süni şəkildə bahalaşdırmağa çalışdığını deyən dövlətimizin başçısı görülən tədbirlər nəticəsində çörəyin və unun qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü bildirdi:
"Süni bahalaşmaya qarşı çox ciddi mübarizə aparılmalıdır və aparılır. Əfsuslar olsun ki, bəzi hallarda natəmiz insanlar, işbazlar bu vəziyyətdən istifadə edərək qiymətləri süni şəkildə bahalaşdırmağa çalışırlar. Dövlət orqanları, prokurorluq, istehlak bazarına nəzarət edən orqanlar bu məsələ ilə ciddi məşğuldurlar. Görülən tədbirlər, o cümlədən verilmiş qərarlar nəticəsində çörəyin və unun qiyməti əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Bu da sosial təşəbbüsdür. İlk növbədə, biz bunu çətin vəziyyətdə olan insanların mənafeyini nəzərə alaraq edirik. Çalışmalıyıq ki, gələcəkdə bu sahədə maksimum şəffaflıq olsun. İndiki şəraitdə əgər kimsə bu vəziyyətdən öz şəxsi iqtisadi, yaxud da ki, siyasi maraqları üçün istifadə etmək istəyirsə, o insanlar öz cəzasını alacaqlar. Təxribatçılar, işbazlar, dəllallar ciddi şəkildə cəzalandırılır və cəzalandırılacaqlar.
Biz son illər ərzində Azərbaycanda əldə edilmiş uğurları qoruyacağıq, ölkəmizin sürətli inkişafını təmin edəcəyik. İmkan verə bilmərik ki, kimsə bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etsin. Bu il bütün sosial proqramlar icra ediləcək. Bu məsələ ilə bağlı heç kimin şübhəsi olmasın. İnsanların sosial müdafiəsi ilə bağlı olan əlavə tədbirlər də görülməlidir.
Mən Nazirlər Kabinetinin iclasında qeyd etmişdim ki, struktur islahatları dərinləşməlidir. Bu məsələlərlə bağlı artıq addımlar atılır. Əslində bu, daimi proses olmalıdır. Dövlət orqanlarının strukturu elə olmalı və imkan verməlidir ki, bu orqanlar operativ, çevik siyasət aparsınlar və bu siyasətin çox böyük səmərəsi olsun. Ona görə bir-birini təkrarlayan, yaxud da ki, o qədər də lazım olmayan dövlət qurumları ya birləşdirilir, ya da ki, ləğv edilir. Əlavə tapşırıqlar verilibdir. Bu tapşırıqlar hazırda müzakirə olunur və yaxın vaxtlarda təkliflər veriləcəkdir. Valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlər verilmişdir və təkliflər hazırlanır. Burada qanunvericilikdə də dəyişikliklər edilməlidir və Milli Məclis növbədənkənar toplantı keçirəcəkdir. Çünki bu addımlar atılmasa, bizim iqtisadi islahatlarımızın uğurlu icrası ləngiyə bilər. Bu sahədə də inkişaf etmiş ölkələrin təcrübəsi, beynəlxalq praktika Azərbaycanda tətbiq edilməlidir. Əfsuslar olsun ki, bəzi hallarda biz müəyyən səbəblərə görə bu praktikanı tətbiq edə bilməmişik. Vaxt gəlib çatıb ki, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi tam tətbiq edilsin.
2008-2009-cu illərin dünya iqtisadi böhranı zamanı inkişaf etmiş ölkələr tərəfindən atılmış addımlar təhlil edilir və biz də daxili iqtisadi vəziyyəti nəzərə alaraq düşünülmüş addımlar atmalıyıq. Əlbəttə, nəzərə alsaq ki, bizim valyuta gəlirlərimiz böyük dərəcədə azalır, valyuta bazarının tənzimlənməsi bu istiqamətdə önəmli tədbirlərdən biridir.
Geniş özəlləşdirmə proqramı hazırlanmalıdır, müvafiq göstərişlər verilmişdir. Biz həm xarici, həm yerli investorları bu işə cəlb etməliyik. Hələ ki, Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var və onların fəaliyyəti dayanıbdır. Bəzi hallarda bu müəssisələr yarıdağılmış vəziyyətdədir, onların çox böyük torpaq sahələri var. Biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir. Bu proqram tam şəffaf keçirilməlidir, beynəlxalq ekspertlər bu işə cəlb olunmalıdır. Yerli və xarici investorlar üçün elə şərait yaratmalıyıq ki, onlar böyük maraqla, həvəslə vəsait qoysunlar. Nəzərə alsaq ki, Azərbaycanın uzunmüddətli uğurlu inkişafı heç bir investorda şübhə doğurmur, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf edəcək. Burada həm neft-qaz amili var, həm də Azərbaycanda qeyri-neft sektorunun inkişafı sürətlə gedir. Keçən il Azərbaycanda qeyri-neft sənayesi 8 faizdən çox artmışdır. Bu, görülən işlərlə bağlı olan nəticədir. Ona görə yenə də demək istəyirəm, elə şərait yaratmalıyıq ki, xarici və yerli investorlar bu özəlləşdirmə proqramında böyük maraqla iştirak etsinlər. Neftin qiymətinin kəskin düşməsindən və qonşu ölkələrdə milli valyutaların devalvasiyasından sonra, əlbəttə ki, biz də manatı əvvəlki səviyyədə saxlaya bilmədik. Baxmayaraq ki, buna çox çalışırdıq. Deyə bilərəm ki, qonşu valyutalar arasında Azərbaycan manatı ən çox müqavimət göstərən valyuta idi. Ancaq devalvasiya qaçılmaz idi və bunun səbəbinin Azərbaycanın daxili vəziyyəti ilə heç bir əlaqəsi yoxdur. Bu, xaricdə formalaşan səbəblərdir."
Struktur islahatları ilə bağlı artıq müəyyən addımların atıldığını deyən Prezident İlham Əliyev bildirdi ki, bu tədbirlər daimi olmalı, bir-birini təkrarlayan və lazımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır. Valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlərin verildiyini, təkliflərin hazırlandığını deyən dövlətimizin başçısı bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsinin əhəmiyyətinə toxundu, Milli Məclisin növbədənkənar sessiyasında məsələyə baxılacağını dedi. Bundan əlavə, Prezident İlham Əliyev beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması, iqtisadi canlanmaya nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verdi.
Dövlətimizin başçısı manatın etimadının bərpası ilə bağlı ciddi tədbirlərin görülməsinin əhəmiyyətinə də toxundu, hazırda ölkədə müşahidə olunan dollarizasiya prosesinin heç bir iqtisadi əhəmiyyətinin olmadığını dedi. Manatın məzənnəsinin sabit saxlanmasının təkcə hökumətdən asılı olmadığını deyən dövlətimizin başçısı bank sektorunun tənzimlənməsi ilə bağlı təkliflərə baxıldığını, problemli bankların sağlamlaşdırılması prosesinin aparılması, dövlət istiqrazlarının buraxılması, əmanətlərin sığortalanması ilə bağlı əlavə tədbirlərin görülməsinin vacibliyini bildirdi, bu kimi tədbirlərin milli valyutaya olan inamı artıracağını dedi:
"İndiki vəziyyətdə milli valyutamıza etimad müəyyən qədər azalıb. Biz bu etimadı bərpa etməliyik. Manat sabit valyutadır. On il ərzində - 2005-ci ildə pul islahatı aparılandan sonra on il ərzində manat nəinki öz məzənnəsini saxlayıb, hətta dollara qarşı 30 faiz bahalaşıb. Əslində əgər biz on ilin dinamikasına baxsaq, pul islahatı aparılandan sonra manat elə bil ki, hər il 5 faiz qiymətini itirib. Ancaq bu, bir il ərzində olduğu üçün, əlbəttə ki, bunun təsiri daha da ciddi olubdur. Ona görə indiki şəraitdə biz manata olan inamı bərpa etməliyik. Biz deyəndə, əlbəttə, mən dövləti, hökuməti, iqtisadi bloku, bank sektorunu və vətəndaşları nəzərdə tuturam. Biz hamımız bu istiqamətdə iş aparmalıyıq. Əfsuslar olsun ki, Azərbaycanda dollarizasiya prosesi gedir. Bunun heç bir iqtisadi əsası yoxdur. Bəzi ölkələrin devalvasiyaya uğrayan valyuta bazarına nəzər salsaq görərik ki, orada dollarizasiya getmir. Azərbaycanda müəyyən dərəcədə ajiotaj yaranmışdır. Özü də bu ajiotaj yenə də başqa ölkələrdə baş verən proseslərlə bağlı idi. Məsəl üçün, 2014-cü ilin sonu, 2015-ci ilin əvvəli misal kimi gətirilə bilər. O vaxt Azərbaycanda manatla bağlı heç bir problem yox idi. Qonşu ölkələrdə milli valyutalar dəyərdən düşürdü. Əfsuslar olsun ki, bizdə bəzi qurumlar və insanlar bu vəziyyəti Azərbaycan reallıqlarına da keçirməyə cəhd etmişdilər. Ondan sonra - keçən ilin yay aylarında valyuta bazarında müsbət meyillər müşahidə olunmağa başlamışdır. Bu da təbii idi. Çünki görülən tədbirlər bunu diktə edirdi. Ancaq yenə də bəzi qonşu ölkələrdə milli valyutalar kəskin şəkildə aşağı düşdü və dərhal Azərbaycanda ajiotaj yarandı. Ona görə indiki vəziyyətin yaranmasında Azərbaycan daxilində baş verən heç bir amil yoxdur. Bütün bu amillər kənarda formalaşıb. Neftin qiymətinin düşməsi, qonşu ölkələrdə milli valyutaların dəyərdən düşməsi və bunun bir neçə dalğası əfsuslar olsun ki, Azərbaycanda da valyuta bazarında panika, ajiotaj yaratmışdır.
Dollara qarşı bütün valyutaların ucuzlaşması prosesi gedir. Hətta avro da öz dəyərini saxlaya bilmədi, təxminən 30 faiz ucuzlaşdı. Ona görə manatın məzənnəsinin sabit saxlanması təkcə hökumətdən asılı deyil. Əlbəttə, burada islahatlar dərinləşəcək, əlavə addımlar atılacaq. Amma vətəndaşlar da bununla bağlı hökumətlə bir istiqamətdə fəaliyyət göstərməlidirlər. Bu halda əminəm ki, manata inam bərpa olunandan sonra biz bu vəziyyətdən ən az itkilərlə çıxa biləcəyik.
Bank sektorunun tənzimlənməsi məsələləri də öz həllini tapacaq. Təkliflərə baxılır. Problemli bankların sağlamlaşdırılması prosesi getməlidir, bank konsolidasiyası aparılmalıdır və əmanətlərin sığortalanması məsələsi də öz həllini tapmalıdır. Bir neçə il bundan əvvəl Azərbaycan bu praktikanı tətbiq etməyə başlamışdır və indi də əmanətlərin sığortalanması işində əlavə tədbirlər görüləcək. Əminəm ki, görüləcək tədbirlər həm bank sektoruna, eyni zamanda, milli valyutamıza olan inamı böyük dərəcədə artıracaq. Əminəm ki, bu addımlar çox müsbət nəticə verəcəkdir".
Prezident İlham Əliyev bildirdi ki, ölkəmizin xarici borcunun çox aşağı səviyyədə olması və mövcud vəziyyət nəzərə alınaraq xarici maliyyə bazarlarından lazımi qədər maliyyə resursları Azərbaycan bazarına cəlb edilə bilər. Qeyri-neft sektorunun inkişafının indiki vəziyyətdə prioritet olmasının vacibliyini bildirən dövlətimizin başçısı Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə bu il 250 milyon manat güzəştli kreditlərin veriləcəyini, sahibkarların öz maliyyə resurslarını da nəzərə alaraq o zaman regionlara qoyulan investisiyanın həcminin təxminən 1 milyard manat olacağını bildirdi.
Prezident İlham Əliyev çıxışında daha bir vacib məsələyə toxundu, iş adamlarına böyük tikinti layihələrini icra etmək üçün şəraitin yaradılması, bu sahədə mövcud olan əsassız tələblərin, bürokratiya və korrupsiya hallarının aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verdi. Bununla yanaşı, dövlətimizin başçısı ipoteka bazarının səmərəliliyinin artırılması, bu yolla inşa olunacaq binaların tikintisinin sürətləndirilməsi ilə bağlı təkliflərin hazırlanmasını tapşırdı. Son 10 ildə Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu deyən Prezident İlham Əliyev bunu bütün beynəlxalq və maliyyə qurumlarının təsdiq etdiyini dedi, bu il ərzində Azərbaycanda iqtisadi inkişafla bağlı heç bir problemin olmayacağına əminliyini ifadə etdi. Hökumət üzvləri də müzakirələrdə çıxış ediblər.