Devalvasiyadan sonra bir çox xarici məhsulla yanaşı, yerli mallarda da qiymət artımı müşahidə edildi. Ekspertlər tərəfindən aparılan marketinq araşdırmaları isə bu bahalaşmanın istehsalçıların yanlış qərarları nəticəsində baş verdiyini sübut etdi. Yəni ortada sui-istifadə hallarının mövcudluğu göz önündədir. Dövlət rəhbərinin qətiyyətli tapşırığından sonra xalqı dövlət maraqlarından narazı salmağa çalışan bir sıra fürsətcil "biznes adamları" qanun çərçivəsində həbs olundular və onlar ilk növbədə elə qanun qarşısında da cavab verməli olacaqlar.
Sui-istifadəçilər dövlətin, xalqın cibinə girməyə çalışdılar
Ölkə Prezidentinin də vurğuladığı kimi, bundan sonra belə halların baş verməməsi üçün ilk növbədə ictimai nəzarət, yəni xalqın nəzarəti gücləndirilməlidir. Təbii ki, biz də mətbuat nümayəndələri olaraq, bu işidə birincilər sırasında yer almalıyıq. Çünki devalvasiya mühitində biz arzuolunmaz halların şahidi olduq. Məsələn, bir sıra beynəlxalq təcrübədə hər bir şirkətin uzunmüddətli fəaliyyət planı, böhrandan çıxış yolları üçün strategiyası mövcüddur. Lakin sonuncu devalvasiya Azərbaycanın bəzi şirkətlərinin belə vəziyyətə hazırlıqsız olduğunu sübut etdi. Eyni zamanda, həmin şirkətlər vəziyyətdən sui-istifadə etməyə də cəhdlər göstərərək, dövlətin, xalqın cibinə girməyə çalışdılar. Onlar tərəfindən ani verilmiş yersiz qərarlar nəticəsində qəfil qiymətlər artdı, bazarda süni ajiotaj yarandı. Əsas səbəb kimi istehsal üçün xaricdən gətirilən xammalın bahalaşması göstərildi.
Aparılan araşdırmaların nəticəsi olaraq, istehsalçılarla yanaşı, istehlakçıların da devalvasiya, inflyasiya və bənzər vəziyyətlərə hazırlıqsız olduğu müşahidə edilir. İlk növbədə isə belə bir dövrdə, yəni devalvasiya mühitində qənaət üçün müəyyən yoxlanılmış üsullar var. Xüsusilə gündəlik tələbat malları ilə bağlı xərcləri azaltmaq mümkündür ki, bu da insanların gəlirlərinin bir hissəsinin özlərində qalmalarına şərait yarada bilər.
Fransada prezident Fransua Olland iqtisadi cəhətdən fövqəladə vəziyyət elan edib
O cümlədən, dövlət də bununla bağlı mühüm tədbirlərini görür. Dövlət rəhbərimizin də vurğuladığı kimi, islahatlara start verilir. Bu islahatlar isə təbii ki, yalnız xalqın maraqlarını təmin etmək üçündür. Çünki bütün mənalarda xalıqn marağı, xalqın sosial-rifah halının yaxşı olması dövlətin maraq dairəsindədir. Əmək haqları və pensiyaların artırılması və s. müavinətlərin qaldırılması buna sübutdur. Təbii ki, xalqımız da bu cür vəziyyəti yaxşı anlayır və dərk edir ki, sözügedən proses yalınız Azərbaycanı əhatə etmir və bütün dünyada baş verən prosesdir. Məsələn, Avropanın inkişaf edən ölkələrindən biri olan Fransada prezident Fransua Olland iqtisadi cəhətdən fövqəladə vəziyyət elan edib. Böyük Brtitaniyada, digər Avropa ölkələrində də eyni vəziyyətdir.
Ancaq Azərbaycan bu gün öz ayaqları üzərində dayanıb və gələcəkdə atacağı uğurlu addımlar barədə düşünür. Ümumiyyətlə, Azərbaycan bütün dünyaya sübut edəcək ki, onun təməlləri sarsılmaz və əbədidir. Bu sarsılmazlığı heç bir devolvasiya və s. poza bilməyəcək.
RƏFİQƏ