"Qozbeli qəbir də düzəltməz, yenə də sümüyü əyri qalacaq"
"20 Yanvar kimi faciəvi bir hadisənin üzərində reklam qurmaq, özünü millətə sırımaq, ictimaiyyətə təqdim etmək utancvericidir. Bir də ona üzüldüm ki, Müsavat partiyasının ziyarət şəkillərini paylaşaraq üzərində lağlağı edirlər. Biz çox, siz azsınız deyə". Bu fikirləri SİA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasına alternativ AXCP-nin sədri Razi Nurullayev Əli Kərimlinin 20 Yanvar ümumxalq hüzn günündə Şəhidlər Xiyabanındakı ziyarət şəkillərini fotoşop etməsinə münasibət bildirərkən deyib.Razi Nurullayev bildirib ki, bir-birlərini tənqid edən qüvvələr sonra da müxalifətin birliyindən və inteqrasiyasından danışırlar: "Bunlar beyinləri çürümüş və kif atmış, ömürlərini dedi-qodu, şəxsi arzuları üzərində qurmuş bitmiş siyasətçidirlər. Müsavat partiyası ən azından doğru-dürüst olanı paylaşdı sənin kimi saxtakarlıq etmədi. Dünən əsl AXCP-ni biz təmsil etdik və ziyarətdən olan şəkillərimiz də göz önündədir. Sizin kimi saxtakarlıq etmədik".AXCP sədri qeyd edib ki, Əli Kərimlinin yanında qalan 3-5 adam insanların önünü kəsməklə, süni tıxac yaratmaqla, arxalarınca gələn insanları onların adamları kimi təqdim etdilər: "Göstərişə uyğun olaraq, Əli Kərimli poza verərək şəkil çəkdirib. Sadəcə ayıbdır, bunlar siyasətçiyə yaraşmayan hərəkətdir. Gərək bütün müxalifət bundan özü üçün dərs çıxarsın. Qozbeli qəbir də düzəltməz. Yenə də sümüyü əyri qalacaq. Bunlar sümüyü əyilmiş və mənəviyyatları deformasiyaya uğramış, xalqdan uzaq düşmüşlərdir".
sia.az