Ölkə rəhbərliyi qəiyyətli addımlar atır
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, həmçinin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə ümumdünya iqtisadi böhranının Azərbaycana mənfi təsirlərinin müşahidə olunduğu və enerji resurslarının qiymətlərinin kəskin şəkildə aşağı düşdüyü hazırkı dövrdə həyata keçiriləcək yeni iqtisadi siyasətin əsas konturlarını müəyyən etmişdir. Dövlət başçısının iclasda səsləndirdiyi tezislər və verdiyi tapşırıqlar dünyada baş verən proseslərə və ölkədə mövcud olan iqtisadi, siyasi və sosial duruma tam adekvatdır.
Dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır
Xüsusilə, son vaxtlar müşahidə olunan qiymət artımına toxunan dövlət başçısı növbəti sərt xəbərdarlığını bildirdi: "İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istəyirlər".
Dövlət başçısı onu da vurğuladı ki, əlbəttə ki, müəyyən dərəcədə biz ərzaq məhsulları ilə bağlı idxaldan asılıyıq: "Hələ ki, bu məhsullar ilə 100 faiz özümüzü təmin edə bilməmişik. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı, ümumiyyətcə mümkün deyil və olmamalıdır. Mənə məlumat da gəlir ki, məzənnə məsələsindən natəmiz insanlar, işbazlar sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir".
Təəssüf doğuran haldır ki, son illərdə dünyanın ayrı-ayrı güc mərkəzləri özlərinin siyasi ambisiyalarını təmin etmək üçün əllərindəki iqtisadi rıçaqları bir-birlərinə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Dünya müstəvisində cərəyan edən siyasi və iqtisadi proseslər ağır nəticələr verir, qlobal fəlakətlərə səbəb olur, bir sıra ölkələri tənəzzülə uğradaraq iqtisadiyyatlarını iflic vəziyyətinə salır. Hazırkı qlobal iqtisadi sarsıntılar isə bazar qanunlarından yox, beyin mərkəzlərinin və supergüclərin ambisiyalarından bəhrələnir və əsasən, neft istehsal edən ölkələrin maliyyə-iqtisadi sisteminə mənfi təsir göstərir. Enerji resurslarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsi bu təsiri daha da gücləndirir. Ekspertlərin qənaətinə görə, qlobal miqyasda iqtisadi aktivlik bir sıra hallarda məhz siyasi səbəblər üzündən aşağı düşüb. Azərbaycanda da manatın ötən ilin son ongünlüyündə devalvasiyaya uğraması daxili amillərlə deyil, ilk növbədə, makroiqtisadi sabitliyə yaranan xarici təhdidlərlə bağlıdır. Başqa sözlə desək, manatın devalvasiyası qaçılmaz idi. Bunun səbəbi Azərbaycandan kənarda yaranmışdır. Məlumdur ki, respublikamız son illərdə dünya iqtisadiyyatına sıx inteqrasiya edib. Hazırda əmtəə və xidmətlər üzrə xarici ticarət dövriyyəsi ümumi daxili məhsulumuzun təxminən 76 faizini təşkil edir. Həcmi 54 milyard dollara çatan mal və xidmətlər üzrə xarici ticarət dövriyyəsi son 12 ildə 7 dəfə artıb. Bütün bunlar ölkənin qlobal iqtisadiyyata açıqlığının göstəricisidir.
Bununla yanaşı, Azərbaycan son 10 ildə iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirməklə ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmağa müəyyən dərəcədə müvəffəq olmuşdur. Buna görə də həm Azərbaycan ümumdünya iqtisadi böhranından ən az əziyyət çəkən ölkə olmuş, həm də Azərbaycanın milli valyutası mənfi meyillərə ciddi və uzunmüddətli müqavimət göstərməyi bacarmışdır. Hər halda bir sıra qonşu ölkələrdə, o cümlədən Rusiya və Qazaxıstanda devalvasiyanın Azərbaycandan xeyli əvvəl həyata keçirilməsi və milli valyutaların "üzən məzənnəyə" buraxılması bunu deməyə tam əsas verir.
Azərbaycan Prezidenti hesab edir ki, hazırkı dövrdə bir tərəfdən yaranmış vəziyyətin ölkəyə mənfi təsirinin qarşısını almaq üçün çevik tədbirlər həyata keçirilməli, digər tərəfdən də prioritet sahə hesab olunan qeyri-neft sektorunun daha sürətli inkişafını təmin etmək üçün əlavə təsirli mexanizmlər işə salınmalıdır.
Ölkə Prezident İlham Əliyev bildirir ki, "Tapşırıqların yerinə yetirilməsi nəticəsində ölkə iqtisadiyyatı yeni nəfəs alacaq, iqtisadi fəallıq artacaq, insanların sosial müdafiəsi lazımi səviyyədə təmin ediləcək".
Göründüyü kimi, dövlət başçısı yuxarıda qeyd olunan bütün məsələlərə ictimai nəzarət mexanizmlərinin tam olaraq tətbiqini və mətbuatın bu işlərə yaxından dəstək verməsini xüsusi olaraq qeyd etməklə, bir daha belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, qısa zaman kəsimində bu bəlanın kökü ölkədə tamamilə kəsiləcək.
R.HÜSEYNOVA