PDF Oxu

Siyasət

  • 26

Azərbaycanın dünya birliyindəki mövqeləri güclənir

Azərbaycanın dünya birliyindəki mövqeləri güclənir

Prezident İlham Əliyev Davosda bir sıra mühüm görüşlər keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 20-də xanımı Mehriban Əliyeva ilə birlikdə İsveçrəyə işgüzar səfərə gəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda "Lazard Avropa" şirkətinin vitse-prezidenti Metyu Piqas ilə görüşüb. Prezident İlham Əliyev Azərbaycan ilə "Lazard Avropa" şirkəti arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğuladı.

"Cənub qaz dəhlizi" layihəsinin maliyyələşdirilməsi üzrə ölkəmizin maliyyə məsləhətçisi olan "Lazard Avropa" şirkətinin vitse-prezidenti Metyu Piqas bildirdi ki, Azərbaycan yüksək reytinqə malikdir. O qeyd etdi ki, Azərbaycanda aparılan islahatlar ölkənin imicinə yaxşı təsir edir və nəticədə əlavə maliyyə resurslarının cəlb olunması imkanlarını genişləndirir. Söhbət zamanı Azərbaycan ilə "Lazard Avropa" şirkətinin işgüzar münasibətləri müzakirə edildi, digər sahələrdə də potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev yanvarın 20-də Davosda Rusiyanın "LUKOIL" şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb. Görüşdə qeyd olundu ki, "LUKOIL" şirkəti iyirmi ildən artıqdır Azərbaycanda uğurla fəaliyyət göstərir və etibarlı tərəfdaşdır. "LUKOIL" şirkəti uğurla icra edilən "Şahdəniz" layihəsinin iştirakçısıdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə "LUKOIL" arasındakı əməkdaşlıq artıq yeni sahələri əhatə edir. Söhbət zamanı Azərbaycan ilə "LUKOIL" şirkəti arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 20-də Davosda həmçinin Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə də görüşü olub. Baş nazir Əhməd Davudoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamını dövlətimizin başçısına çatdırdı.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olundu. Yüksək səviyyədə mütəmadi görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edildi. Beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın və Türkiyənin birgə iştirakının önəmi vurğulandı. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısının salamına görə minnətdarlığını bildirdi, onun da salamını Prezident Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.

Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşü olub. Görüşdə "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarının işlənilməsində Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olundu. Həmçinin Abşeron yarımadasının dayaz sulu hissəsində geoloji kəşfiyyat işlərinin aparılması sahəsində işlərin uğurla davam etdirildiyi vurğulandı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda İran İslam Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian ilə görüşüb. Görüşdə Azərbaycan ilə İran arasında son illərdə dinamik inkişaf edən ikitərəfli əlaqələrin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olundu. Məhəmməd Nəhavəndian İran Prezidenti Həsən Ruhaninin salamını və xoş arzularını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırdı.

Dövlətimizin başçısı İrana qarşı tətbiq edilən sanksiyaların götürülməsi münasibətilə İran Prezidentinə və xalqına təbriklərini çatdırdı. Azərbaycan Prezidenti bildirdi ki, bu, ölkələrimiz arasındakı əməkdaşlığın bütün sahələrdə daha sürətli inkişafına töhfə verəcək. Prezident İlham Əliyev, həmçinin qeyd etdi ki, Azərbaycan-İran əlaqələri ölkələrimizin maraqlarına xidmət etməklə yanaşı, regionda sabitliyin və təhlükəsizliyin daha da möhkəmlənməsi işinə töhfə verəcək.

Söhbət zamanı birgə layihələrin həyata keçirilməsi ilə bağlı da geniş fikir mübadiləsi aparıldı. Bank, nəqliyyat və digər istiqamətlərdə iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün geniş imkanların olduğu vurğulandı. Sanksiyaların götürülməsindən sonra İranın imkanlarının genişləndiyini vurğulayan Məhəmməd Nəhavəndian bildirdi ki, Azərbaycan ilə İran bundan istifadə edərək digər ölkələrin də iştirakı ilə yeni layihələr reallaşdıra, əməkdaşlığı daha da dərinləşdirə bilər.

Görüşdə Azərbaycan ilə İran arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin region üçün böyük əhəmiyyət daşıdığı bildirildi. Həmçinin sənaye, elektrik stansiyalarının tikintisi, sərmayə qoyuluşu və digər sahələrdə yeni layihələrin həyata keçirilməsi imkanları müzakirə edildi. Terrorizmə qarşı səylərin birləşdirilməsinin regionda təhlükəsizliyin və sabitliyin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti vurğulandı. Prezident İlham Əliyev İran dövlətinin başçısının salamına görə minnətdarlığını bildirdi, onun da salamının Prezident Həsən Ruhaniyə çatdırılmasını xahiş etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 21-də Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşü olub. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edildi. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun önəmi qeyd edildi, bu baxımdan "Cənub qaz dəhlizi" layihəsinin əhəmiyyəti vurğulandı. Həmçinin "Cənub qaz dəhlizi" layihəsinin uğurla reallaşdırıldığı qeyd olundu, bu layihənin həyata keçirilməsinə Avropa Komissiyası tərəfindən tam dəstəyin göstərildiyi bildirildi.

Prezident İlham Əliyevin yanvarın 21-də Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşü olub. Görüşdə Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirildi, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar barədə fikir mübadiləsi aparıldı. Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğu vurğulandı, bu baxımdan yeni imkanlar müzakirə edildi.

Prezident İlham Əliyevin yanvarın 21-də Davosda "Microsoft Corporation" şirkətinin vitse-prezidenti xanım Syuzan Hauser ilə görüşü olub. Görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sisteminin uğurla inkişaf etdiyi və bu sahənin böyük önəm daşıdığı qeyd olundu. "Microsoft Corporation" şirkətinin Azərbaycanda bu sahəyə böyük diqqət yetirdiyi məmnunluqla vurğulandı. Azərbaycan iqtisadiyyatının modernləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin mühüm rol oynadığı qeyd edildi, bu baxımdan təhsilin, kosmik sənayenin prioritet sahələr olduğu bildirildi. Həmçinin Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə kənd təsərrüfatı sahəsində pilot layihələrin həyata keçirildiyi qeyd edildi. Söhbət zamanı Azərbaycan ilə "Microsoft Corporation" şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda "Procter and Gamble Europe" şirkətinin prezidenti Geri Edrü Kumbe ilə görüşüb. Görüşdə "Procter and Gamble Europe" şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd edildi. Söhbət zamanı Azərbaycan ilə bu şirkət arasında əməkdaşlığın daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı. Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü olub. Görüşdə Azərbaycan ilə İsrail arasında münasibətlərin inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Digər xəbərlər